beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yusif Yusifov (alim)

Yusif Bəhlul oğlu Yusifov (d. 23 sentyabr 1929, Vedi mahalı, Qərbi Azərbaycan, SSRİ - ö. 4 yanvar 1998, Bakı, Azərbaycan) — görkəmli Azərbaycan tarixçisi, şərqşünas, türkoloq, dilçi, mixi yazılar üzrə mütəxəssis, toponimikaçı, elamşünas, Azərbaycanda qədim Şərq tarixinin tədqiqinin əsasını qoyan, nadir ixtisaslı alimlərdən biri.

Elam tarixinə aid araşdırmaları onu dünyanın tanınmış şərqşünas alimləri ilə bir sıraya qoydu, Azərbaycan tarixi üzrə çoxsaylı əsərləri isə tariximizin bir çox qaranlıq səhifələrinə işıq saçdı və yeni istiqamətdə əvəzsiz rol oynadı.
Həyatı
Yusif Bəhlul oğlu Yusifov 1929-cu il sentyabrın 23-də Qərbi Azərbaycanın (hazırkı Ermənistan) Böyük Vedi mahalında anadan olmuşdur. Qədim Oğuz yurdu Vedidə boya-başa çatan Yusif Yusifov 1946-cı ildə İrəvanda Azərbaycan Pedaqoji Texnikumunu bitirdikdən sonra təhsilini dünyanın tanınmış şərqşünaslıq mərkəzlərindən olan Leninqrad (hazırda Sankt-Peterburq) Universitetində davam etdirmiş və orada qədim Şərq dilləri (şumer, akkad, elam, iran) üzrə yüksək filoloji hazırlıq keçmişdi. 1952-ci ildə Universitetin İran filologiyası şöbəsini bitirən Yusif Yusifov vətənə qayıdır və 1952-1953-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix və Fəlsəfə İnstitutunda əmək fəaliyyətinə başlayır. Lakin tezliklə qədim Şərq tarixinə maraq və Universitetdə aldığı zəngin biliyi elmi-tədqiqat sahəsində reallaşdırmaq arzusu gənc Yusifi yenidən Leninqrada çəkir. 1953-1956-cı illərdə o, Leninqrad Dövlət Ermitajında görkəmli şumerşünas və assurşünas İ. M. Dyakonovun rəhbərliyi ilə aspiranturada təhsilini davam etdirir, dünya tarixşünaslığında az öyrənilmiş mövzulardan olan Elam tarixini mövzusu kimi seçir. Yusif Yusifovun Elam tarixinin son dövrünə aid ilk irihəcmli məqalələri və 1958-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyası görkəmli şərgşünas alimlərin diqqətini cəlb edir, onu nüfuzlu elamşünas alim kimi tanıdır.

Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra vətənə tanınmış, elimdə öz sözü və istiqaməti olan alim kimi dönən Yusif Yusifov 1967-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda çalışır. Qısa müddətdə o, Elam, Midiya, Assuriya və Urartu tarixinin mühüm problemlərinə aid respublika, ittifaq və xarici ölkələrin jurnallarında məqalələr nəşr etdirir, Elamın ictimai-iqtisadi tarixinə aid doktorluq dissertasiyasını başa çatdırır və 1965-ci il tarixində Tbilisidə uğurla müdafiə edir. 1968-ci ildə Yusif Yusifov Moskvada Elamın ictimai-iqtisadi tarixinə həsr olunmuş irihəcmli monoqrafiyası nəşr olundu. Uzun illərin zəhmətinin nəticəsi olan bu əsər dünya tarixşünaslığında yüksək qiymətləndirildi və müəllifi Avropa və Amerikanın görkəmli elamşünas alimləri ilə bir sıraya qoydu.

1967-ci ildən pedaqoji fəaliyyətə başlayan Yusif Yusifov M. F. Axundov adına Pedaqoji Dillər İnstitutunun Azərbaycan tarixi kafedrasında professor, 1971-ci ildən ömrünün sonunadək isə Azərbaycan Pedaqoji Universitetində professor, kafedra müdiri, fakültə dekanı vəzifələrində işləmiş, elmi və pedaqoji kadrların yetişdirilməsinə böyük əmək sərf etmişdir.

Qədim Şərq tarixini dərindən bilən və böyük pedaqoji təcrübəyə malik olan Yusif Yusifov 1993-ci ildə ömrünün ən dəyərli kitablarından birini - ali məktəblər üçün "Qədim Şərq tarixi" dərsliyini nəşr etdirmişdir.

Yusif Yusifov Şərqin və Azərbaycanın qədim tarixi üzrə onlarla mütəxəssis yetişdirmiş, ali və orta məktəblər üçün dərsliklər və dərs vəsaiti yazıb çap etmişdir, o cümlədən Azərbaycan toponimikasına dair bir sıra elmi məqalələrin və S. Kərimovla birlikdə dərsliyin müəllifidir. Bu dərslik ali məktəblərin humanitar fakültələrində müasir dövrdə də tədris vəsaiti olaraq qalmaqdadır.

Yusif Yusifovun maraq dairəsi Azərbaycan tarixinin demək olaraq ki, dörd min illik (e.ə. III min. – b.e. I min.) dövrünü əhatə edirdi. O, hazırda ali məktəblərdə fundamental elmi vəsait olan "Azərbaycan tarixi" dərsliyinin redaktoru (akad. Z. Bünyadovla birlikdə) və müəlliflərindən idi.

Haqqında
Böyük Sovet Ensiklopediyasının 1981-ci il tarixli nəşrinə Yusif Yusifov Azərbaycan SSR-nin görkəmli tarixçi alimi, ilk və yeganə elamşünası kimi daxil edilmişdir.


Tarix: 06.02.2015 / 16:23 Müəllif: Feriska Baxılıb: 170 Bölmə: Qərbi Azərbaycan