beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vəli Vəlizadə

Həyatı
Vəli Abdulla bəy oğlu Vəlizadə 15 mart 1911-ci ildə Azərbaycanın dilbər guşəsi Şuşada anadan olmuşdur. Körpə ikən atasını itirən Vəli Vəlizadə anası Salatın xanım Vəliyevanın himayəsində böyümüşdür. Onun təlim-tərbiyəsi ilə zəmanəsinin savadlı adamlarından sayılan əmisi Məşədi Abbas bəy Vəlizadə məşğul olmuşdur.

Vəli Vəlizadənin ata babası Məşədi Əsədulla bəy Qarabağın varlı tacirlərindən idi. Məşədi Əsədulla bəy Əzəd xanımla ailə həyatı qurmuş, altı oğul, iki qız övladı olmuşdur. Vəli Vəlizadənin atası Abdulla bəy Məşədi Əsədulla bəyin dördüncü oğul övladı idi.

Onun atası ilə yanaşı anası da Baharlı tayfasının övladlarından idi. O, hər iki tərəfdən Mirzə Vəli bəy Baharlının nəslindəndir. Onun ata babası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəyin oğlu, ana babası Adıgözəl bəy İbrahim bəyin nəvəsidir.

Vəli Vəlizadə Şuşada 7 illik məktəbi bitirdikdən sonra 1926-1930 illərdə N.Nərimanov adına Bakı Sənaye Texnikumunda oxumuşdur.

Vəli Vəlizadə 1930-1937 illərdə Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Dəmir beton konstruktorları ixtisası üzrə təhsil almışdır.

O, II Dünya Müharibəsi başlandığı gün ehtiyatda olan zabit kimi Sovet Ordusu sıralarına səfərbərliyə alınmış, lakin döyüşlərin birində yaralandığı üçün ordu sıralarından azad olunmuşdur.

Vəli Vəlizadə uzun illər texniki peşə təhsili sistemində pedaqoji fəaliyyət göstərmişdir.

Vəli Vəlizadə Azərbaycanın qabaqcıl pedaqoqlarından sayılırdı. Ona 1965-ci ildə Azərbaycanın əməkdar müəllimi fəxri adı verilmiş, SSRİ-nin müxtəlif orden (Şərəf nişanı ordeni), medalları ilə (Böyük Vətən Müharibəsində “Əmək rəşadətinə görə” medalı, Qafqazın müdafiəsinə görə medalı, Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə medalı, V.İ.Leninin anadan olmasının 100 illiyinə və rəşadətli əməyə görə medalı) təltif edilmişdir.

Vəli Vəlizadə Nəsibə xanım Seyfulla bəy qızı Mahmudbəyova-Vəlizadə (1916-1997) ilə ailə həyatı qurmuşdur. Nəsibə xanım uzun illər 7 saylı orta məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmuş, onlara riyaziyyat və fizika fənlərini tədris etmişdir. Nəsibə Mahmudbəyova-Vəlizadə Azərbaycanın ictimai-mədəni həyatında aparıcı rol oynamış Şamaxıda Mahmudbəyovlar kimi tanınan nəslin övladı idi.

Vəli Vəlizadə 15 avqust 1983-cü ildə Bakıda vəfat etmiş, vəsiyyətinə görə Ağdamın I Baharlı kəndində anasının məzarı yanında torpağa tapşırılmışdır.

Fəaliyyəti
Vəli Vəlizadə 1937-ci ildən əmək fəaliyyətinə başlamışdır.O, SSRİ Ağır Sənayesi Nazirliyinin əmrinə əsasən 1938-ci ilin yanvar ayının 1-dən sentyabr ayının 20-nə kimi Sumqayıt Elektrik Stansiyasının tikintisi üzrə tikinti mühəndisi işləmişdir. O, 1938-1939 illərdə Sumqayıt rayon Zəhmətkeş Deputatları Sovetinin sədri, 1939-1941 illərdə Bakı şəhəri Çaparidze rayonunda baş mühəndis vəzifələrində çalışmışdır.

Sovet Ordusu sıralarından geri çağrıldıqdan sonra Vəli Vəlizadə uzun illər texniki peşə təhsili sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmış, Azərbaycanın aparıcı rəhbər işçilərindən biri olmuşdur. O, 1941-1947 illərdə Respublika əmək ehtiyatları idarəsində baş inspektor, tədris istehsalat şöbəsinin rəisi, 1947-1951 illərdə Bakı şəhərində Bədii Sənət Məktəbinin tədris-istehsalat işi üzrə direktor müavini, 1951-1961 illərdə Bakı Şənaye Texnikumunda müəllim və tədris –istehsalat işi üzrə direktor müavini, 1961-1967 illərdə Bakı şəhəri 16 nömrəli şəhər Texniki Peşə Məktəbinin tədris-istehsalat üzrə direktor müavini vəzifələrində işləmişdir.

SSRİ Nazirlər Sovetinin Dövlət Peşə-Texniki Təhsili Komitəsinin sədri A.A.Bulqakovun əmrinə əsasən Vəli Vəlizadə 25 sentyabr 1967-ci ildə Texniki Peşə Təhsili Tədris Müəssisələri İşçilərinin Mühəndis Pedaqoji İxtisasartırma İnstitutunun Bakı filialının direktoru vəzifəsinə təyin edilmişdir. Vəli Vəlizadə 13 ilə yaxın bu vəzifədə çalışdıqdan sonra 18 fevral 1980-cı ildə fərdi təqaüdə çıxmışdır.


Tarix: 03.02.2015 / 18:29 Müəllif: Feriska Baxılıb: 151 Bölmə: Qaraqoyunlular