beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dvin kilsə yığıncağının qətnaməsində pavlikanlar

Movses Xorenski bu iki vilayət əhalisinin həyəcan və narazılığını qeyd etmişdir; o yazır ki, "Balasakan ölkələrində bir yalançı nəzəriyyə çox yayılmışdı və Girdiman vadisində də həmin bidətin ardıcılları var idi". Bunu Moisey Kalankatlı da təsdiq edir. Erməni katolikosu İlyanın xələfi katolikos Odzunlu İohann (717-728) "pavlikianlara qarşı" xüsusi məktub yazmışdır və bu məktub pavlikianları pisləmiş Dvin kilsə yığıncağının "32 qaydasının" əsasını təşkil etmişdir: "Pavlikianlar adlanan murdar msxne təriqətçilərinə öz evində yataq yeri vermək, yaxud onlara qoşulmaq, onlarla oturub-durmaq, söhbət etmək olmaz, əksinə, onlardan tamamilə uzaqlaşmaq, iyrənmək və onlara nifrət etmək lazımdır, çünki onlar şeytan balası və əbədi atəşin közərtiləridir; əgər birisi onlara qoşulub onları sevərsə və onlarla dostluq edərsə, belələrinə işgəncə və ağır cəza vermək lazımdır, həm də o qədər ki, onların etiqadları sağlam olsun və möhkəmlənsin. Əgər onlar yenidən belə əməl tutsalar, əmr edirik, belələrini vəba xəstəliyinə tutulanlar kimi, xristian kilsəsi üzvlərindən ayırıb atsınlar".

St.T.Melik-Baxşyan, habelə bir sıra digər ermənişünaslar belə zənn edirlər ki, Dvin yığıncağının qətnaməsində adları çəkilən pavlikianlardan "sonralar təhlükəli bir qüvvə" kimi bəhs edilmir . Lakin Gevondun "Tarix"ində bu kimi fıkirləri rədd edən məlumat vardır. Gevond "günahkar oğullar"dan danışır. Q.Bartikyan belə hesab edir ki, bunlar ancaq pavlikianlar ola bilər. Görünür, pavlikianlar 768-ci ildə Partav kilsə yığıncağının qətnamələrində adı çəkilən bidətçilərdən ibarətdir; həmin qətnamədə belə deyilir:

"Qoy kilsələrdə maneəsiz olaraq vardapetlər (müəllimlər) təyin olunsunlar ki, Allahın idrak təliminə maneçilik göstərilməsin və kilsələri pozan təfriqətçi bidət onlara sirayət etməsin"
— Matenadaran əlyazması № 6409, səh. 94 b (Q.Bartikyanın tərcüməsi)
Pavlikanların ərəblərə qarşı mübarizəsi
Ərəb müəlliflərinin verdiyi məlumatda elə hadisələrə və insanlar fəaliyyətinə təsadüf edirik ki, bunlar pavlikianların fəaliyyətinə çox oxşayır. VIII-IX əsrlərdə Beyləqan əyalətinin əhalisi ərəblərə möhkəm itaətsizlik gostərirdilər: bu hal Albaniyada bidətçilərin, xüsusilə pavlikianların böyük fəaliyyətinin nəticəsi idi. Məsələn, Bəlazuri yazır:

"Xəlifə Əbü-l-Abbasın (750-754) hökmranlığı zamanı Beyləqan əhalisi üsyan qaldırıb Gilab qalasına girmişdi; onların başçısı Kabad ibn Asəf əl-Beyləqani idi"
— Əl-Bəlazuri, səh. 209.
Yəqubi də bu hadisədən bəhs edir, lakin əlavə edir ki, "Gilab qalasına çoxlu avara toplanmışdı" və bunların başçısı Vard ibn Səfvan əs- Sami idi. Yəqubi "avaralar" deyəndə, Gevondun "günahkar oğullar" adını verdiyi adamlara oxşar insanları nəzərdə tuturdu. Daha sonra Yəqubi bildirir ki, xəlifə Harun ər-Rəşidin (786-809) dövründə Beyləqan əhalisi, Bərdəyə gəlmiş xəlifə canişinin əleyhinə yenidən üsyan qaldırdılar.

Pavlikanların Ablasada, Yesai Əbu Musaya və Babəkə qarşı mübarizəsi
"Ağvan tarixi"nin K.Patkanov tərəfindən edilmiş tərcüməsinə daxil olmayan bir neçə səhifəsində aşağıdakı məlumat vardır:

"Həmin günlərdə (841/2-ci ildə) balakanasik beyləqanlılar (?) gəldilər və Sisan Dzor və Amaras mahallarını talayıb viran etdilər, Əbu Musa adlanan Yesai onlara qarşı qalxdı və onları [tamamilə] əzdi"..
M.M.Altman yazır ki, "naməlum" baylakanlıların "basqını haqqında digər mənbələrdə məlumat yoxdur". Sonrakı tədqiqatlar bu nəticənin düzgün olmadığını göstərdi. Belə ki, mənbələrdən biz bilirik ki, Ərəb Xilafətinə qarşı xürrəmilərin azadlıq hərəkatının rəhbəri Babək Alban knyazı Səhl ibn Sumbat və Ablasadın və Vasakın qoşunları ilə Balasakan vilayətindən keçərək birləşməyə gedərkən vilayət əhalisi arasında həddən artıq töycü yığdıqları üçün, balasakanlılar 827/8-ci ildə Babəkə qarşı üsyan qaldırdılar. Bu üsyan müvəffəqiyyətsiz oldu. M.Kalankatuklu bildirir ki, "830/1-ci ildən bir az əvvəl balasakanlılar Bercor mahalına və Artsak əyalətinin Ureas, Karnakaş, Həkəri və Tapat kəndlərinə hücum etdilər, lakin Babəkin köməyi ilə Stepannos Ablasad tərəfindən darmadağın edildilər".

830/1 -ci ildə Ablasad öldürüldükdən sonra balasakanlılar yenidən üsyan qaldırıb Qorozu tutdular və orada öz mövqelərini möhkəmlətdilər. M.Kalankatuklunun dediyinə görə, balasakanlılar bu dəfə Albaniyanın aşağıdakı vilayətlərini 12 il ərzində əllərində saxlamışlar: Verin Vaykunik, Bercor, Sisakan (və Kotak), Mive (Haband), Amaras, Pazkank, Mxank və Triqavar. Yalnız 12 il keçəndən sonra, təqribən 841/2-ci ildə "Ablasadın adamları onun qatilini tutub işgəncə ilə öldürdülər. Ablasadın qardaşı oğlu, Əbu Musa adlanan Yesai dinclik sevən bir kişi idi; o bu vilayətləri ələ keçirdi və hamıya hökmranlıq etdi. Yenə həmin ildəBaban (Babək) Araz çayını keçərək, Amaras vilayətində düşərgə saldı".

Lakin Qoroz qalası yanaşılmaz olduğundan, Babək onu ala bilmədi, buna görə də mühasirədə olanlara "sülhdən danışmağa" başladı. Balasakanlıları təslim olmaq üçün dilə tuta bilməyən Babək Bəzzə qayıtdı və sərkərdələrdən Rostomu öz yerində qoyub əmr etdi ki, "qala ilə vuruşmasın, əksinə, onları (balasakanlıları – Z.B) xoşluqla itaətə cəlb etsin". Lakin Rostom Babəkin əmrini yerinə yetirməyib Qoroz qalasına hücum etdi, onda "qalanın mərdləri [əhalisi] Babəkin ordusunu böyük məğlubiyyətə düçar etdilər". Şübhəsiz, "Ağvan tarixi"nin nəşr edilməmiş parçasında adı çəkilən və 840/1-ci ildə Yesai Əbu Musa tərəfindən darmadağın edilən balakanasik ilə 830/1-ci ildə üsyan qaldıran balasakanlılar – eyni adamlardır. Bunda heç bir şübhə ola bilməz.

B.F.Minorski yazır ki, balasakanik adını Beyləqan adı ilə əlaqələndirmək imkanı onu çox həvəsləndirir, lakin o, Paytakaran (erm. əyalət adı) ilə Beyləqan arasında filoloji eyniyyət olduğuna tamamilə yəqinlik hasil etməmişdir. Lakin daha sonrakı mənbə ilə tanış olduqda B.F.Minorskinin şübhələri aradan qalxır. Stepannos Orbelian bildirir:

"Balasakan vilayətinin əhalisi Babana tabe olmaqdan boyun qaçırtdılar, buna görə də o, albanlı Ablasadın köməyi ilə vilayəti rəhmsizcəsinə talayıb viran etdi, hətta qadın və məsum uşaqları qırdı"
— Historie de la Siounie, p. 93-97.
Hərçənd B.F.Minorski belə hesab edir ki, Orbelian bu məsələdə səhv buraxa bilər, lakin buna baxmayaraq, o inkar etmir ki, Balasakan ilə Beyləqanın yeri bir-biri ilə düz gəlir. Z. Bünyadov isə qeyd edir ki, "Ermənistan coğrafıyasında, Paytakaran, Muğan çölündəki Balasacan olan yerdə göstərilmişdir"

Beləliklə, mütəxəssislər qeyd edirlər ki, balasakanlılar və ya balasakacik (beyləqanlılar) Beyləqan və ya Paytakaran əhalisi idi. Babəkin Ablasad, Səhl və Yesai Əbu Musa ilə ittifaq bağlamış olmasına baxmayaraq, bu vilayətin əhalisi Babək əleyhinə üsyan qaldırdı, çünki Babək, öz fəaliyyətinin məhz bu dövründə, xürrəmilərin Xilafətdən qoparıb ayırdıqları çox geniş ərazi üzərində təsirli nəzarət həyata keçirmək iqtidarında deyildi. Həmin balasakanlılar və ya beyləqanlılar – pavlikian ola bilərdilər; çünki onlar IX əsrin ortalarınadək elə ciddi bir qüvvə idilər ki, istər Babəkin müttəfıqləri olan yerli knyazlar, istərsə Xilafət onlarla hesablaşmalı olurdular.

Hərəkatın sonu
Sonralar, ehtimal ki, pavlikianların hamısı və ya bir hissəsi qırılıb tükənmək və ya müsəlmanlaşdırılmaq təhlükəsinin təsiri altında Beyləqandan Bizansa köçə bilərdi, az hissəsi isə islam dinini qəbul edərək, assimilyasiyaya məruz qalmışdı. Bunu aşağıdakı fakt təsdiq edir: De Quye Kudamanın əsərlərini nəşr edərkən, ona məlum olmayan bir dini təriqətin adına rast gəlmiş və onun transkripsiyasını naylakani və ya naykalani şəklində vermişdi. Lakin le Strenc bu təriqətin adını baylakani şəklində oxumağı təklif etdi, Quye də dərhal bununla razılaşdı. Məlum oldu ki; bu təriqət pavlikianlar təriqəti idi və Kudamanın əsərində onların adı "baylakani", yəni beyləqanlılar şəklində idi. Melik-Baxşyan bu faktı qeyd edərkən yanlış olaraq belə hesab edir ki, "baylakani" sözünün bu cür oxunuşunu A.A.Vasilyev təklif etmiş və onun düzəlişini də de Quye etmişdir. Lakin bu düzəlişi Le Strenc təklif etmişdir.

A.Vasilyev də öz qeydində ona əsaslanır. Bundan əlavə, Məsudi müxtəlif xristian kilsələrindən danışarkən "baylaqani" (əlbəyaliqə) də olduğunu qeyd edir və göstərir ki, bunların hətta Abrik qalası adlı öz paytaxtları var idi.

Başqa bir əsərdə yenə də Məsudi belə məlumat verir:

"...baylakani (bəyaliqə) təriqəti və onun təlimindən danışaq. Bu təriqət xristianlarla atəşpərəstlər arasında orta bir yer tutur. Hazırda onlar köçmüşlər və yunan milləti içərisində yaşayırlar"
— Əl-Məsudi, Muruc, VII, səh. 74-75
Bizansda yerli hakimiyyət orqanları tərəfındən sıxışdırılan pavlikianlar ərəb qoşunlarının işğal etdiyi əraziyə keçdilər və yalnız pavlikian qalaları tutulduqdan və Melitenanın ərəb əmiri Ömər ibn Abdullah üzərində qələbə çalındıqdan sonra pavlikianların bir hissəsi bizanslılar tərəfındən Frakiya və Konstantinopola köçürüldülər Beləliklə, Albaniyada Girdiman və Beyləqanı (Balasakan, Paytakaran) pavlikianların vətəni hesab etmək edilir. Bu vilayətlər uzun zaman, həm yerli feodallara, həm də yadelli basqınlara qarşı qüdrətli xalq hərəkatının mərkəzi olmuşdur.


Tarix: 02.02.2015 / 13:57 Müəllif: Feriska Baxılıb: 126 Bölmə: Qafqaz Albaniyası