beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahruxla mübarizə

Qaraqoyunlu dövlətinin ən güclü düşməni Xorasanda qərar tutmuş Teymuri hökmdarı Şahrux idi. 1419-cu ildə Qara Yusif böyük ticarət əhəmiyyəti olan Sultaniyyə və Qəzvini tutdu. Qaraqoyunluların şərqə irəliləməsi Şahruxu qəti tədbirlərə əl atmağa sövq etdi. O, 1420-ci ilin yayında 200 minlik qoşunla Azərbaycana tərəf hərəkət etdi. Lakin Qara Yusif də geniş hərbi hazırlıq görmüşdü: atlı qoşunla yanaşı burada ilk dəfə olaraq piyada döyüşçülər (Təbriz vilayətinin oturaq əhalisi, kəndlilər) ordu sıralarına cəlb edilmişdilər. Şahruxun Təbrizə göndərdiyi elçisinin Qara Yusif tərəfindən həbs edilməsi, Qara Yusifin döyüş məqsədilə paytaxtdan çıxması xəbəri Şahruxun ordusunda böyük həyəcan və təlaş doğurmuşdu. Şahrux qüdrətli sərkərdə kimi geniş şöhrət tapmış Qara Yusifdən ehtiyat edirdi. Qara Yusif yaxşı silahlanmış güclü qoşunu üçün baxış təşkil etmişdi. Teymuri tarixçiləri bu ordunun "günəşin zərrələri və buludun damlaları qədər saysız-hesabsız" olduğunu göstərirlər. Lakin əslində Qara Yusifin qoşununun sayı 50 mindən çox deyildi. Təbrizdən düşmən qarşısına çıxmış Qara Yusif yolda ikən ağır xəstələndi və qəflətən vəfat etdi.


Tarix: 03.02.2015 / 18:50 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Qaraqoyunlular