beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərzinin şagirdi

Biri var imiş, biri yox imiş, bir dərzi var imiş bunun da bir şagirdi varmış. Bu dərzi padşaha paltar tikirmiş ki, sabaha kimi hazır etsin. Odur ki, gecə şagirdi ilə işləməgə məşğul imiş. Dərzinin şagirdini gecənin bir vaxtı yuxu tutur; dərzi bunu gördükdə tez onu oyadır ki, qalx sabaha kimi paltar hazır olmasa padşah atamıza od vurar. Şagird uyqudan oyanıb ustadına deyir ki, qəribə yuxu görürdüm heyif oyatdın. Dərzi nə qədər bundan gördügü yuxunu söyləməyi xahiş edirsə oğlan cavab verir:

– Yuxum zahir olmasa söyləmərəm.

Qəzadan o gecə padşah şəhəri dolanırmış. Dolana-dolana dərzinin dükanının qabağına yetişəndə dükandan işıq gəldiyini görüb, darvazanın arasından baxanda görür ki, dərzi şagirdi ilə işə məşğuldur. Bir az qulaq asıb bunlar danışdığı sözlərin hamısını eşidir. Qərəz gecə paltarı tikib hazır edirlər və ertəsi gün şagirdin əlinə verib padşahın hüzuruna göndərir. Padşah şagirddən nə qədər soruşursa şagird ərz edir ki, yuxum zahir olmasa, söyləmərəm. Axırda padşahın açığı tutub bunu zindana salır. Padşah gündə bir dəfə şagirdi hizuruna istəyib gördüyü yuxunu buna söyləməyi əmr edirsə, şagird cavab verir ki, and olsun sənin tacına yuxum zahir olmamış söyləmərəm. Gənə padşahın acığı tutub onu zindana saldırdı.

Bir neçə müddətdən sora şagirdi zindanın dalını dəlir, zindanın dal səmti padşahın qızının həyətinə imiş. Oğlan gəldiyi yerdən çıxıb gedib padşahın qızının otağına girir. Baxıb görür ki, qız təxtin üstə yatmış, bir kəniz qızın ayağı üstündə, biri də başı üstündə oturmuşlar və bunlar da yatmışlar. Otağa göz gəzdirir ki, bir məstə də bir qab ləzzətli plov qoymuşlar. Oğlan əyləşir, doyunca plovdan yeyib genə də gəldiyi yol ilə zindana qayıdır. Padşahın qızı yuxudan qalxıb plovu yeyilmiş görəndə elə güman edir ki, onu kənizlər yemiş. Odur ki, onlara acıqlanır. Kənizlər isə and içib xəbərləri olmadığını qıza söyləyib onu inandırırlar. İki üç gecə bu hal davam edir. Axırda padşah işi həqiqət etmək üçün gecələr keşik çəkməyi qərara alır.

Gecənin bir vaxtı görür ki, qarı asıldı. İgid bir oğlan içəri girdi. Plovun cəmisini götürüb qabağına qoyub təmiz yedi və əlini yuyub təmiz silib ayağa qalxmaq istəyəndə, tez qız qalxıb biləyindən yapışıb kim olduğunu və buraya nə üçün gəldiyini bundan sorur. Oğlan əlacsız başına gələn qəzanı qıza nağıl edir. Qızın ona rəhmi gəlib buraxır. Bir gün qonşu vilayətin padşahı bir adam döndərib, bu şəhərin meydanında bir dairə çəkdirib bunun nəyə işarə olduğunu padşahdan sorur və özinə də deyir ki, cavab verə bilməsə, onda davaya hazırlansın. Padşah gəlib əhvalatını qızına söyləyib ondan tədbir istəyir. Qız isə cavab verir ki, bu işi zindandakılar yaxşı bilərlər çünki bekar olduqlarından həmişə fikir edirlər. Padşah gedəndən sora qız adam göndərib dərzi şagirdini çağırıb ona əhvalatı söyləyib deyir ki:

– Yarın atam səni hizuruna istəyəcəkdir və səndən dairənin nəyə işarə olduğunu soracaqdır. Onda ona söylə ki, qızını mana ver, söyləyim. Atam razı olacaqdır. Onda söylərsən ki, dairə ona işarədir ki, dünyanın cümləsi mənimdir. Ondan sora gedib dairəni iki bölərsən yəni yarısı sənin yarısı mənimdir. Sən də padşahsan, mən də. Onda onlar götürüb bir soğan qoyacaqlar, yəni aramıza acılıq düşər, onda sən də bir qılınc qoyarsan yəni dava edərsən. Onda o götürüb bir ovuc darı tökərsə, yəni mənim darı sayında qoşunum var. Onda sən də bir xoruz qoyarsan yəni bizim qoşunumuz sizin qoşununuzu xoruz kimi dənlər.

Qız bunları deyib oğlanı mürəxxəs edir.

Ertəsi gün padşah oğlanı hizuruna istəyib yuxunu söyləməyi tələb edir. Oğlan isə inadında davam edir. Sora padşah dairənin nəyə işarə olduğunu sorur. Oğlan cavab verir ki, qızını mana ver, söyləyim. Padşah söz verir. Odur ki, oğlan dairənin nəyə işarə olduğunu söyləyib, gedib dairəni iki bölür. Onlar götürüb bir soğan qoyurlar; bu da bir qılınc qoyur. Onlar bir ovuc darı tökürlər. Bu da bir xoruz qoyur. Qərəz, söz ilə onları məğlub edir.

Bir müddətdən sora həmən padşah bu padşaha üç erkək at göndərir ki, tapın görək bu atların hansı böyükdür və hansı daha kiçiydir. Padşah genə də qızının yanına gəlib ondan tədbir istəyir. Qız genə də əvvəlki cavabı verir. Padşah gedəndən sora qız oğlanı yanına çağırıb əhvalatı ona söyləyir ki, padşaha söylərsən ki, qızını mana ver, deyim. Razı olarsa, onda atı bu tövləyə salıb, yanlarına bir madyan buraxarsan və sora madyanın cilovundan tutub tövlədən çıxararsan, onda erkək atlar da onun dalıncan gələcəklər. Tövlədən qabaqcan çıxan böyük atdır; sora çıxan ortancıldır; axırda çıxan ən kiçik atdır. Ertəsi gün padşah oğlanı istəyib əvvəlcə yuxusun söyləməyi tələb edir. Gənə də oğlan inadına davam edir. Sora padşah atların yaşlarını təyin etməyi ondan tələb edir. Oğlan isə, qızını mana ver, söyləyim, – diyəndə padşah razı olur. Oğlan qızın söylədiyi kimi edib, qonşu padşahın elçisinə qalib gəlir.

Bir müddət padşaha bir düz ağac göndərib bunun uc tərəfiylə dib tərəfini təyin etməyi tələb edir.

Padşah genə də qızın yanına gəlib ondan təbdir istəyir. Qız genə də əvvəlki cavabı verir. Padşah gedəndən sora qız oğlanı çağırtdırıb əhvalatı söyləyib, oğlana deyir ki, bu dəfə atamdan tələb elə ki, kəbini kəsdirsin. Elə ki kəbin kəsildi ağacı suya atarsan. Əvvəlcə uc tərəf sudan çıxacaq sora da dib tərəfi.

Bunu deyib oğlanı yola salır.

Ertəsi gün padşah oğlanı genə də hizurinə istəyir və oğlandan yuxusunu söyləməyi tələb edir. Oğlan genə də əvvəlki cavabı verir. Sora padşah ağacı uc tərəfi ilə dib tərəfini təyin etməyi xahiş edir. Cavab verir:

– Qabaqca qızın kəbinini kəsdir, sora təyin edim.

Padşah əlacsız qızın kəbinini kəsdirib oğlana verir. Sora oğlan qızın dediyi kimi ağacı suya atmaq ilə uc tərəfi ilə dib tərəfini təyin edib genə də elçiyə qalib gəlir.

Bir neçə aydan sora qonşu padşah şaha kağız yazıb təvəqqe edir ki, kürəkənini ona qonaq göndərsin. Oğlan əhvalatı qıza söyləyir. Qız götürüb həmən padşahın qızına bir kağız yazır ki, qoyma, atandan bu oğlana bir zərər yetişsin.

Oğlan kağızı alıb gedir, kağızı qabaqca padşahın qızına verir. Bu padşah bir bəhanə ilə oğlanı öldürmək istəyirmiş, odur ki, təklif edir ki, qırx günə kimi bu qayadan mana bir don tikəsən, yoxsa boynunu vırdıracağam.

Oğlan gəlib əhvalatı padşahın qızına söyləyir. Qız cavab verir ki, qorxma, vədə günündə səndən sorsa ki, niyə tikməmişsən? Cavab ver ki, sap vermədin onda padşah nökərlərə acıqlanacaq ki, niyə buna sap vermədiniz? Sən söylə ki, o sap ilə tikmək olmaz, gərək qumdan sap eşilsin. Onda deyəcək qumdan sap eşilərmi, cavab ver ki, bəs qayadan don tikilərmi? Padşahın sözü kəsilər.

Oğlan qız dediyi kimi edib padşahı sakit edir.

Padşahın oğlan xoşuna gəlib o da qızını buna verir. Oğlan qızı götürüb öz vilayətinə gəlir. Bir ildən sora bunun hər arvaddan bir oğlu olur. Bir gün oğlan oğlanın birini bir dizinin, o birini bir dizinə alıb, arvadının da biri sağda, biri solda oturmuş. Bu halda padşah qapıdan daxil oldu, oğlan istiyir ki, ayağa dursun padşah başınan qoymur.

– Gecə yuxuda dördim ki, bir ulduz sağ dizimdə, biri sol dizimdə, biri sağımda, biri solumda oturtmuşam. Bu halda gördüm göydən ay gəlib başımnan basdı, – deyib yuxusun söylədi.

Bundan sora şad və rahat yaşayıb, yeyib içib kefdə-damaqda olurlar.


Tarix: 21.04.2013 / 17:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 480 Bölmə: Nağıllar