beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tomris

Həyatı
Tomris haqqında əsas məlumat Herodotun Tarix əsərində qorunmuşdur. Onun doqquz hissədən ibarət "Tarix" əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ənənələrinə uyğun olaraq, miflə gerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredot haqlı olaraq, dünyanın ən görkəmli tarixçilərindən sayılır. Heredotun kitabında yer alan hadisələrdən biri də Əhəməni hökmdarı Kirin e. ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır. Kir müasir Azərbaycan respublikası ərazisində, Araz çayından şimalda yerləşən Massaget çarlığına (bir çox tarixçilər bu çarlığı Orta Asiyada yerləşdirir, Arazı isə Amudərya ilə eyniləşdirirlər. Çünki massagetlər Orta Asiyada da yaşayırdılar) yürüşü zamanı öldürülmüşdü. Bu rəvayətin qəhrəmanı massagetlərin qətlə yetirilmiş şahının dul qadını Tomirisdir. Heredot yazır: "Massagetlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasında yaşayırdılar." Bəziləri onları skif tayfalarından sayır. Massagetlərin şahı ölmüş, tayfanın başına onun dul qadını Tomiris keçmişdi. Kir öz elçilərini göndərərək, onunla evlənmək istədiyini bildirir. Ancaq Tomiris anlayır ki, Kir onunla evlənmək yox, bu yolla Massaget çarlığını ələ keçirmək istəyir və elə buna görə də həmin təklifi rədd edir. Belə olduqda Kir hiyləgərliklə öz istəyinə nail ola bilmədiyini görüb, massagetlər üzərinə açıq hücuma keçdi. Araz çayından keçmək üçün Kir gəmilərdən körpü düzəltmək və həmin gəmilərin üzərində qüllələr qurmaq haqda əmr verir.

Kirin qoşunu bu işlərlə məşğul olarkən Tomiris carçıları çağırıb, onların dili ilə Kirə belə bir müraciət etdi: "Ey Əhəməni hökmdarı! Öz niyyətindən geri çəkil. Axı sən irəlicədən bilə bilməzsən ki, bu körpülərin qurulması sənə xeyirdir, yoxsa ziyan? Bu işin başını burax, get öz ölkəndə şahlıq elə və bizim öz ölkəmizdə hökmranlıq etməmizə paxıllığın tutmasın. Ancaq sən əlbət ki, bu məsləhətə qulaq asmayacaq və öz bildiyin kimi hərəkət edəcək, aramızdakı sülhü pozacaqsan. Əgər sən massagetlərin üzərinə hücuma keçməyi belə çox istəyirsənsə, körpü qurulmasını dayandır. Rahatca ölkəmizə gir, biz qoşunlarımızı çaydan üç günlük məsafəyə geri çəkərik. Yox, əgər sən bizi öz torpağına buraxmaq istəyirsənsə, işini davam elətdir." Bu müraciətdən sonra Kir fars əyanlarını öz yanına çağırtdırıb, onlardan məsləhət istəyir. Hamı bir ağızdan məsləhət görür ki, Tomirisin qoşununu burada gözləmək daha məqsədəuyğundur.

Müşavirədə iştirak eləyən lidiyalı Krez isə bu qərarın əleyhinə çıxır. "Mənə belə gəlir ki, biz gərək çayı keçərək, ölkənin içərilərinə doğru irəliləyək. Onlar geri çəkildikcə biz irəliləyək. Mən bilən fars həyat tərzinin gözəllikləri və bizim aldığımız böyük həzz və ləzzətlər massagetlərə məlum deyil. Buna görə də mən düşünürəm ki, biz gərək öz düşərgəmizdə onlar üçün qonaqlıq düzəldək, çoxlu qoyun kəsək, masaların üstünə şərab və cürbəcür yeməklər düzək. Bütün bunlardan sonra az miqdarda qoşunu orda saxlayıb, qalanları ilə çaya tərəf geri çəkilək. Əgər mən öz düşüncəmdə yanılmıramsa, düşmən bu tələyə düşərək, özünü nemətlərimizin üstünə atacaq və bizim böyük hünərlər göstərməmiz üçün şərait yaranacaqdır." Beləliklə, məşvərətçilərin fikirləri haçalanır. Kir özünün əvvəlki fikrindən daşınaraq, Krezin təklifinə tərəfdar çıxır. Şah Tomirisə xəbər göndərir ki, biz sənin ölkənə keçmək istəyirik, geri çəkil. Tomiris də sözünə əməl edərək qoşununu geri çəkir. Belə olduqda Kir Krezi öz varisinə – oğlu Kambizə həvalə edir. Hökmdar oğlundan israrla xahiş edir ki, Krezə hörmət göstərilsin və (əgər massaketlər üzərinə hücum baş tutmasa) onu himayə etsin. Beləliklə, Kir Kambizi İrana göndərib, özü qoşunla birgə çayı keçir. Bir günün içində Arazı keçən Kir Krezin təklifinə əməl edir. Düşərgəsində ən zəif dəstəsini qoyaraq, özü güclü qoşunları ilə geri çəkilir. Massaget hissələri düşərgəyə hücum çəkib, zəif farslara qələbə çalır. Krezin dediyi kimi, qələbəni qeyd etmək də yaddan çıxmır. Yeyib-içdikdən sonra massagetləri yuxu tutur. Beləliklə, onlar yuxuda ikən farsların hücumuna məruz qalır, bir çoxları ölür, bir çoxları isə əsir düşürlər. Massagetlərin sərkərdəsi, Tomirisin oğlu Sparqapis də əsir düşənlərin içərisində idi.

Tomiris qoşununun və oğlunun aqibətindən xəbər tutan kimi Kirin yanına çapar göndərir. Çapar deyir: "Qaniçən Kir! Öz hünərinlə öyünmə! Şərab başa vuranda siz farslar bu üzüm suyundan məst olur və ləyaqətsiz sözlər danışarsınız. Bax, elə həmin zəhrimarla da siz mənim oğlumun qoşununa qalib gəlibsiz. Əgər hiylə ilə qələbə çalmasaydınız, şərəfli döyüşdə silah gücünə heç nə eləyə bilməzdiniz. İndi gəl massagetlərin üçüncü hərbi hissəsini yenəndən sonra xoşluqla mənim məsləhətimə qulaq as: oğlumu qaytar və necə gəlmisənsə, eləcə də sağ-salamat çıx get. Əgər bunu etməsən, and olsun bütün massagetlərin pənahı olan Günəş allahına ki, mən doğrudan da səni qan gölündə boğaram."

Kir isə bu sözlərə əhəmiyyət vermədi. Tomirisin oğlu Sparqapis şərabın dumanı başından çəkilən kimi hansı vəziyyətə düşdüyünü anlayır və Kirdən əllərini açdırmasını xahiş edir. Əlləri açılan kimi şahzadə özünü öldürür.

Tomiris Kirin məsləhətə qulaq asmadığını bilən kimi öz qoşunu ilə farslar üzərinə hücuma keçir. Bu, türk tayfalarının döşmənə qarşı keçirdiyi ən böyük və ən qanlı döyüş idi. Döyüşün gedişi haqda məlum olanlar bunlardır: əvvəlcə düşmən qoşunları üz-üzə duraraq, uzaqdan bir-birini oxa tutdular. Sonra nizə və xəncərlə əlbəyaxa döyüşə keçdilər. Döyüş uzanır, heç kim geri çəkilmək istəmirdi. Nəhayət, massaketlər qələbə çaldılar. Az qala farsların hamısı döyüş meydanında həlak oldu. Kirin özü də öldürüldü. Onun 29 illik hakimiyyətinə son qoyuldu. Tomiris şərab badəsini insan qanı ilə dolduraraq, Kirin cəsədini tapmağı əmr etdi. Onun başını badənin içinə soxaraq belə söylədi: "Mən sağ qalsam da, sən məni məhv etdin. Sən hiyləgərliklə mənim oğlumu əlimdən aldın. Mən demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından."

Tomris xatunun rəhbərlik etdiyi Massaget çarlığı isə onun adı bizə bəlli olmayan əri tərəfindən təxminən Əhəmənilər dövləti ilə eyni dövrdə Dərbənddən Şirvana qədər olan Azərbaycan torpaqlarında yaradılmışdı.Belə ki,massagetlər əvvəlcə Midiya dövlətinə tabe edilər.Lakin fars Əhəmənilər türk madayların hakimiyyətini zəbt etdikdən sonra mərd massagetlər onlara tabe olmayaraq özlərinin müstəqil bəyliklərini qurmuşdular.Mərkəzləşdirilmiş Qafqaz Albaniyası yaradıldığı zaman isə massagetlər Qafqaz albanlarına tabe olmuşdular.


Tarix: 28.01.2015 / 18:13 Müəllif: Feriska Baxılıb: 642 Bölmə: Midiya