beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaumata üsyanı

Fars (pers) epik əsərlərinin leytmotivi olan İran-Turan qarşıdurmasının qaynağı, fars-türk münaqişələrinin başlanğıcı pers və mada əyanlarının hakimiyyət uğrunda mübarizəsi, İran imperiyası sarayındaki çevrilişlərdə gah pers, gah da mada sülalələrinin qələbəsi ilə bağlı yaranmışdır. Belə saray çevrilişlərindən biri də məşhur Qam Ata (Qaumata) üsyanıdır. Bu tarixi şəxsiyətin İran imperiyasındakı rolunu geniş tədqiq və təsvir edən onlarla iranşünasın heç biri onun etnik mənsubiyətini açmağa cəhd göstərməmişdir.

Herodot bu etnik qarşıdurmanı Əhəməni sülaləsindən olan İran şahı Kambizin (Kuruşun oğlu) dilindən verir. Qam Ata üsyanını eşidən Kambiz ölümqabağı fars əyanlarını yanına çağırıb deyir:

"Şahların öcünü sürdürən Tanrıların adını anaraq, sizlərə borcunuzun nə olduğunu söyləyirəm; bunu hamınıza, xüsusilə aranızda olan əhəmənilərə deyirəm. Taxtın madalılara keçməsinə yol verməyin, əgər hiylə ilə ələ keçirsələr, siz də hiyləyə baş vurun, əgər zorla alsalar, siz də zorla ordularınızla onların əlindən alın. Əgər bu dediklərimə əməl etsəniz, mən də diləyərəm ki, torpağınız sizə bərəkət, arvadlarınız evlad, sürüləriniz sərvət versin. Hər zaman azad yaşayın. Amma hakimiyəti geri almasanız və ya almağa cəhd etməsəniz, Tanrıdan dilərəm başınız bəlalardan qurtarmasın və yenə dilərəm ki, bütün iranlıların sonu mənimki kimi olsun"
— Herodot, II, 65.
Əhəməniərin ikinci şahı Kambiz e.ə. 522 – inci ilin martında Misir yürüşündə olarkən belə bir bəd xəbər alır ki, kiçik qardaşı Bardiyanın adıyla bir maq (Qam – Ata) üsyan qaldırıb, saray çevrilişi edibdir. Tələsik geri qayıdarkən yolda Kambiz müəmmalı şəkildə ölür. Hakimiyəti ələ alan Qam-Ata paytaxtı Ekbatana köçürür. Beləliklə, şahlıq yenə Mada sülaləsinə keçir. Yeddi aydan sonra yeddi pers əyanı sui-qəsd hazırlayaraq, gecə ikən maqı öldürürlər. Sui-qəsdçilərdən biri – Dara şah seçilir. Əhəməni sülaləsinin başqa qoluna mənsub soydan olan Dara yenidən hakimiyəti perslərə qaytarır. Bütün bu hadisələri Dara üç dildə (qədim fars, elam və akkad) Baqastan qayasına həkk etdirmişdir. Həmin hadisələri Herodot və digər tarixçilər də azacıq fərqlərlə qələmə almışlar və bütün bu olaylar İran-Turan qarşıdurmasının kəskin çağlarını əhatə edir. Sonralar Avesta bu qarşıdurmaya dini don geydirmişdir.

Herodot yazır ki, Smerdisi (Qam-Atanı) xalq çox sevirdi, çünki xalq üçün çox iş görmüşdü, o öləndə "perslərdən başqa" bütöv Asiya ağlayırdı.

Açıq mübarizəyə cəsarəti çatmayan Dara gecə qatili kimi hərəkət etdi. Təsadüfi deyildi ki, Qam-Atadan sonra hakimiyətə keçən Daraya qarşı imperiyanın əksər əyalətləri üsyana qalxdı. Tarixdə misli görünməmiş belə geniş xalq üsyanı bütöv Ön Asiyanı bürümüşdü.

"Dədə Qorqud" qəhrəmanlarından biri Kam-büre (müqəddəs qurd) adlanır, hadisələrdə birbaşa iştirak etməsə də, boylarda adı hörmətlə tutulan Bayındır xan ulu şaman soyundandır, Qam-qan (Qam xan) oğludur. Ona görə də, oğuz başçıları Bayındır xanın məsləhətləri ilə oturub-durur, mühüm dövlət işlərində onun tövsiyələrinə uyğun hərəkət edirlər. Atillanın qurduğu hun dövlətində Ata-Kam sayılan bəylərdəndir. Quzey Qafqazda Kam-bulat adını Noqay xanı (XVII əsr) və Kabarda knyazı da daşımışdır.

Maq üsyanından bəhs edən İ.M.Dyakonov deyir ki, Qaumatanı ideallaşdırmaq olmaz, bu münasibətdə daha irəli gedən M.A.Dandamayev isə, ümumiyətlə tarixdə Qaumata adlı üsyançının olmadığını yazır. Lakin Herodotun mada-pers olaylarını özündən uydurması fikri qəbul edilsə belə (Mada – fars müharibələrini təkcə herodot yox, bir çox antik tarixçilər təsvir etmişlər) pers şahı Daranın üç dildə Qam-Ata adını daşa həkk etdirməsi məsələsini izah etmək mümkün deyil.

Qam-atanı öldürən 7 fars sırasında Dara daha məkrli şəxsiyətdir. Herodot onun sifətlərini aydın cizgilərlə verir. Dara sui-qəsdi təxirə salmamaq üçün həmkarlarını şantaja çəkir, onlara – əgər başladığımız işi bu gün bitirməsək, özüm gedib maqa xəbər verəcəyəm – deyir. Yalançı olduğunu Dara özü də gizlətmir, saraya maneəsiz girə bilmək üçün belə plan cızır:

"Persiadan yeni gəldiyimi və şaha atamdan xəbər gətirdiyimi söyləyəcəyəm. Zira yalanın gərəkli olduğu yerdə yalan söyləməkdən çəkinməməliyik; istər yalançı olaq, istərsə doğrudan heç ayrılmamış olaq, eyni amacı güdmürükmü?"
— Herodot, III, 72.
Dara altı farsla xəlvətcə saraya girib Qam-Atanı öldürür və bununla da madalılar yenidən Əhəməni hakimiyətinin məngənəsinə düşürlər. Doğrudur, Daraya qarşı imperiyanın digər əyalətlərində olduğu kimi, Madada da xalq hərəkatı başlandı, lakin bu, son azadlıq üsyanı güclü orduya qarşı davam gətirməyən bir hərəkat idi. Buna baxmayaraq düz 200 ildən sonra Madanın bir parçası – Atropatena imperiyadan qırılıb müstəqil dövlət ola bildi.


Tarix: 27.01.2015 / 19:33 Müəllif: Feriska Baxılıb: 240 Bölmə: Midiya