beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadına dönən ilan

Keçmiş zamanlarda bir qarı var imiş. Qarının da bir oğlu. Bu arvadın oğlu uzaq yerdə işləyirmiş. Bir gün oğlan işdən qayıdarkən görür ki, təpənin üstündə gözəl bir qız oturub. Qız oğlana deyir ki, mənimlə getməlisən. Oğlan həmin qızla gedib görür ki, onun gözəl bir imarəti var. Qız deyir ki, bir yerdə yaşayacağıq.

Az keçir, çox keçir, oğlanın anası xeyli vaxt gözləyir, ancaq oğlu gəlib çıxmır. O, çox narahat olur, əlinə əsa alıb, oğlunu elbəel axtarmağa başlayır. Gəlib bir kəndə çatanda, bir ağsaqqal kişi deyir ki, qarı, sənin oğlun gündüzlər işləyir, ancaq gecə bilmirik ki, hara gedir. Qarı həmin iş yerinə gəlir, oğlunu gözləməyə başlayır. Nəhayət, oğlu gəlib çıxır. Ana, oğlu ilə birlikdə qızın imarətinə gedir. Qarı əl çəkməyib, oğlunu da, gəlini də öz vilayətlərinə aparır. Gəlin öz ərinə deyir ki, mən olan evə gəzginti adam gəlməyəcək.

Ay dolanır, il keçir, qapıya bir ovsunçu çıxır. Ovsunçu deyir ki, sizin evinizdə ilan var. Gəlin cavab verir ki, bizim evdə ilan yoxdu. Həmin ovsunçu gedir, gecə bir də qayıdıb gəlir. Oğlana deyir ki, sənin arvadın ilandı. O deyir ki, elə iş ola bilməz. Ovsunçu tapşırır ki, sən get ət al gəti. Yoldaşına ver, qoy duzlu kabab bişirsin. Sonra ikiniz də yeyin. Ancaq evdə su qoyma. Çünki ilan çox su içəndi. İnanmırsan gözlərinlə bax.

Oğlan gedib ət alır, kabab bişirtdirib yeyirlər. Evdə olan suyun hamısını yerə tökür, qapını da bağlayıb açarı cibində gizlədir. Başlayır arvadını güdməyə. Görür ki, arvadı qalxıb su axtarır, nə qədər çalışır, qapını aça bilmir. Kişi görür ki, arvadı qadın cildindən çıxıb, ilan oldu. Qapının baş tərəfindən sürüşüb yox oldu. Oğlan bu hadisəni görür, gözünə yuxu getmir. Bir qədər sonra həmin ilan cildini dəyişib qayıdıb öz yerinə uzanır. Səhər gəlin bilir ki, əri işi başa düşüb. Deyir ki, mən sənə demədimmi bu evə gəzginti adam gətirmə.

Bu kəlməni deyib, gəlin evdən yox olur.


Tarix: 21.04.2013 / 18:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 219 Bölmə: Nağıllar