beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Haxnəzər

Biri var imiş, biri yox imiş, bir arvadın Haxnəzər adında qorxaq bir əri var imiş. Bu kişi tülküdən o qədər qorxarmış ki, evdən eşiyə çıxmaz imiş. Arvadı gedib qazanırmış, bu da rahat yeyərmiş. Bir gün arvad ərindən qonşu arvadlarına şikayət edirdi. Bir arvad buna söyləyir:

– Get, iki girvənkə kişmiş al. Gətirib darvaza qapısının eşiyindən başlıyaraq evin qapısına kimin tökərsən və sora kişiyə deyərsən ki, ay kişi, eşiyə kişmiş tökülüb gəl yığaq və birdən itələyib darvazadan eşiyə salıb bağlarsan. Onda əlacı kəsilib gedib pul qazanar. Arvad gedib iki girvəngə kişmiş alır, darvazanın eşiyindən evin qapısına kimin tökür. Sora gəlib kişini tavlayıb kişmiş yığmağa başlayırlar. Darvazaya yetişəndə birdən itələyib kişini küçəyə salıb bağlayır. Küçədə kişi nə qədər bağırırsa, arvad darvazanı açmayıb buna deyir ki:

– Bu zamana kimin çalışıb mən qazandım, bundan sora sən qazanmalısan.

Kişi görür ki, arvad darvazanı açmayacaq, axırda əlacı kəsilib arvada deyir:

– Get mənim çomağımı və xurcuna bir qədər un, bir neçə yumurta, bir çuvalduz iynəsi qoy bura gətir.

Arvad dedikləri şeyləri gətirib buna verdi. Kişi xurcunu çiyninə salıb, çomağı əlinə alıb, yol başlayır. Az gedir, üz gedir, dərə təpə düz gedir, gəlib bir çəmənə yetişir. Burada yuxusu gəlir. Götürüb bir kağız yazır. “Haxnəzərəm, Haxnəzər, qırx devin başın birdən əzərəm”. Sonra xurcunu başının altına, kağızı da yanına qoyub yatır.

Bir az keçir, bunun yanına bir dev gəlir, kağızı alıb oxuyanda təəccüb edir ki, bu necə adamdır ki, qırx devin başını birdən əzir. Bunnan çox maraqlanıb Haxnəzəri oyadır ki, qalx, bir az söhbət edək. Bir az söhbətdən sora Haxnəzər yerdən bir daş götürüb devə verdi ki:

– Dev qardaş! Bu daşı əz.

Dev daşı alıb əlinə oxalayıb yerə tökdü. Bir az keçdi, dev yerdən bir daş götürüb Haxnəzərə verdi:

– Sən də bunu un elə.

Haxnəzəri göz-göz eləyib daş tollayıb xurcundan bir avıc un götürüb əlində bərk sıxdıqdan sora, onu devin qabağına tökür. Dev bu işdən çox təəccüb edir. Bir az keçir Haxnəzər yerdən bir daş götürüb devə verir ki:

– Dev qardaş, bu daşı əz, su olsun.

Dev daşı gənə də oxalayıb yerə tökür. Dev də yerdən bir daş götürüb Haxnəzərə verir ki, bunu sən su elə.

Haxnəzər gənə də göz-göz eliyib daşı kənarə atıb, xurcundan bir yumurta gətirib əlində əzib devin qabağına tökür.

Dev təəccüb edib öz-özünə deyir ki, bu kişi bizdən çox qüvvətlidir. Dev Haxnəzərə deyir ki:

– Biz yeddi qardaşıq, gəl mənimlə gedək, olax səkkiz qardaş.

Haxnəzər razı olur.

Dev onu dalına alıb yola düşür. Yolda dev ondan sorur ki:

– Qardaş, nə yüngülsən?

Haxnəzər cavab verir ki:

– Ağırlığımı salmayıram.

Dev deyir:

– Bir ağırlığını sal görüm necəsən?

Haxnəzər çuvaldız ignəsini çıxardıb bunun yanına soxur. Dev görür ki, yanı alışdı, bağırır:

– Amandır qardaş, ağırlığını salma, az qaldı canım çıxa. Haxnəzər ignəni çıxardıb gənə xurcuna qoydu. Qərəz bir müddət yol gedəndən sora devin evinə yetişirlər. Devin qardaşları bunu görəndə sevinib istəyirlər ki onu yesinlər. Amma Haxnəzəri gətirən dev qabağa yeriyir, onlara əhvalatı söyləyib deyir:

– Artıq bu bizim qardaşımızdı. Bunu kimsə incidə bilməz.

Devlər də qəbul edib bunu özləriynən qardaş edirlər. Qərəz Haxnəzər bunların yanında qalır. Görür ki, devlər hər işi növbət ilə görürlər. Bir gün su gətirmək növbəti Haxnəzərə gəlir. Buna bir tuluq verirlər ki, getsin su gətirsin. Yolda Haxnəzər baxıb deyir ki, bu yalnız tuluğu güc ilə gətirir su dolduranda heç gətirə bilməyəcəkdir. Odur ki, tuluğu götürüb içinə bir az su qoyub qayıdır devlərə çatanda tuluqdakı suyu tökməyə başlayır. Devlər gəlirlər ki, bunlara da su versin Haxnəzər cavab verir:

– Gətirdiyim su mənim özümə ancaq çatacaqdır. Siz gedin özünüz üçün su gətirin.

Devlərin əlacı kəsilib gedib özləri üçün su gətirirlər. İki gündən sora odun gətirmək növbəti Haxnəzərə düşür. Haxnəzər çoxlu kəndir götürüb meşəyə gedir. Görür ki, yeddi-səkkiz zorba ağac kökündən yıxılıb. Kəndirləri gətirib bu ağaclara bağlayıb hamısını birdən sürümək istəyir, nə qədər çəkirsə, yerindən hərəkət etdirə bilməyir. Devlər nə qədər gözləyir Haxnəzər gəlməyir, axırda tez durub onun dalınca meşəyə gedirlər və gəlib görürlər ki, Haxnəzər yeddi-səkkiz köklü ağacı kəndirə bağlayıb çəkir. Bundan soruşurlar:

– Haxnəzər, qardaş, nə edirsən?

Cavab verir:

– İki gündənbir gəlib odun aparmaqdansa, altı aylığını birdən aparmaq yaxşıdır, – deyib kəndiri çəkməyə başlayır.

Devlər buna deyirlər:

– Sənin odunun bizə lazım deyildir bu saat meşəbəyi gəlib görsə hamınızı tutar, – deyib Haxnəzəri bir təhər razı edib evə aparırlar. Haxnəzərin bu işlərini gördükdə devlər ondan qorxub onu öldürmək fikrinə düşürlər və öz aralarında danışıb belə qərar qoyurlar ki, axşam Haxnəzər yatanda aparıb başına bir dəyirman daşı salsınlar. Bu sözlərin hamısını Haxnəzər eşidir və gecə yatanda gedib bir kötük tapıb gətirib öz yerində qoyub yorğanı da üstünə çəkib, özü bir tərəfdə gizlənir.

Gecə devlər bir dəyirman daşı tapıb gətirib Haxnəzər güman edib kötüyün üstə salıb qaçırlar.

Devlər gedəndən sora Haxnəzər kötüyü götürüb bir tərəfə tollayıb, gəlib öz yerində rahat yatır. Sübh olanda divlər gəlirlər ki, Haxnəzərin meyitin aparıb yesinlər. Baxıb görürlər ki, Haxnəzər yenicə oyanmış, paltarını geyinir. Bundan sorurlar:

– Qardaş, gecəni necə yatdın?

Cavab verir:

– Birələr bir dəfə hücum edib məni bir az narahat etdilər.

Bunu eşidən devlər daha da artıq qorxdular və öz aralarında qərar qoydular ki, gecə onun üstünə qaynar su töksünlər. Bu söhbəti genə də Haxnəzər eşidir, gecə yatanda gənə də həmən kötüyü götürüb öz yerinə qoyub yorğanı üstə çəkir və özü də bir tərəfdə gizlənir. Gecə olanda devlər iki qazan qaynar su götürüb kötüyün üstə töküb qaçırlar.

Devlər gedəndən sora Haxnəzər gəlib kötüyü bir tərəfə tollayıb rahat öz yerində yatır. Sübh olanda devlər gəlirlər ki, görsünlər Haxnəzərin əhvalatı necə olmuş. Gəlib görürlər ki, yuxudan oyanmış paltarını geyir. Bundan sorurlar:

– Gecə əhvalın necə keçdi?

Cavab verir:

– Gecə bərk tərləmişdim.

Bu əhvalatdan sora devlər Haxnəzərdən qorxurlardı və bunu gətirən devə deyirlər:

– Bunu aparıb evinə qoy.

Bu da bunun xurcununu qızıl-gümüş ilə doldurub dalına alır, aparıb evinə qoyub qayıdır. Bundan sora zəhmətsiz yeyib yaşayırlar.


Tarix: 21.04.2013 / 17:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 445 Bölmə: Nağıllar