beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara Yusif

Arxa plan
Qaraqoyunlu və Ağqoyunlu adlanan oğuz mənşəli tayfa birləşmələri XIII əsrdən etibarən Anadoluda yanmköçəri həyat sürürdülər. Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların cəmləşdiyi bölgə isə Diyarbəkir idi. Hər iki tayfa birləşməsi "türkman" adlanan eyni etnik qrupa mənsub olub, ünsiyyət vasitələri Azərbaycan dilinin cənub ləhcəsi idi. Bu tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu ehtimal edilir. Həmin tayfalara məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının zəmanəmizədək çatdığı məlumdur. Qaraqoyunluları və Ağqoyunluları təşkil edən tayfa və boyların bu əraziyə Orta Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə bağlayırlar. Lakin onların Azərbaycana və Qərbi İrana köçməsini daha erkən dövrə (VIII-IX əsrlər) aid etməyə müəyyən əsasımız vardır. Ehtimal etmək olar ki, həmin etnik qruplar monqol işğalı dövründə Azərbaycan və İrandan qərbə doğru hərəkət etməyə məcbur olmuş, Kiçik Asiya, İraq və Suriyada məskunlaşmışdılar. Qaraqoyunluları təşkil edən əsas tayfalar bunlardır: Baharlı, Sədli, Qaramanlı, Alpout, Duharlı, Cagirli, Hacili, Ağacəri. Bu tayfalar arasında Baharlı və Sədli oymaqlarının siyasi rolu müstəsna olmuşdur. Sədli oymağının qədim vətəni Naxçıvan və Sürməli idi. Qaraqoyunlular XIV əsrin sonlarında Şərqi Anadoluda bəylik yaratmış və onun əsasını qoyan şəxs Bayram Xoca olmuşdur. Baharlı oymağının rəisi olmuş Bayram Xoca Cəlairi Sultan Üveysin Təbriz sarayında nüfuzlu əmirlərdən biri idi. Onun oğlu Qara Məhəmməd qızını Sultan Əhmədə verərək sülalə əlaqələrini möhkəmlətmişdi. Qaraqoyunluların Azərbaycanda hakimiyyətinin möhkəmlənməsində Cəlairi əmirlərinin böyük rolu olmuşdur. Teymurun ölümündən sonra Miranşah və onun böyük oğlu Əbubəkr zahirən Ömərin hakimiyyətini qəbul etdilər. Lakin Ömər hakimiyyətinə qəsd olacağını düşündüyü üçün Sultaniyyəyə onun yanına gəlmiş Əbubəkri həbs etdirdi. Qala keşikçiləri ilə dil tapıb həbsdən azad olan Əbubəkr atası Miranşahla Xorasanda qoşun topladı. Şirvanşah I İbrahimə qarşı yürüş etmiş Ömər şəhərdə olmadığı üçün Əbubəkr Sultaniyyəni ələ keçirdi və maneəsiz Təbrizə daxil oldu. Cənubi Azərbaycan Əbubəkr və Ömərin arasında gedən qanlı toqquşmalar meydanına çevrilmişdi. Təbriz əldən-ələ keçir və şəhərin sakinləri qətl və qarətlərə məruz qalırdı. Lakin təbrizlilər işğalçılara qarşı mübarizədə böyük hünər və mətinlik göstərərək onları şəhərdən çıxmağa məcbur etdilər. Mənbələrdə Təbrizin müdafiəsinin təşkilində Qazi Qiyasəddin, Əbdül Möhsün Qəzvini, Şeyx Əxi Qəssab və Qazi İmadəddinin qeyrət və bacarığı xüsusi qeyd olunur.


Tarix: 03.02.2015 / 18:48 Müəllif: Feriska Baxılıb: 179 Bölmə: Qaraqoyunlular