beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məlik Ducar

Biri varıdı, biri yoxudu, günlərin bir günündə bir padşah varıdı. Bu padşah yatıb gecə yuxuda gördü ki, bir qız gəlib bunun dizinin üstündə oturdu. Padşah bu qızı görən kimi, bir könüldən min könülə ona aşiq oldu. Padşah yuxudan ayılan kimi çox keyfsiz oldu, çox çalışdı ki, qızı tapsın, amma tapa bilmədi. Padşah divan-dərə işini buraxıb qızı axtarmağa başladı, ağlamaqdan onun iki gözləri tutulub oturdu evdə. Günlərin bir günündə padşah bütün şəhər əhlini yığıb, məclis qurub dedi:

– Ey adamlar, kimdi sizlərdən bir nəfər gedib mənim gözümün dərmanını gətirsin?

Daşdan, divardan səs çıxdı, bu adamlardan səs çıxmadı. Amma padşahın iki oğlu varıdı, biri rəiyyət qızından kiçik oğluydu ki, adı da Məlik Ducar idi, o biri də şah qızından olan böyük oğluydu. Padşahın böyük oğlu gördü ki, atasının əlindən camı alan yoxdu, ayağa durub camı əlindən alıb dedi:

– Ata, mən gedirəm.

Atı minib oğlan düz üç həftə yol getdi, gedib bir bulağa çatdı, gördü ki, burda bir ağac var ki, hər yarpağı bir yorğan kimidi. Padşahın oğlu bu yarpaqdan dərib, qızıl bulağın suyundan da götürüb gəldi atasının yanına. Atası ona dedi:

– Oğlum, gəldin, harayacan getmişdin?

Oğlan cavab verdi:

– Qızıl bulağa kimi.

Padşah gülüb dedi:

– Mən axşam çıxıb sübh namazını qızıl bulaqda qılmışam. Bundan mənim gözümə dərman olmaz.

Padşah məclis çağırdı, bütün arzuman pəhləvanlarını yığıb dedi:

– Kimdi gedib mənim gözlərimin dərmanını tapan?

Yenə də daşdan, divardan səs çıxdı, bu arzuman pəhləvanlarından səs çıxmadı. Məlik Ducar vəzirə dedi:

– Vəzir, atama de, icazə versin mənə gedib gözünün dərmanını tapım.

Vəzir padşahın yanına gedib dedi:

– Məlik Ducar getmək istəyir.

Padşah dedi:

– Padşah qızından olan oğlum gedib neynədi ki, rəiyyət qızından olan oğlum da gedib neynəsin?

Vəzir çox dedi, padşah az eşitdi, axırda padşah razılıq verdi. Məlik Ducar mehtərxanaya enib gördü ki, burada bir at bağlanıb ki, buna nə minmək olur, nə də düşmək. İstədi mehtərxanadan çıxsın, at dilə gəlib dedi:

– Məlik Ducar, getmə, gəl min dalıma.

At yerə əyildi. Məlik Ducar atın dalına minib yola düşdü. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada, axşam çıxan Məlik Ducar sübh namazını qızıl bulaqda qıldı. Ordan da atın minib getdi çatdı bir meşəyə. Atını yancidar eləyib buraxdı bir çəmənliyə, özü də yatdı.

Xəbəri sizə kimdən verim, qaçaqlardan. Təllin üstündə bir neçə qaçaq o yana, bu yana baxırdı, gördülər ki, meşənin içində bir at var ki, onun kimi at heç yerdə ələ düşməz. Qaçaqlar təllindən enib meşəyə gəldilər, atı tutub apardılar birbaş təllə. Bunlar atı tutub aparmaqda olsunlar, eşit Məlik Ducardan. Məlik Ducar ayılıb gördü ki, at yoxdu, çox göz gəzdirdi, axırda atın ləpirini tutub bir baş getdi həmin təllə. Gördü ki, burda dəsgah var, gəl görəsən. Sonra baxıb gördü ki, burda bir mehtərxana var. O mehtərxanaya gedib atları o saat açıb qatışdırdı bir-birinə. Atlar kişnəməyə başladılar. Eşit quldurbaşıdan. Quldurbaşı arvad xaylağıydı. Səs-küyü eşidəndə qız adamlarına dedi:

– Gedin görün bayırda nə mərəkədi?

Məlik Ducar əlində qılınc durmuşdu, gördü ki, dəstənin qabağı açıldı. Məlik Ducar əl elədi zülmət qılafına, nərə çəkib, gələnin boynunu vurdu. Ta otuz səkkizini tamam elədi. İçəridən qız dedi:

– Mehtər Şaban, get gör bu gedənlər niyə qayıtmırlar?

Məlik Ducar əlində qılınc durmuşdu, gördü ki, bir nəfər oğlan çıxdı bunun qabağına. Mehtər dedi:

– Ey oğlan, əl saxla.

Məlik Ducar dedi:

– Ey oğlan, adın nədi, özün kimsən?

Şaban dedi:

– Adım Şabandı. Özüm də bu mehtərxanada mehtərəm.

Məlik Ducar dedi:

– Ey Şaban, atımdan mənə soraq ver.

Mehtər Şaban dedi:

– Sənin atın burdadı. Görürəm sən igid pəhləvansan, bu saat səni xanım çağırtdıracaq, səndən xəbər alacaq ki, sən bu adamları nə cür qırdın? Onda deyərsən ki, bunları yığıb bir-birinin üstə otuz səkkizinin başını birdən kəsdim. Nəbadə, deyəsən ki, bir-bir kəsdim, yoxsa quldurbaşı xanımın acığı tutar.

Məlik Ducar dedi:

– Yaxşı, deyərəm.

Eşit xanımdan. Xanım gördü ki, gedən gəlmir, dedi:

– Gedim görüm bunlar harda ilişib qaldı.

Eşiyə çıxıb gördü ki, burda bir oğlan var ki, gözəllikdə, şücaətdə tayı-bərabəri yoxdu. Quldurbaşı xanım üzünü oğlana tutub dedi:

– Ey oğlan, sən bu arzuman pəhləvanları nə cür öldürdün?

Məlik ducar dedi:

– Xanım, hamısını bir-birinin üstünə yığıb başlarını birdən kəsdim.

Quldurbaşı xanım əlini vurdu Məlik Ducarın dalına, dedi:

– Halal olsun sənə anadan əmdiyin süd!

Bu qalmaqnan Məlik Ducar bir müddət qaldı bu qızın yanında. Bir gün mehtər Şaban Məlik Ducara dedi:

– Sən hara, bura hara?

Məlik Ducar dedi:

– Xəbər alma, səfərim böyük səfərdi.

Şaban dedi:

– Gəl sən məni özünnən götür.

Məlik Ducar dedi:

– Mənnən sən ayaq tuta biməzsən.

Şaban dedi:

– Mən sənnən ayaq tutaram.

Bu çox dedi, o az eşitdi, axırda Məlik Ducar razı oldu. At minib düşdülər yola. Az gedib çox dayandılar, çox gedib az dayandılar, gəlib çatdılar bir ağacın dibinə, oturdular ki, bir az sərinləşdirsinlər. Mehtər Şaban gördü yerdə bir şey parıldayır, əyilib götürdü, amma Məlik Ducara demədi.

Hər iki yoldaş at minib düz altı ay yol getdilər, gəlib çatdılar bir şəhərə, atdan düşüb rahat oldular. Gördülər ki, bu şəhərin tacirləri padşah üçün sovqat yollayırlar. Məlik Ducar dedi:

– Şaban, heç olmaz ki, bütün şəhər əhli padşah üçün sovqat tutsun, mən tutmayım?

Ha fikirləşdilər, padşaha layiq bir şey tapmadılar, Şaban dedi:

– Mən gələndə yoldan bir qanad tapmışam, gəl qanadı yollayaq padşaha. Məlik Ducar qanada baxıb gördü ki, doğrudan da bu gözəllikdə qanad heç yerdə yoxdu. Bunlar da bu qanadı qızıl məcməyiyə qoyub padşaha yolladılar. Padşah qanadı görən kimi, tacirlər gətirən matahlar heç oldu. Padşah şad olub durdu qanada baxmağa. Vəzir gördü ki, bu qanad evə gələndən sonra hamı gözdən düşdü. Axırda vəzir özü də gözdən düşdü. Padşah bütün işlərini buraxıb bu qanadla məşğul idi. Axır vaxtlarda heç vəzirnən də danışmırdı. Vəzir öz-özünə dedi:

– Yaxşı, Məlik Ducar, gör sənin başına nə oyun açacağam?

Bir neçə gündən sonra vəzir gəlib padşaha dedi:

– Qanadın yaxşı qanaddı. Bu qanad evə gələndən bəri görürəm çox şad olubsan, amma heyf ki, bu qanadın öz quşu yoxdu.

Padşah dedi:

– Ay vəzir, qoy oturmuşuq, oturaq, bu quşu biz indi hardan tapaq? Elə bu qanad özü də gözəl şeydi.

Vəzir girdi padşahın qılığına dedi:

– Qanad gətirən oğlana əmr etsən, quşu da tapıb gətirər.

Vəzir çox dedi, padşah az eşitdi, axırda padşah yoldan çıxıb dedi:

– Məlik Ducara deyin ki, quşu tapıb gətirsin.

Bu xəbər Məlik Ducara çatan kimi, gəldi Şabanın yanına, dedi:

– Padşah qanadın quşunu da istəyir. Məlik Ducarın atı bu sözü eşidən kimi dilə gəlib, dedi:

– Get padşaha de, çöldə bir ev tikdirsin, dünyada nə ki yeməli şey var, o evə qoydursun, sonra gəl, mən yolun sənə deyərəm.

Məlik Ducar padşahın yanına getdi, necə ki, at demişdi, Məlik Ducar da padşaha dedi:

Padşah əmr elədi çöldə bir ev tiksinlər. Onun içinə dünyada nə ki yeməli şey var, qoysunlar. Nağıllarda vaxt tez başa gələr, ev tikilib qurtardı. Hər şey hazırdı. Məlik ducar atın yanına gəlib dedi:

– Ev hazırdı.

At Məlik Ducara dedi:

– Gedərsən həmin yerə, görəcəksən ki, cəmi quşlar gəldi, hərəsi bir şeyin üstə oturub yeyir. Həmin qanadın quşu da gəlib baldan yeməyə başlayacaq, onda tutarsan.

Məlik Ducar gəlib evin bir tərəfində gizləndi. Gördü ki, dünyada nə ki, quş var, gəlib töküldülər bura, hərəsi bir şeyin üstə cumub yeməyə başladı. Həmin quş da gəlib balın üstə oturdu, başladı baldan yeməyə. Məlik Ducar quşu tutub padşaha apardı. Vəzir pəncərədən baxırdı, bir də gördü ki, Məlik Ducar əlində quş gəlir. Vəzir iki əlini bir-birinə vurub dedi:

– Gəl, köpək oğlu, bu səfər səni elə bir yola yollayım ki, nə izin tapılsın, nə də tozun.

Məlik Ducar gəlib quşu padşaha verdi. Vəzir baxıb gördü ki, heç olmasa əvvəl padşah hamıdan qabaq bunun salamını alırdı, amma indi heç üzünə də baxmaq istəmir. Vəzir gəldi padşahın yanına dedi:

– Qibleyi-aləm, əhvalın necədi?

Padşah başını yuxarı qaldırmayıb dedi:

– Yaxşıdı.

Vəzir baxıb gördü ki, padşah buna heç baxmadı. Elə quşu saxlayıb dizinin üstə tumarlayır. Vəzir dedi:

– Mal var, dövlət var, quş da ki var, amma bunların bircə şeyi əskikdi.

Padşah dedi:

– Nə şeyi əskikdi? Vəzir dedi:

– Qibleyi-aləm, bu quşun sahibi Pəri xanımı gətirmək lazımdı.

Padşah dedi:

– Quş var bəsdi, rəhmətliyin oğlu, indi Pəri xanım hardadı, kim gedib onu tapacaq?

Vəzir dedi:

– Quşu, qanadı gətirən Pəri xanımı da gedib gətirər.

Padşah dedi:

– Yəqin gətirə bilər.

Padşah adam yolladı Məlik Ducarı əhvalatdan xəbərdar elədilər. Məlik Ducar atın yanına gəlib dedi:

– Padşah quşun sahibi Pəri xanımı istəyir.

At dilə gəlib dedi:

– Gedib padşaha deyərsən ki, bir kisə əşrəfi boyda qoğal bişirtdirsin, sonra sənin işin yoxdu.

Xəbər padşaha çatdı ki, Məlik Ducar deyir, bir kisə qoğal bişirtdirsin, özü də əşrəfi boyda. Padşah əmr elədi qoğal bişirilsin. Qoğal hazır oldu. Məlik Ducar qoğalı götürüb gəldi atnan Şabanın yanına. At dilə gəlib dedi:

– Minin dalıma.

Şabannan Məlik Ducar ata minib getdilər. Nağıllarda vaxt tez başa gəlir. Bunlar gəlib çatdılar bir qapıya. At dedi:

– Məlik Ducar, götür kisəni.

Məlik Ducar kisəni götürdü.

At dedi:

– Gedərsən o görünən qapıya, çatan kimi qapı açılar çıxarsan pilləkənnən yuxarı. Səni qızlar görən kimi, istəyəcəklər tutub tilsimə salsınlar. Bacar tez kisəni baş-aşağı çevir. O zaman qızlar başlayacaq qoğalları yığmağa. Onların başı qarışanda sən də gedib qızı götürüb gələrsən.

Məlik Ducar getdi, qabağına bir qapı gəldi, qapı açıldı. Məlik Ducar içəri girib gördü burda o qədər qız var ki, sayı yoxdu. Qızlar bunu görən kimi, durdular ayağa. Məlik ducar tez kisəni başı aşağı çevirdi. Qızlar başladılar qoğal yığmağa. Məlik Ducar bunu görən kimi, yüyürüb Pəri xanımın yanına getdi. Oğlanı görən kim, Pəri xanım dedi:

– Məlik Ducar, quşu neylədin?

Məlik Ducar dedi:

– Quşunu salmışam qəfəsə.

Qız bunu eşidən kimi dedi:

– Məni quşuma yetir.

Bunlar ikiydilər, oldular üç. Ata minib başladılar getməyə. Pəri xanım dedi:

– Ey Məlik Ducar, düzün de görüm quşu neyləmisən? Düzün deməsən, səni sallam atdan yerə. De görüm, məni kimə aparırsan?

Məlik Ducar dedi:

– Səbr elə, Allah kərimdi.

At dedi:

– Məlik Ducar, gözlərinizi yumun.

Bunlar hər üçü gözlərini yumdular. Gözlərini açdıqda Məlik Ducargil baxıb gördülər ki, çatıblar şəhərə.

Pəri xanım şəhərin bir qırağında çadır qurub oturdu. Xəbər gedib padşaha çatdı ki, qıznan oğlan gəlibdi. Padşah böyük dəstəynən Pəri xanımın pişivazına gəldi. Padşah qızı görən kimi, bir könüldən min könülə Pəri xanıma aşiq olub dedi:

– Vəzir, bu qızı gərək alam.

Səhərisi gün vəzir Pəri xanıma elçi gəldi. Pəri xanım dedi:

– Mən razıyam, ancaq padşah özü çox qocadı. Bir hamam tikdirsin, onun hövzələrinə dəniz atının südünü tökdürüb çimsin, olsun cavan oğlan, sonra gedim ona.

Vəzir padşahın yanına gəlib dedi ki, bəs qız belə deyir. Padşah dedi:

– Vəzir, buna tədbir. Vəzir dedi:


– Məlik Ducarı yolla at südü səfərinə.

Padşah dedi:

– Məlik Ducarı çağırın.

Məlik Ducarın dalınca adam getdi.

Eşit vəzirdən. Vəzir qızı görən kimi, Pəri xanıma aşiq olub dedi:

– Ey dili-qafil, kim bilir Məlik Ducar at südü tapacaq, ya yox. O gəlincə mən də padşahın başını batırıb, Pəri xanımı alaram.

Bəli, Məlik Ducar gəldi padşahın yanına, padşah ona dedi:

– Gərək dəniz atı südü tapasan.

Məlik Ducar gəlib atının yanına dedi:

– Padşah at südü istəyir.

At dilə gəlib dedi:

– Məlik Ducar, get padşaha deynən poladdan qırx dənə sənin boyuna köynək tiksin, bir uzun örkən, bir də poladdan bir bıçaq qayırtdırsın, sonra mən sənə təhərini deyərəm.

Məlik Ducar gedib padşaha dedi ki:

– Poladdan qırx köynək, bir örkən, bir də bıçaq hazır elə.

Padşah Məlik Ducarın dediklərini hazır eləyib verdi. Məlik Ducar şeyləri götürüb gəldi atının yanına.

At dilə gəlib dedi:

– Ey Məlik Ducar, minərsən dalıma, gedərik filan dəryanın qırağına. Həmin örkəni bağlarsan boynuma, mən girərəm dənizə. Elə ki, gördün dənizdə qırmızı köpük əmələ gəldi, onda bil ki, ölmüşəm. Yox, gördün ki, dənizdə ağ köpük əmələ gəldi, onda bil ki, sağam. O vaxt bu bıçağı atarsan həmin köpüklənən yerə, örkəni çəkərsən. Məlik Ducar ata minib getməyə başladı.

Vəzir gördü ki, Məlik Ducar getdi. Aranı xəlvət edib, gəldi qızın yanına, istədi qapını açıb içəri girsin. Bir də gördü qapıda bir oğlan dayanıb. Şaban gördü ki, vəzirdi, əl elədi dəyənəyə, vəzirin başına bir dəyənək vurdu, vəzirin başı yarıldı, qanı axa-axa vəzir gəldi evlərinə. Səhər vəziri padşah çağırtdırdı, gördü vəzirin başı sarıqlıdı, dedi:

– Vəzir, başına nə olub?

Vəzir dedi:

– Qibleyi-aləm, ayağım sürüşdü, başım yarıldı.

Bu dəfə padşah hazırlaşdı ki, getsin qızın yanına. Şaban gördü ki, padşah gəlir. Padşahın üzünə elə bir sillə vurdu ki, gözünün altı qapqara oldu. Padşah qayıdıb getdi. Sabah vəzir gəlib gördü ki, padşahın gözünün altı qaradı, dedi:

– Qibleyi-aləm, gözünə nə olub?

Padşah cavab verdi:

– Arı sancıb.

Vəzir barmağını dişləyib dedi:

– Yəqin mənim başıma gələndən bunun da başına gəlib.

Bunlar burda qalmaqda olsun, xəbəri verim sizə Məlik Ducardan. Məlik Ducar gedib çatdı dəryanın qırağına. At vurdu özünü dəryaya. Məlik Ducar gördü ki, dəryada ağ köpük əmələ gəldi. Tez bıçağı köpüyə atdı, örkəni çəkdi, at çıxdı kənara. Atın dalınca iki at da gəldi. Məlik ducar istədi öz atına minsin gördü ki atının dalı xalis yaradı, at bütün dəridən çıxıb. Məlik Ducar atların birinə minib gəldi Pəri xanı- mın yanına. Həmin hövzələri at südüynən doldurdular. Padşaha xəbər getdi ki, gəlsin çimməyə. Vəzir dedi:

– Mən də çimirəm.

Vəzirnən padşah soyunub girdilər hövzə. Bunlar hövzə girən kimi torpaq oldular.

Məlik Ducar qızı götürüb gəldi həmin şəhərə, padşahın taxtını tapşırdı camaata, özü də qızı götürüb gəldi birbaş atasının vilayətinə sarı. Gəlib şəhərin qırağına çatdılar.

Məlik Ducar baxıb gördü ki, şəhərin qapıları bağlıdı. Məlik Ducargil çadır qurub, qaldılar çöldə. Pəri xanım səhərə kimi burda bir imarət saldırdı ki, padşahın imarətindən də artıq. Səhər oldu padşaha xəbər getdi ki, Məlik Ducar gəlib. Padşah dedi:

– Aparın məni oğlumun yanına.

Padşahın əlindən tutub birbaş apardılar Məlik Ducarın yanına. Pəri xanım gördü ki, padşahın gəlir, tez bir ovuc torpaq atdı padşahın gözünə. Torpaq padşahın gözünə düşən kimi, gözləri açıldı. Padşah dedi:

– Vəzir, mənim gözlərim bu qızın eşqindən kor olmuşdu, gərək oğlumu öldürəm bu qızı alam.

Padşah daha oğluynan görüşməyib geri döndü, getdi paytaxtına. Aşpaza tapşırdı:

– Bir nimçə aş çək, bu zəhəri də tök içinə.

Bu tərəfdən də Məlik Ducara xəbər yolladı ki, bu gün qonaqdı mənə. Məlik Ducar getmək istəyəndə Pəri xanım ona dedi:

– Gedirsən get, amma atan səni öldürüb məni alacaq.

Məlik Ducar getdi atasının yanına, oturub danışdılar. Araya xörək gəldi. Aşpaz bilməyib Məlik Ducarın nimçəsini qoydu padşahın böyük oğlunun qabağına, böyük oğlunun aş nimçəsini də qoydu Məlik Ducarın qabağına. Padşahın oğlu xörəyi yeyən kimi öldü. Padşah peşman oldu. Məlik Ducar durub xudahafizləşdi. Padşah neçə gün yas saxlayandan sonra yenə oğlu Məlik Ducarı çağırtdırıb dedi:

– Oğul, sabah ova hazırlaş, səni də aparacağam.

Məlik Ducar gəldi Pəri xanımın yanına. Atası dediyi sözləri ona nağıl elədi. Pəri xanım dedi:

– Bu dəfə də səni öldürmək istəyir, qorxma, Allah kərimdi.

Səhər padşah durub Məlik Ducara adam yolladı ki, hazırlaşsın. Pəri xanım dedi:

– Məlik Ducar, bu tulanı da özünnən apar, sənə kömək elər.

Padşah qoşun götürüb çölə çıxdı. Su tapılmayan bir yerdə çadır qurdular. Məlik Ducar gedib ovladı: durdular kabab bişirməyə. Padşah Məlik Ducarın xörəyinə o qədər duz qatmışdı ki, ta yemək olmurdu. Məlik Ducar kababdan bir-iki tikə yeyib, gördü ki, susuzluqdan alışıb yanır, dedi:

– Mənə su.

Ona dedilər:

– Su filan təllin dibində var, get orda içərsən.

Məlik Ducar yola düşüb təllə tərəf getməyə başladı. Tula da bunun dalınca düşdü. Padşah bütün çeşmələri bağlatmışdı. Həmin təllin ətəyində bir çeşmə vardı ki, orada bir imansız qarı qoymuşdu. Padşah qarıya tapşırmışdı ki, Məlik Ducar gəlib su istəsə, deyərsən: “gözünün birini ver, bir qurtum su verim”. Məlik Ducar gəlib çeşməyə çatdı, qarıdan su istədi. Qarı dedi:

– Gözünün birini qoy çıxardım, bir qurtum su verim.

Məlik Ducar razı oldu. İmansız qarı Məlik Ducarın gözlərini çıxardıb ona su verdi. Tula gördü ki, Məlik Ducarın gözləri çıxıb düşdü yerə, tula tez gözləri götürüb qoydu dilinin altına. Məlik Ducar oldu kor. Bir-iki gün burda qaldılar, tula gördü ki, Məlik Ducar yaman acıyıb, durub getdi görsün nə tapar. Tula belə getməkdə olsun, eşit iki göyərçindən. Bunlar qanad-qanada verib endilər bulaqdan su içsinlər. Gördülər burda bir adam var. Göyərçinlərin böyüyü dedi:

– Bacılı-bacılı, tanıyırsan bu oğlanı?

O biri dedi:

– Yox, tanımıram.

Böyük göyərçin dedi:

– Bu Məlik Ducardı, atası bunun gözlərini çıxartdırıb.

Göyərçin dedi:

– Bəs yazıq burda qalıb neyləyəcək?

Göyərçin dedi:

– Ey Məlik Ducar, yatmısan ayıl, ayıqsan eşit. Biz ki, burdan qalxdıq, ayağımızın altından bir yarpaq düşəcək, o yarpağı götürüb saxlarsan, ya öz gözünü, ya da bir cüt qoyun gözü taparsan, o gözləri qoyarsan gözünün içinə, yarpağı əzib suyundan çəkərsən gözünə, gözlərin sağalar.

Quşlar uçub getdi. Bunların ayağının altından bir yarpaq düşdü. Məlik Ducar əlini yerə sürtüb yarpağı tapdı. Eşit tuladan. Tula gedirdi, gördü ki, bir qarı yayma bişirir. Qarının başı qarışanda tula dəstərxandan bir yaymanı götürüb qaçdı. Qarı bir vaxt xəbər tutub gördü ki, yayma yoxdu. Bir o yana, bir bu yana baxıb gördü ki, tula yaymanı alıb dişinə aparır. Qarı işini-gücünü qoyub, tulanın dalınca düşdü. Tula getdi, bu getdi. Axırda tula özünü yetirdi Məlik Ducara, yaymaları qoydu onun dizinin üstünə. Məlik Ducar gördü dizi yanır, əlini sürtüb gördü ki, yaymadı. Tez götürüb yedi. Qarı özünü yetirib gördü ki, burda bir oğlan oturub, gözləri kordu. Qarı xəbər aldı:

– Ey oğlan, burda niyə oturubsan?

Məlik Ducar başına gələni danışdı, sonra yarpağı çıxardıb qarıya uzatdı, dedi:

– Bir cüt qoyun gözü tap, bu yarpağı əz, sıx, suyunu çıxart çək gözümə.

Qarı yarpaqları aldı, istədi gedib qoyun gözü tapsın, tula dilinin altından Məlik Ducarın gözlərini yerə saldı. Qarı əyilib Məlik Ducarın gözlərini götürdü, qoydu yerinə. Yarpağı əzib suyunu çəkdi gözlərinə, o saat gözləri oldu anadangəlmə. Bunlar burdan durub getməkdə olsunlar. Xəbəri sizə kimdən verim, padşahdan. Padşah Pəri xanımı gətirməyə qoşunu qoşun dalınca yollayırdı, amma Şabannan bacara bilmirdi. Mehtər Şaban Pəri xanımın qapısını kəsdirib durmuşdu. Gələn qoşunu qırıb geri qaytarırdı.

Bir gün Məlik Ducar gəlib şəhərin kənarında durdu; gördü ki, Şaban qoşunu çin kimi biçir. Tez özünü meydana yetirdi, qılıncı sıyırıb qoşunun canına düşdü. Pəri xanım gördü ki, meydanda bir oğlan var, Şabandan da artıq vuruşur. Qız tez aşağı düşüb özünü yetirdi meydana, gördü ki, Məlik Ducardı, özü də sağ-salamatdı. Pəri xanım sevindiyindən heç bilmədi nə eləsin. Xəbər yolladı Şabana ki, qorxmasın Məlik Ducar gəlibdi. Şabanın dizinə qüvvət gəldi. Hər ikisi qoşunu qıra-qıra gəlib girdilər şəhərə. O qədər adam qırıldı ki, şəhəri qan basdı. Məlik Ducar özünü yetirdi atasına. Atası bunu görən kimi, ona tərəf gəldi. Məlik Ducar dedi:

– Ata, necəsən?

Padşah başını aşağı saldı. Məlik Ducar atasını taxtdan saldı, sonra atasını da, vəzirin də bağladı qatırın quyruğuna. Qatıra bir-iki çəkdi, qatır bunları başladı o yana, bu yana çırpmağa, hər tikəsi bir kolda qaldı. Bundan sonra Məlik Ducar, Pəri xanımı bir də mehtər Şabanı götürüb gəldi şəhərə. Qırx gün, qırx gecə toy elədi. Padşahın nə ki, tərəfdarları vardı hamısının boynunu vurdurdu. Məlik Ducar başladı bu şəhərdə ədalətnən padşahlıq etməyə. Onlar keyf çəkib yerə keçdilər, siz də burada var olun.


Tarix: 21.04.2013 / 18:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1290 Bölmə: Nağıllar