beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xacə Fəttah

İsfahan şəhərində bir Xacə Fəttah varıdı. Bunun bir oğlu varıdı ki, adına Xacə İbrahim deyərdilər. Xacə Fəttah qırx sövdəgərin böyüyüydü. Bir gün sövdəgərlər yığışıb dedilər:

– Nə vaxta kimi evdə oturaq?! Gəlin gedək Yəmən vilayətinə alverə.

Yəmən vilayətində Xacə Fəttahın bir bacısı varıdı. Xacə Fəttah onlara dedi:

– Mən daha qocalmışam, gedə bilmərəm.

Sövdəgərlər dedilər:

– Neynək, indi ki sən gedə bilmirsən, gətir oğlunu bizə qoş. Eybi yoxdu, indiyətən bizim böyüyümüz sən olmusan, indi də oğlun olsun.

Xacə Fəttah oğluna dedi:

– Sən sövdəgərlərnən gedərsən, özü də mənim dəvəmi minəcəksən, şəhərə çatanda onun afsarını at üstünə, o özü gedib düz bacımın qapısında yatacaq. Sonra əhvalatı bacıma söylərsən, sizə nə lazım olsa, bacım düzəldər.

Sövdəgərlər yola düşüb, bir neçə mənzil gedib çatdılar Yəmən vilayətinə. Necə ki, atası demişdi, oğlu da elə elədi. Şəhərə girəndə dəvənin afsarını atdı üstünə, dəvə gedib mamasının** qapısında yatdı. Maması qardaşı oğlunu görəndə qucaqlayıb o üzündən, bu üzündən öpdü. Xacə İbrahim bu şəhərdə dörd-beş gün dolandı.

Bir gün Xacə İbrahim gördü ki, car çəkirlər ki, bir kişi qismi gərək çölə çıxmasın. İbrahim mamasından soruşdu:

– Mama, bu nə əhvalatdı, niyə kişiləri çölə çıxmağa qoymurlar?

Maması dedi:

– Bizim padşahın bir qızı var, o həmişə hamama gedəndə car çəkirlər ki, bir kişi çölə çıxmasın, çünki onun kişi qismindən zəhləsi gedir. İbrahim girib evə, pəncərədən baxdı gördü bir neçə süpürgəçi bu qızın yolunu süpürür, biri də qızın saçını daldan məcməyiyə qoyub hamama gedirlər.

İbrahim dedi:

– Mama, soruş görək, niyə onun kişi tayfasından zəhləsi gedir.

Maması dedi:

– Mən onun dayəsiyəm, gedib soruşaram, sənə deyərəm.

Maması yavaş-yavaş getdi yanına. Qızdan soruşdu:

– Bala, mənə de görüm, niyə kişi qismindən zəhlən gedir?

Qız dedi:

– Dayə, məni böyüdüb boya-başa çatdırmaqda zəhmət çəkmisən, yoxsa sənə cəza verdirərdim. O sözü məndən soruşma. Kişi qismindən heç bir etibar görməmişəm.

Dayənin bu sözdən acığı tutub, qızın yanından durub gəldi evə. Dayə gündə iki-üç dəfə gedib qıza dəyərdi. Acıq eləyəndən sonra bir həftə getmədi.

Bir gün dayə evdə oturmuşdu, bir də gördü qız qaravaşı göndərib ki, gör neçə gündür dayəm bizə gəlmir, nə olub. Dayə gördü qaravaş gəlir, tez bir yer salıb girdi içinə, üzünü də zəfəranlayıb saraltdı. Qaravaş gəlib içəri girəndə dayə hıqqıldayıb ufuldamağa başladı Qaravaş gördü dayə lap ölür.

Tez gedib qıza dedi:

– Xanım, dayə ölür.

Qız tez ayağa qalxıb dedi:

– Qızlar, başmağımı verin geyim, gedim görüm dayə necədi?

Qız bir neçə qaravaşnan dayəsinin yanına gəldi. Dayə gördü qız gəlir, yenə üzünü zəfəranlayıb, yerini salıb girdi içinə, başladı hıqqıldamağa. Qız içəri girib gördü dayə doğrudan ölür. Qız dedi:

– Ay dayə, sənə gələn mənə gəlsin, niyə naxoşlamısan?

Dayə nəfəsini yavaş alıb dedi:

– Tay ölürəm, sən gəl ah-zardan məni qurtar. Bala, de görüm, niyə sənin kişi qismindən zəhlən gedir?

Qız o saat ayağa durub dedi:

– Mən də deyirəm bəs nə üçün naxoşlamısan.

Qız yenə qaş-qabağını töküb çıxıb getdi. Bir neçə gün evdə qaldı, sonra yenə dayəsi yadına düşdü, bir neçə qaravaşnan dayənin yanına gəldi.

Dayə gördü qız yenə gəlir, tez üzünü zəfəranlayıb girdi yorğandöşəyə, başladı hıqqıldamağa. Qız evə girib bir neçə dəfə “dayə-dayə” deyə çağırdı. Dayə cavab vermədi. Qız bir də çağırdı. Dayə yavaşdan “hey” dedi.

Qız soruşdu:

– Niyə belə eləyirsən?

Dayə dedi:

– Bala, tay mən ölürəm, sən gəl bu sirdən məni agah elə.

Qız əyilib dayənin qulağına dedi:

– Bilirsən niyə kişi qismindən zəhləm gedir? Bir gün yatmışdım, aləmi-vayqada gördüm ki, bir dişi ahuynan bir erkək ahu otlayır. Bunlar otladığı yerdə erkək ahunun ayağı quru yer oyuğuna düşdü. Dişi ahu ağzında su daşıyıb tökdü oraya, oyuğ yumşaldı, ondan sonra erkək ahunun ayağı oyuqdan çıxdı. Bunlar yenə otlamağa başladılar. Üç dəfə belə oldu, dişi ahu onun ayağını oyuqdan qurtardı. Bir gün bunlar yenə otlayırdılar, birdən dişi ahunun ayağı yer oyuğuna düşdü. Erkək ahu oyuğa tökmək üçün getdi su gətirsin ki, bunun ayağı çıxsın. Getdi tay gəlmədi. İndi odu ki, mənim də erkək qismindən zəhləm gedir.

Dayə dedi:

– Tay dincəldim, ölsəm də dərdim yoxdu.

Qız bir az da oturdu, sonra durub getdi. Dayə yerini yığdı, üzünü yuyub oturdu İbrahimi gözləməyə. Xacə İbrahim gəlib dedi:

– Mama, nə oldu?

Dayə qızın dediklərinin hamısını İbrahimə nağıl elədi.

İbrahim dedi:

– Mama, indi durub gedərsən padşahın yanına, təvəqqə eləyib bir hamam yeri alarsan.

Maması dedi:

– Baş üstə.

Sabah tezdən dayə durub getdi padşahın yanına, dedi:

– Padşah sağ olsun, mənim bir qardaşım oğlu var, o xahiş eləyir ki, bir hamam yeri verəsən, hamam tikdirsin.

Padşah Xacə İbrahimə icazə verdi ki, hamam tikdirsin.

Qarı evlərinə gəlib dedi:

– Bala, padşah hamam tikdirməyə icazə verdi.

Xacə İbrahim o saat usta tapıb, padşahın hüzuruna gətirdi. Usta yeri ölçüb biçdi. Evin yeri bazar darğasının evinə düşdü. Padşah əmr elədi ev sökülsün. Evi söküb İbrahimə hamam tikdilər.

İbrahim burda bir hamam tikdirdi ki, heç olmayan kimi. Usta hamamın bir görünən yerindən Fərhadnan Şirinin şəklini, ortadan qarının şəklini, onun üstündən də Leyliynən Məcnunun şəklini çəkdi. Yuxarısında da bir dişi ahuynan bir erkək ahu çəkdi... Bunlar otladıqları yerdə erkək ahunun ayağı yer oyuğuna düşdü. Dişi ahu gedib, su gətirib ayağını oyuqdan çıxardı, başladılar otlamağa. Dişi ahunun ayağı da yer oyuğuna düşdü, bu dəfə də erkək ahu getdi ki, su gətirib dişi ahunun ayağını oyuqdan çıxartsın. Bir ovçu əlində ox-yay çıxıb erkək ahunu oxnan vurdu. İbrahim bu şəkilləri çox gözəl çəkdirdi. Küy düşdü şəhərə, dedilər:

– İbrahim bir yaxşı hamam tikdirib ki, əvəzi yoxdu.

Adamlar başladılar bu hamama gəlməyə. Padşahın qızı eşitdi ki, bəli bir belə hamam tikilib, yiyəsi də çimənlərdən pul almır. Durub qaravaşlarını, dayəni götürüb hamama gəldi. Qızın gözü divardakı şəkillərə sataşıb dedi:

– Dayə, bunlar nədi belə?

Dayə dedi:

– Sahibkardan soruş.

İbrahim də pərdənin dalında durmuşdu. Qız İbrahimdən soruşdu. İbrahim dedi:

– O aşağıdakı Fərhadnan Şirinin şəklidi ki, o qarı gəlib yalandan xəbər verib ki, Şirin öldü. Fərhad o saat külüngünü göyə tullayıb başını tutdu, külüng başına düşüb onu öldürdü. O üstdəki də Leyliynən Məcnundu. Bax, görürsən, Leyli gedib yaylaqda keyf edir. Məcnun da oturub Leylini gözləyir, başında da quşlar yuva tikib. Başdakı da dişi ahuynan erkək ahudu ki, otladıqları yerdə erkək ahunun ayağı yer oyuğuna düşüb. Dişi ahu su gətirib onu qurtardı. Sonra da dişinin ayağı düşdü yer oyuğuna. Erkək ahu getdi su gətirsin, onu ovçu vurub öldürdüyündən gələ bilmədi.

Qız o saat dedi:

– Dayə, kişi qismində də belə etibar var?

Dayə dedi:

– Bala, elə etibarın çoxu kişi qismindədi.

O saat qız soruşdu:

– Çimməyin pulu neçədi?

İbrahim pərdənin dalından cavab verdi:

– Hər kəs çimmək istəyirsə, çimib gedəndə bir dəfə əlini əlimə vurur. Hamamın haqqı elə budu.

Qız gedəndə əlini İbrahimin əlinə vurub getdi. İbrahim gördü ki, qız əlinə bir badam, bir də kömür qoyub. Tez evə yüyürüb mamasından soruşdu:

– Mama, bu qara kömürnən badam nə deməkdi? Bunları padşahın qızı ovcuma qoymuşdu.

Qarı dedi:

– Deyir, ayın qaranlığında badam bağına gəl.

Gecə İbrahim padşah qızının badam bağına getdi. Gördü çarhovuzun qırağında bir taxt qoyulub, oturdu taxtın üstündə. Bir azdan sonra yuxuya gedib yatdı. Qız qaravaşlara dedi:

– Siz gedin oynayın, mən də bu saat gəlirəm.

Durub gəldi bağa. Gördü İbrahim yatıb. Cibinə bir moza qoyub qayıtdı.

İbrahim bir vədə ayıldı gördü heç kəs yoxdu. Əlini cibinə salıb gördü cibində bir moza var. Mozanı aparıb mamasına görkəzdi. Maması dedi:

– Bala, onu qoyub deyir ki, hələ uşaqsan, get moza oynatmağa.

Səhər yenə qız geyinib qırx incə qıznan gəldi hamama, suya girdi, çıxanda İbrahimin əlinə bir kömürnən bir gül qoydu. Oğlan yenə gəlib mamasından soruşdu. Maması ona dedi:

– Bala, bu o deməkdi ki, ayın qaranlığında gül bağına gəl.

Gecə İbrahim gül bağına gəldi, bir azdan sonra yuxu tutub yatdı. Qız gəlib gördü İbrahim yenə yatıb.

Bu səfər də bir ox-yay İbrahimin boynuna taxıb getdi.

İbrahim yuxudan ayılıb gördü ki, boynuna bir ox-yay taxılıb. Durub yavaş-yavaş gəldi evə, mamasından soruşdu:

– Mama, bu ox-yay nədi ki, qız boynumdan asmışdır?

Maması dedi:

– Bala, deyir uşaqsan, get yay-ox oynatmağa.

Qız səhər yenə hamama gəlib çimib çıxdı. Bu səfər də İbrahimin əlinə bir kömürnən bir fındıq qoydu. İbrahim tez evə gəlib dedi:

– Mama, bəs bu nədi?

Maması dedi:

– Deyir, ayın qaranlığında gəl fındıq bağına.

İbrahim getmək istəyəndə maması dedi:

– Bala, gətir bir barmağına baxım.

İbrahim barmağını görkəzən kimi, maması onun barmağını kəsib duz doldurub dedi:

– Yatsan öldürərəm səni.

İbrahim durub yavaş-yavaş fındıq bağına getdi. Barmağının ağrısından o gecə yata bilmədi. Qız gəlib çıxdı, başladılar söhbətə. Demə, bazar darğası da İbrahimin bağa gəlməsindən şəklənib bunları pusurmuş. Bunlar o qədər söhbət elədilər ki, yuxu tutdu, ikisi də yatdılar.

Bazar darğası bunları yatmış görüb, bir kilim gətirdi, hər ikisini kilimə sarıyıb meydana gətirdi. Səhər padşaha xəbər elədi ki, sənin kişi qismindən zəhləsi gedən qızın mənim evimi sökdürüb hamam tikdirən oğlannan bir yerdə yatıb, gətirmişəm meydana.

İbrahim kilimin arasından qulluqçunun birini çağırıb çox pul verdi, dedi:

– Üç daş götürüb, bir-bir vurarsan mamamın evinə.

Qulluqçu tez üç daş götürüb getdi, birincisini vuranda maması dedi:

– Tutdular.

İkincisini vuranda dedi:

– Sarıdılar.

Üçüncüsünü vuranda da dedi:

– Gətirdilər meydana.

Tez arvad durub bir az halva bişirdi, içinə də bihuşdarı daxil elədi, gətirdi meydanda qulluqçulara verdi. Hamı qulluqçular yeyib bihuş oldular. Sonra arvad kilimi açdı, özü kilimdə yatdı, qıza dedi:

– Sən bizi sarı.

Qız bunları sarıyıb getdi.

Padşah darğaynan meydana gəlib kilimi acdı, baxıb gördülər ayə, dayəynən öz qardaşı oğludu. Qarı dedi:

– Qibleyi-aləm, gör bunun dediyi nədi. Niyə bizi sarıyıb bura gətirib?

Padşah qarıynan İbrahimi açıb buraxdı. Bazar darğasının da boynunu vurdurdu.

Sabah açılan kimi qarı durub gəldi padşahın hüzuruna, dedi:

– Padşah sağ olsun, indi ki sənin qızının mənim qardaşım oğluynan adı çəkilib, gəl Allahın əmriynən onu ver İbrahimə.

Padşah razı oldu, qızı verdi İbrahimə. Bəli, səhər kəcavələri bəzəyib ehtiyatı hazırladılar. Qırx gün, qırx gecə toy eləyib qızı köçürdülər İbrahimə. İbrahim bir neçə gün mamasıgildə qalıb, sonra qızı da götürüb getdi atasının vilayətinə. Təzədən atası da qırx gün, qırx gecə toy elədi, mətləbi-muradlarına çatdılar. O yedi yerə keçdi, siz də yeyin dövrə keçin.


Tarix: 21.04.2013 / 18:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 719 Bölmə: Nağıllar