beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kir və Astiaq Herodotun qeydlərində

Yunan tarixçisi Herodotun verdiyi məlumata görə Astiaq qızı Mandanadan olan nəvəsinin ona qarşı çıxacağı və onun imperiyasını məhv edəcəyi haqqında yuxu görür. Bu qorxunc yuxudan sonra Astiaq qızını, "cəld və ağıllı şahzadə" kimi tanınan və təhlükəli görünməyən I Kambizə ərə verir.

Mandananın övladının onunçün təhlükə doğurması haqqında ikinci yuxudan sonra, Astiaq öz sərkərdəsi Harpaqı qızının övladını öldürmək üçün Persiaya göndərir. Həmin uşaq isə gələcəkdə həqiqətən də Astiaqın hakimiyyətini devirəcək II Kir idi. Harpaq hökmdarın sülaləsindən olan insanın qanını axıtmaq istəmədiyindən, uşağı saxlamaq üçün, arvadı ölü uşaq doğmuş çoban Mitridata verir. Mitridat Kiri öz övladı kimi böyüdür, Harpaq isə Mitridatın ölü doğulmuş uşağını öldürülmüş Kir kimi Astiaqa göstərir.

Oğlan sağ-salamat on yaşına çatdıqda, maqlar bunu öyrənirlər. Astiaq maqların məsləhəti ilə Kiri çobandan alaraq Anşana, əsl valdeynlərinin yanına göndərir. Lakin Harpaq cəzadan qaça bilmir. Astiaq onun doğma oğlunu kəsdirərək, ətindən yemək hazırladır və qonaqlıqların birində onu Harpaqa yedirir.

Kir e.ə. 559-cu ildə hakimiyyətdə öz atasnı əvəz edir və e.ə. 553-cü ildə çoxdan Astiaqdan qisas almaq istəyən Harpaqın məsləhəti ilə babası Midiya hökmdarı Astiaqa qarşı üsyan qaldırır. Bu üsyan tarixə Fars qiyamı kimi daxil olmuşdur. Farslar və madaylar arasında gedən müharibənin üçüncü ilində, Pasarqad döyüşündə maday ordusu hökmdarın əmrlərinə tabe olmayaraq dağılır və beləliklə də maday sülaləsi devrilir və Midiya dövlətinin varlığına son qoyulur. Kir Astiaqın hakimiyyətini əlindən alır və onu təhqir edir. Hər nə qədər Harpaq sonralar ona lağ etsə də, Astiaq ölümünə qədər sarayını tərk etmir və Kirlə birgə sarayda qalır.

Çox məşhur əfsanəyə görə Kirin süd anası fahişə bir qadın olmuşdur. Herodot qeyd edir ki, çoban Mitridat Astiaqın qullarndan biri – madaylar arasında fahişə fars qadın kimi tanınmış Spakoyla birgə yaşamışdır.

Məğlubiyyəti
Həmin dövrün müasiri olan Nabondin Xronkası döyüş meydanında əsgərlərin Asitiaqa qarşı çıxması səbəbindən məğlub olmasını qeyd etsə də, bu işdə əli olması güman edilən Harpaqın adını çəkmir. Lakin Harpaq Astiaqın hakimiyyətinin ilk dövrlərindən Pasarqad döyüşünə qədər Midiya ordusunun ən yaxşı sərkərdəsi olmuş, onun ailəsi II Kirin qurduğu Əhəmənilər imperiyasında böyük nüfuza malik olmuş, Kirin hakimiyyəti dövründə o, böyük uğurlar qazanmışdır. Bütün bunları nəzərə aldıqda isə ordunun Astiaqa qarşı çıxmasının məhz, Harpaqın əməlinin bəhrəsi olduğunu düşünmək mümkündür. Kir Astiaqı məğlub etdikdən sonra, Midiya dövlətinin paytaxtı, Azərbaycanın ən qədim şəhərlərindən biri "bəyaz şəhər", zəngin və gözəl Ekbatan şəhərini talan etdi.

Adın etimologiyası
Herodotun Astiaq kimi yazdığı ad er. əv. 519-cu ilə aid Bisütun qaya yazısının farsca versiyasında İştivequ, babilcə versiyasında İştimequ (bu dildə v səsi yox idi) formalarındadır. İ. H. Əliyev bu adı Elam mənşəli saymış və elamca İştu allahının adının əks etdirdiyini yazmışdır. Həqiqətən də Midiyada ondan əvvəl İşteluku və İştesuku şəxs adları məlumdur. Lakin o, adın ikinci hissəsini izah edə bilməmişdir. Qeyd edilməlidir ki, qaya yazısının farsca versiyasında da adın sonunda u səsinin yazılması göstərir ki, bu səs, adətən, asur dilində adların sonuna əlavə olunan u adlıq hal şəkilçisi deyil. Ehtimal ki, ad Elam mənşəli İştu allahının adından və şumercə be şəkilçisindən və gu – mənimdir sözlərindən ibarət olmaqla İştu (allahı) mənimdir mənasındadır. Bəlkə də Elam mənşəli İştu (yaxud hurritcə İştu parlaq) allahının adından, şumercə be – hökmdar, bəy, cənab və ku – mənimdir sözlərindən ibarətdir. Ad hökmdar İştu allahım mənasındadır.


Tarix: 27.01.2015 / 18:54 Müəllif: Feriska Baxılıb: 207 Bölmə: Midiya