beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İNSANLIQLA YAŞID

Söz insandan öncə yaradıldı: Əvvəlcə kəlam, sonra isə İnsan yaradılıb. Elə məhz ona görə də kəlam insandan böyükdür.
Allah “OL!” dedi, bütün varlıq aləmi də əmrə təslim olaraq “olmağa” başladı. “Olunca” da zikr və təqdis edərək Rəbbinə ibadət etdi. Günəş şüası, ay nuru, yer təvafı, gül ətri... İNSAN QULLUĞU ilə ibadətdədir.

Allah insanı yaratdı və ona dəyər verərək onunla danışmağa başladı. Ona “olar -olmaz”, “yaxşı - pis”, “gözəl - çirkin” anlayışlarını aşıladı, onların tərifini insanın ixtiyarına vermədi, Özü dəyərləndirdi. Axirətdə Özünün dəyərləndirdiyi bu ölçü ilə insanoğlunu hesaba çəkəcəyini də öncədən ona bildirdi. Bu dəyərlər bütününə İslam adını verdi, insanlığı İslama dəvət etdi. Mesajlarını bütün insanlara yönəltdi.
Allah yaratdı və yaratdığı hər bir varlığa da yaradılış məqsədini, yaradılış qayəsini açıqladı.
Doğrudur bəzən nəyi, niyə yaratdığını insana açıqlamaz. Açıq ayydın dəlillərlə bildirməz. Bəzən gizli simvollarla izah edər, onları düşünərək dərk etməyimizi istəyər. Bəzən onların mənasını dərk edə bilməyəcəyimizi, onların mütəşabih ayələr olduğunu söyləyər, mənalarının yalnız Özü bilər. Bunun sirri yalnız Onun qatında gizli qalar. Ölüncə öyrənəcəyimiz bir şeylərin də olduğunu anlayarıq...

Yaratdıqlarına özəl diqqət ayırmağımızı istədikdə isə onlara xüsusi vurğu vurar:
And olsun günəşə.
And olsun aya.
And olsun on günə.
And olsun qədr gecəsinə...

Allah bütün bunlara da niyə and içdiyini bəzən açıqlayar, bəzən isə açıqlamaz. Bizim dərk etməyimizi, anlamağımızı, bunu düşünməyimizi istəyər. Onların bizim taleyimizdə, həyatımızdakı önəminə vurğu vurar. Bəzən and içdikləri axirətdə bizə şahid olarlar. Yəni şahidlərimizi bizə göstərər...

Bəzən seçər:
Məxluqatın içindən İnsanı.
Mələklərin içindən Cəbrayılı (a.s).
Rəsullar içindən Muhəmmədi (s.a.s).
Kitablar içindən Quranı.
Şəhərlərin içindən Məkkəni.
Məbədlərin içindən Kəbəni.
Günlərin içindən cüməni.
Gecələrin içindən qədr gecəsini.
Ayların içindən Ramazanı.
İbadətlərin içindən həcci...
Bunların da səbəblərini bəzən açıqlayar, bəzən isə yox.

Quranın nazil olduğu ay olduğu üçün aylar içində Ramazana sultan deyər. Qurandan öncə də kitablar göndərilmişdi: Tövrat, İncil, Zəbur... Lakin Qurana başqa bir özəllik, başqa bir dəyər verməklə onu daha öncə göndərilən kitablardan ayırdı, onu Öz qoruması altına aldı. Hərfinə belə toxunmağa heç kimə səlahiyyət vermədi. İlk göndərilən kitablardakı vəhyi də ehtiva edən Quran insanlıq üçün tamamlanmış, qiyamətə qədər dəyişdirilməyəcək son mesaj oldu.

Cəbyaıl (a.s) Rəsullarla Allah arasında elçi olmaq üçün seçildi. Allah bir çox qulu ilə onun vasitəsi ilə danışdı. Musa Peyğəmbər istisna olunmaqla bütün Peyğəmbərlərə vəhy Cəbrayıl (a.s) vasitəsi ilə göndərildi.

Muhamməd (sas) bütün insanlıq üçün göndərilən, aləmlərə rəhmət, Həbibullah bir elçi olaraq digər peyğəmbərlərdən seçildi. Ondan öncə gələn nəbilər, rəsullar qövmləri üçün göndərilsə də o Aləmlərə rəhmətin təcəllisi olaraq bütün insanlığa göndərildi.

Şəhərlərdən Məkkəni, məbədlərdən Kəbəni seçərək yalnız iman edənləri deyil bütün insanları həccə çağırdı. “Ey insanlar!” deyə xitab edərək insanların hər birinə dəvatnamə göndərdi.

Bir də orucu seçdi.
Oruc da İslamla deyil insanlıqla yaşıd olan bir ibadətdir. Ona görə də ayədə “sizdən öncəkilər kimi sizə də fərz qılındı” deyilir. Bizdən öncəkilər... Bizdən sonrakılar... Yəni bütün insanlıq...

Bizdən öncə də oruc tutublar, bizdən sonra da tutacaqlar. Lakin heç biri təkrar olmayacaq. Necə ki, Ramazan ayı təkrar deyil, yəni əvvəlki Ramazan ayının təkrarı olmur, daha doğrusu ola bilmir... Hər il 10 gün zaman dəyişikliyi etməklə, ilin bütün fəsillərini, ilin bütün aylarını gəzir. Bəzən bir insan ömrü eyni ayda, eyni gündə başlayan Ramazanı təkrar yaşamağa yetərli deyil. Təkrarı olmayan bir Ramazanla qarşılaşdığımız, təkrarsız bir ayı yaşamağa məcbur olduğumuz kimi, bir – birini təkrarlamyan oruc tutmaqla da mükəlləfik. Peyğəmbərimiz də elə demirdimi:
“İki günü eyni olan ziyandadır”. İki günün eyniliyi ziyandırsa, iki Ramazan eyni ola bilərmi? Ramazanlar eyni deyilsə bir mömin iki günü eyni olan oruc tuta bilərmi?

Təkrarı olmayan Ramazanda təkrarı olmayan ibadətlər etməklə mükəlləfik. O zaman yeniliyə doğru bir addım ataq. Ramazanı Ramazana layiq bir şəkildə təkrarsız qarşılayaq.
Gedərkən üzülməmək üçün, gələrkən Ona layiq olmağa çalışaq. Qarşıladığımızın bir SULTAN olduğunu unutmayaq. Sultan Sultanlara layiq qarşılanmazsa Sultandan Sultanlara layiq mükafat gözləmək əbəsdir.

Hamılıqla birlikdə xeyirli Ramazanlara.


Tarix: 06.01.2013 / 15:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 814 Bölmə: Ramazan