beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dişin ağrıyır, çək qurtar, saçın tökülür...

Qədimdən qalma belə bir deyim var: gözəllik qaş-gözdür, yaraşıq saçdır. Bu söz çox uzun illər öncə deyilsə də, bu gün də öz aktuallığını itirməyib.

Zəmanə nə qədər dəyişsə də, dəb nə qədər müasirləşsə də, saçın tökülməsi heç kimə xoş gəlmir. Xüsusilə qadınlara. Ancaq saçın uzun olması hələ onun yaxşı olması demək deyil.
Gözəl saç sağlam, parıltılı, gur və qalın olmalıdır. Orqanizmin digər hissələri kimi saç da erkən gənclik çağlarında elə bir problem yaratmır. İllər ötdükcə, əzələlərimiz, sümüklərimiz, dərimiz kimi saçlarımız da qocalmağa başlayır: ağarır və seyrəlir. Saçın ağarması təbii proses olsa da, bu ən azı seyrəlmə kimi böyük problem yaratdığına görə narahatlıq doğurur. Ən pisi isə budur ki, xanımlar saçlarının təbii şəkildə ağarmasını gözləmədən müxtəlif kimyəvi boyalardan istifadə edirlər. Kimyəvi təsir isə bütün hallarda yaxşı nəticə vermir. Əvvəlki saylarımızın birində çoxlarını narahat edən kəpək problemi haqqında danışmışıq. Bu gün isə mövzumuz saçın tökülməsi və ağarmasıdır.
Saç tökülməsi
Bir qayda olaraq, problemin yaranmasının qarşısını almaq sonradan onu həll etməkdən daha asan olur. Bununçün adi qaydalara riayət etmək lazımdır ki, saçlarınız seyrəlməsin. Saç müxtəlif səbəblərdən tökülə bilər. Məsələn, qışın soyuq günlərində başıaçıq gəzərkən saç köklərinin əzələləri soyuqlayır. Bu isə saçın sürətlə tökülməsilə nəticələnir. Eyni zamanda kip baş geyimlərindən də istifadə etmək məsləhət deyil. Çünki baş sıxıldıqda qan dövranı və saç köklərinin qidalanması sistemi pozulur. Üstəlik, bu zaman onun tənəffüsü də pozulur. Təsadüfi deyil ki, kip hörülmüş, sıx yığılmış düzümlər saçın tökülməsinə səbəb olan amllərdəndir. Uzun müddət eyni yerdən tağ ayırmaq da bu hissədə saçların seyrəlməsinə gətirir. Saçları nəm halda yığmaq və hörmək də olmaz. Çünki nəm saçlar çox zərif olur, asanlıqla qırılır və tökülür. Qeyd etmək lazımdır ki, saçın tökülməsi ancaq onlara lazımı qədər qulluq edilməməsi, piy və tər vəzilərinin fəaliyyətinin pozulması və köklərin qidalanmaması ilə əlaqədar olduqda bunun qarşısını sərbəst şəkildə almaq mümkündür. Bəzən saç tökülməsi bütün orqanizmin, yaxud hansısa bir orqanın xəstəliyi ilə bağlı olur. Belə olan təqdirdə mütləq həkimə müraciət etmək və müalicə almaq lazımdır. Əgər saçınız tökülürsə və bunun səbəbi sərbəst qarşısı alına biləcək səbəblər siyahısına aiddirsə, aşağıdakı reseptlərin sizə köməyi dəyə bilər. Saç tökülməsinin qarşısını almaq üçün xalq təbabətində çox üsullar var. Bu üsullurdan ən geniş yayılanı müxtəlif cövhərlərlə başın dərisini silməkdir. Belə müalicənin effektli olması üçün tam kurs keçmək lazımdır. Cövhəri həftədə iki dəfə olmaqla bir ay müddətində başın dərisinə çəkmək lazımdır. Belə məhlullardan bir neçəsinin reseptini təqdim edirik.
* 100 qram xırdalanmış quru, yaxud təzə gicitkənin üzərinə 0,5 litr su və sirkə əlavə edib yarım saat qaynadın. 40 dəqiqə soyutduqdan sonra süzün.
* 2 xörək qaşığı palıd qabığı və soğan qabığına 1 litr qaynar su əlavə edib 1 saat vam odda qaynadın. Soyuduqdan sonra süzün və istifadə edin.
* 10 qram sivri qırmızı bibərin üzərinə 70 faizli 100 qram spirt əlavə edin. 6-7 gün saxladıqdan sonra süzün və üzərinə spirt qədərində qaynanmış su tökün. Bu maye müəyyən hissələrdə topa ilə tökülən saçların müalicəsi üçün uyğundur. Mayeni həftədə 2-3 dəfə yatmazdan əvvəl başın dərisinə çəkmək lazımdır.
* 4 hissə kalendula çiçəyi və xırdalanmış pıtraq kökünü 3 hissə mayaotu qozası ilə qarışdırın. 50 qram belə qarışığın üzərinə 1 litr su əlavə edib 10 dəqiqə qaynadın və yarım saatdan sonra süzün. Başınızı yuduqdan sonra bu maye ilə yaxalayın.
* Saçınızı ilıq su ilə sabunsuz yuyun. Bundan sonra 10-15 dəqiqə ərzində başınızın dərisini xörək duzu ilə sürtün bundan sonra isə yenidən ilıq su ilə təmiz yuyun. Bu tökülmənin qarşısını alan çox effektli və sınanılmış üsullardan ən geniş yayılanıdır.
Saç tökülməsinin qarşısını almaq üçün maskalardan da istifadə olunur. Həftədə 2-3 dəfə nəzərdə tutulan bu maskalar saçın rənginə təsir edə bilər. Buna görə də sarışın qadınların bir qədər ehtiyatlı olması məsləhət görülür.
Açıq rəngli saçlar üçün maska
1 xörək qaşığı xına, 1 xörək qaşığı qaynar su, 1 xörək qaşığı duru qatıq, bir neçə diş əzilmiş sarımsaq, 1/2 çay qaşığı kakao və 1 çay qaşığı balı qarışdırın. Sonra bura 1 yumurta əlavə edib bir az da qarışdırın.
Tünd rəngli saçlar üçün maska
Bir siqaretin tütünü, 0,5 stəkan tünd dəmlənmiş çay, 1 xörək qaşığı xına, 1 xörək qaşığı turşumuş süd, 1 yumurta sarısı, 1 çay qaşığı yağla həll edilmiş A vitamini, 1 çay qaşığı zeytun yağı və 1 çay qaşığı kakao buxarın üzərində eynicinsli kütlə əmələ gələnə qədər qarışdırılır.
Saçınızın rənginə uyğun gələn maskanı saçınızın dibinə çəkdikdən sonra başınızı əvvəl polietilenlə, üstündən isə dəsmalla bağlayın. İki saatdan sonra ilıq su ilə yuyun.
Ağarmayın, saçlarım...
Yaş üst-üstə gəldikcə, saçda rəng piqmenti melaninin miqdarının azalması onların rənginin ağarmasına səbəb olur. Bu təbii prosesdir və çox təəssüf ki, onun qarşısını almaq qeyri-mümkündür. Ancaq bir qədər ləngitmək olar. Bunun üçün ildə iki dəfə 1-2 ay ərzində A, E, S vitaminləri və riboflavin qəbul etmək lazımdır.
Ağ saçları süni boyalar vasitəsilə gizlətmək ən yaxşı üsuldur. Yuxarıda qeyd etdiyimiz kimi, xanımlar saçı boyamaq üçün heç bir səbəb axtarmırlar. Qapqara saçları bir günün içində sarı, qırmızı və digər rənglərə salmaq bizim üçün çətin deyil. Bəzən saçı boyamaqla həyatımızı belə dəyişə bilirik. Amma gəlin unutmayaq ki, bunun üçün qarşıda hələ çox vaxtımız olacaq. Əgər keyfiyyətsiz və ölgün saçlar sizi bezdiribsə, yaxud ağarmış saçlarınız artıq hamının diqqətini cəlb edirsə, onda çəkinmədən boyaya əl atın. Ən yaxşısı isə bunu gözəllik salonunda reallaşdırmaqdır. Beləliklə, siz saçların tamamilə rənglənməsinə nail ola bilərsiniz.
Boya seçərkən onun saçınızın təbii rəngindən bir ton açıq olmasına diqqət yetirin. Əgər saçlarınız hələ çox ağarmayıbsa, onda boya üçün tələsməyin. Saçınızın rəngində olan tonlaşdırıcı şampunlar bu məqsədlə istifadəyə yarayan ən yaxşı vasitədir. Əgər saçlarınızın üçdə bir hissəsi ağarıbsa, yumşaq boyalardan istifadə edin. Bundan başqa, təbii bitki boyalarından da istifadə edə bilərsiniz. Bu, saçları rəngləməklə bərabər onların problemlərini də aradan qaldırar. Belə boyaların təkibi qidalandırıcı maddələrlə zəngin olur.
Saçların erkən ağarması zamanı onları gicitkən kökü və yarpaqlarından hazırlanmış cövhərlə yaxalamaq lazımdır. Bunun üçün 50 qram quru gicitkənin üzərinə 0,5 litr su və 0,5 litr sirkə əlavə edib yarım saat qaynadın. Soyuduqdan sonra süzün və bir neçə gün ərzində hər axşam başınızın dərisini bu maye ilə silin. Təbii rəngi şabalıdı olan saçlar ağarmağa başlayanda aşağıdakı maskadan istifadə etmək olar: 1 xörək qaşığı rəngsiz xına, 1 xörək qaşığı kakao, əvvəlcədən suda isladılmış bir siqaretin tütünü, 5 ədəd əzilmiş mixək, 1 xörək qaşığı turşumuş süd, 5 millilitr A vitamini, 1 xörək qaşığı zeytun yağı və 1 yumurta sarısını qarışdırın. Alınan maska orta qatılıqda olmalıdır. Maska çox qatı olduğu təqdirdə ona bir az qaynanmış su əlavə etmək olar. Əmələ gələn maddəni buxarda qızdırın və yuyulmuş nəm saçların dibinə çəkin. Bundan sonra başınızı altdan polietilenlə, üstdən isə isti dəsmalla bağlayın. 2 saatdan sonra saçınızı iri dişli daraqla ehtiyatla darayın və şampunla yuyun.
Tünd rəngli saçların ağarmasının qarşısını almaq üçün onları yuduqdan sonra tünd dəmlənmiş çayla yaxalamaq lazımdır.


Tarix: 29.12.2012 / 17:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 759 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri