beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üç bacı (nağıl)

Bir dükançının üç qızı var imiş. Bunların anaları ölür. Ataları gedib bir arvad alır. Bu kişi gündə gedib tikan yığıb gətirir və satıb puluna çörək alıb gətirərmiş. Bir gün bu taza gətirdigi arvad ərinə deyir ki:

– Gündə evə getirdiyin iki girvənkə əppəkdir, onu da qızların basıb yeyir. Ya məni boşa, qızlarını saxla, ya da qızlarını boşa, məni saxla.

Axırda kişi gəlib qızdarı azdırmaq fikrinə düşüb arvadına deyir:

– İndi nə tör bu qızları azdıraq?

Arvad cavab verir ki:

– Onun çarəsi asandır. Sən bazardan üç alma al gətir. Mən azdıraram.

Kişi bazardan üç alma alıb gətirib arvadına verir. Arvad da həyətdəki quyunun ağzına bir az ot yığıb almaları da onun üstünə qoyur və qızlar evə gələndə:

– Ay qızdar! Atanız sizə alma alıb gətirmiş. Baxın, həyətdəki otun üstünə qoyulmuşdur, – xəbər verir.

Qızdar bunu eşidəndə tez yügürüşürlər ki, almanı alsınlar və birbirlərini itəliyə-itəliyə almaları qapmaq istəyəndə üçü də quyuya düşür. Qızlar quyunun dibində acından ölmək məqamına gəlirlər. Axırda qərar qoyurlar ki, gəlin tollanaq, hər kim az tollansa onu yiyək. Buna razı olub tollanırlar. Hamıdan az kiçik qız tollanır. İstəyirlər onu yisinlər. Biçarə qız bunlardan möhlət alıb divarı qurdalayır, bir avuc kişmiş tapır. Bunu yiməsinlər diyə kişmişi bacılarına verir. O günü onu yimirlər. Etrəsi gün genə acıyırlar. Gənə də tollanırlar, hamıdan az kiçik qız tollanır. Bu dəfə qız divarı qazanda iki avuc kişmiş tapır. Munu yiməsinlər diyə yarısını bacısının birinə, yarısına o birinə verir. Bu gün də qızı yimirlər. Üçüncü gün genə tollanırlar. Bu dəfə də kiçik qış hamıdan az tullanır. Bu dəfə qız divarı qazanda üç avuc kişmiş tapır, bir hissəsini böyük bacısına, bir hissəsini ortancıl bacısına verib, bir hissəsini də özü yeyir.

Birdən qızdarın xiyalına düşür ki, baxsınlar görsünlər bu kişmişlər quyunun divarında haradan peyda olur. Quyunun divarını qazımağa başlayırlar. Bir az qazıdıqdan sora bir dəşik açılır. Orada baxıb görürlər ki, bu bir tölədir. Orada bir at bağlanmışdır. Atın yidiyi kişmişdir. Dimə ki, burası padişahın töləsi imiş. Qərəz qızlar hər gün gecə bu töləyə daxil olub atın qabağından kişmişləri yığıb aparırlar və atın da quyruğunu tərs düyünləyirlər. Bir gün bilə, beş gün bilə, get-gedə at arıxlayır.

Bir gün padişah töləyə gəlib ata baxanda görür ki, at lap arıxlamış. Möhtəri çağırıb buna açıqlanır ki:

– Yoxsa atın kişmişini aparıb özün yeyirsən ki, at gündən-günə arıxlayır?

Möhtər cavab verir ki:

– Bilmirəm kimdirsə, hər gecə gəlib atın qabağından kişmişi götürüb və atın da quyruğunu tərs düyünləyir.

Padişah əmr edir ki, keşik çəkib oğrunu dutsun. Möhtər gecə yarıya kimi keşik çəkir, yuxu dutur yatır. Sabah olanda görür ki, genə kişmişi yığmışlar və atın da quyruğunu da tərs düyünləmişlər. Bir neçə gün gözləyir. Padişah baxıb görür ki, möhtərdən bir faidə hasıl olmadı və at da get-gedə arıxlayır. Axırda qərar qoyur ki, gecə özü keşik çəkib oğrunu dutsun. Gecə olanda gəlib tölənin bir səmtində gizlənir. Gecə yarı olanda baxıb görür ki, yuxusu gəlir, barmağını kəsib duz basır və gecənin bir vaxtı görür ki, üç qız daxil oldu və atın qabağındakı kişmişi yığıb atın quyruğunu tərs düyünləyib getmək istəyəndə tez yüğürüb bunlardan kim olduqlarını soruşur. Qızlar başlarına gələn qəza və qədəri söyləyirlər.

Padişahın bunlara rəhmi gəlib xəbər alır ki:

– Əlinizdən nə gəlir?

Böyük qız cavab verdi ki:

– Elə xalca toxuyuram ki, tamam qoşunun onun üstündə oturar, yenə də açıq qalar.

Ortancıl qız dedi ki:

– Yumurta qabuğunda aş bişirərəm, qoşunun yiyər, yenə də artıq qalar.

Kiçik qız diyir ki:

– Biri oğlan, biri qız sana bir cüt uşaq doğaram kəkillərinin yarısı qızıl, yarısı gümüş.

Padişahın xoşuna gəlir, bu qızların üçünü də alır. Böyük qız bir xalça toxuyur, üstünə o qədər ignə sancır ki, kimsə oturmayıb açıq qalır. Ortancıl qız bir az düyünün içinə duz tökür aş bişirir, kimsə yiyə bilməyib artıq qalır. Doqquz aydan sora kiçik qız bir oğlan, bir qız doğur, bunların kəkillərinin yarısı qızıl olur, yarısı gümüş. Bacılarının buna paxıllıqları tutur, tez uşaqları götürüb bir qutuya qoyub suya atırlar və yerinə bir cüt it küçüyü qoyurlar. Padişaha xəbər aparırlar ki, arvadın bir cüt it küçüyü doğmuş. Padişahın açığı dutur, əmr edir ki:

– Arvadı aparıb həyətdəki peyinin içinə qoysunlar və gündə bir parça quru əppək versinlər ki, ölənə kimi o hal ilə orada qalsın. Su qutunu axıdıb dəgirmanın çarxının üstünə salır və dəyirmanda dayanır. Dəgirmançı baxıb görür ki, dəgirman birdən dayandı. Xiyal edir ki, yəqin xərəgin arasına daş düşmüş. Gedir ki, daşı götürsün görür ki, bir qutudur. Qutunu götürüb açanda görir ki, içində bir cüt gözəl uşaq var. Dəyirmançının evladı olmaz imiş. Sevinə-sevinə bunları evinə götürüb arvatına verir. Arvat da bunları öz övladları kimi bəsləyib böyüdür. Uşaqlar yeddi, səkkiz yaşına çatdıqda aparır bunları məktəbə qoyurlar.

Bir gün məktəbdən gələndə padişaha rast gəlirlər. Padişah baxıb bəgənir və yanına çağırıb danışdıqda görür ki, xeyli mərifətli danışırlar. Padişahın bu uşaqlar o qədər xoşuna gəlir ki, bunları evinə qonaq aparmaq istəyir. Uşaqlar da razı olmayıb cavab verir ki:

– Ata-anamız razı olmasa gedə bilmərik.

Bu cavab padişahın xoşuna gəlib:

– Elə isə gedin izin alın, mənə qonaq gəlin, – diyib gedir.

Uşaqlar evə qayıdıb əhvalatı dəgirmançının arvadına söyləyirlər.

Arvat bunlara adam şəklində bir parça mum verib deyir:

– Evladlarım, padişahın qonaqlığına gedin. Həyətdə peyinin içində bir arvat görərsiniz, ona salam verib ötün. Elə ki, xörək yidilər meçməyini götürmək istəyəndə bu mumu məcməyiyə atın və söyləyin: “A mum, oyna görək, adam da küçük doğarmı?” O zaman mum oynayacaqdır. Hamı təəccüb edəcək. Onda padişaha diyərsiniz ki, sənin uşaqlarınıq. Peyində yatan bizim anamızdır. Bu misibəti bizim başımıza öz xalalarımız gətirmiş.

Bunu diyib arvat əhvalatı başdan-ayağa uşaqlara söyləyir. Uşaqlar padişahın qonaqlığına gəlirlər. Analarının yanından ötəndə ona salam verirlər. Çörəkdən sora məcməyini götürəndə mumu çıxarıb məcməyiyə atıb deyirlər: “A mum, oyna görək, adam da it küçüyü doğarmı?” Mum oynamağa başlayır, hamı təəccüb edir. Padişah “bu nə sirdir?” diyə uşaqlardan soruşur. Uşaqlar cavab verirlər ki, biz sənin uşaqlarınıq və o peyində yatan bizim anamızdır. Bu işi bizim başımıza xalalarımız gətirmişdir.

Padişah bunu eşidən kimi arvatını peyinlikdən çıxartdırıb, taza paltar giydirib, onnan üzr istəyir. Genə də özünə hərəm edir və bacılarını isə öldürtdürür. Bundan sora uşaqları ilə şad yaşayırlar.


Tarix: 21.04.2013 / 18:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 854 Bölmə: Nağıllar