beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda ər-arvad bir-birini niyə qırır?

Ölkədə son illər artan ailədaxili qətl hadisələri son aylar daha çox vüsət alıb. Demək olar ki, ölkə ərazisində təxminən 3-4 gündən bir ailədaxili qətl hadisəsi baş verir. Ya ər arvadı öldürür, ya arvad əri, ya da ki, ailənin digər üzvləri biri-birini öldürür.

Təmiz Dünya İctimai Birliyinin ölkə mətbuatına istinadən hazırladığı statistikaya əsasən deyə bilərik ki, son üç ayda 33 ailədaxili qətl hadisəsi baş verib. Qətlə yetirilənlərdən 21-i qadın, 12-si isə kişidir. Ailədaxili qətlə cəhd hadisələrində isə kişilərin aşkar üstünlüyü var 24 kişi, 9 qadın.


Belə qətllərdən bir neçəsini nəzərinizə çatdırırıq.

2011-ci ilin ilk üç ayının ilk belə hadisəsi yanvarın 4-də Bakının Səbail rayonunda baş verib. Oğul atasını ölümcül döyüb, nəticədə ağır kəllə beyin travması alan 54 yaşlı ata başından əməliyyat olunub.

Yanvarın 5-də isə Gəncə şəhərində 29 yaşlı Arzu Həsənov həyat yoldaşına çoxsaylı bıçaq zərbələri vuraraq öldürüb. Onun iki azyaşlı uşağı isə artıq anasız böyüyəcək. Yanvarın 7-də Qəbələ rayonunda 54 yaşlı kişi arvadını və gəlinini bıçaqlayıb.

Ayın 11-də isə Bakının Nizami rayonunda tükürpədici ailə dramı baş verib. 37 yaşlı Rövşən Mehrəliyev anasını, arvadını və iki azyaşlı uşağını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. O, sonda polisin gəldiyini görüb intihara cəhd edib, amma özünə yetirdiyi xəsarət öldürücü olmayıb.

Yanvarın 12-də Sabirabadda ana ilə qızı evdə başları kəsilmiş halda tapılıb. 82 yaşlı ana Xalidə Güləliyeva və onun 54 yaşlı qızı Əzizbəyimi qətlə yetirənin yaxın adam olduğu güman edildiyindən, ilkin olaraq onların qohum və yaxınlarının dindirilməsinə başlanılıb. Nəticədə bir neçə gün sonra qətlin 82 yaşlı qadının 50 yaşlı oğlu Əbülfəz tərəfindən törədildiyi məlum olub.

Yanvarın 13-də Hacıqabulda 39 yaşlı Şakir Aşurov bacısının ərini güllələyib. Bakının Qaradağ rayonunda 32 yaşlı ər arvadını ölümcül döyüb və qadın bir gün sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Yanvarın 20-də isə Gədəbəyin Zamanlı kənd sakini, 1975-ci il təvəllüdlü Ədalət Hüseynov öz evinə od vuraraq ailə üzvləri ilə birlikdə özünü yandırıb.

Ən dəhşətli və insanlığa sığmayan qətllərindən biri də Suraxanı rayonunda baş verib. 5 yaşlı Sevinc Şahlar qızı Həsənova yerini islatdığı üçün ögey analığı və atası tərəfindən döyülərək qətlə yetirilib.

Hazırladığımız bu yazıya qədər ən son ailədaxili qətl hadisəsi isə Sumqayıt şəhərində baş verib. Aprelin 11-də Sumqayıt şəhər sakini 29 yaşlı Gülnarə Vahid qızı Nəsirova keçmiş həyat yoldaşı Taleh Əmirağa oğlu Hüseynov tərəfindən çoxsaylı bıçaq zərbələri alıb. Onu xəstəxanaya aparmaq istəsələr də artıq gec olub, çünki zərbələrdən ikisi qadının düz ürəyinə saplanıb. Polisə ifadə verən T.Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Qısqanclığı isə şəxsiyyətinə sığışdırmaması ilə izah edib.

Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, Tibb Universitetinin professoru Psixiator Nadir İsmayılov hesab edir ki, belə ailədaxili qətllər əsasən 2 səbəbdən baş verir.

Nadir İsmaylov hesab edir ki. belə qətllərə səbəb ər-arvad arasındakı uyğunsuzluqdur: “Qadın və yaxud da kişi öz məhəbbəti, sevgisi ilə yaşayır. Belə bir fikir formalaşır ki, beş gün ömrüm var, qoy onu gözəl, özüm istədiyim insanla yaşayım. Belə məsələlərdə bəzən hər ər (yaxud da arvad) qarşı tərəfin ayrılmaq hüququnu başa düşmür və yaxud da qəbul etmək istəmirlər. Burada bir az dərinə gedib onların evlənmə vəziyyətinə baxsaq görərik ki, bəlkə onları heç biri-birilərini yaxşı tanımadan evləndiriblər".

Psixoloq çarə kimi psixoloji mərkəzin yaradılmasını və evlənmək istəyənlərin oradan məsləhət almasınə təklif edir. N. İsmayılovun fikrincə, evlənməzdən əvvəl həkim müayinəsindən və psixoloji testlərdən keçmək lazımdır.

«Evlənən adamların xasiyyəti, intellekti, ailələrinin iqtisadi vəziyyəti uyğun gəlməlidir. Bundan başqa, qohumlararası münasibətlər də vəhdət təşkil etməlidir. Dünya səviyyəsində qəbul olunduğu kimi, ailənin normal yaşaması üçün 13 faktor olmalıdır. Aparılan təcrübə və araşdırılan yoxlamalar göstərir ki, onlardan ikisi uyğun gəlməyəndə artıq ailədaxili konflikt yaranır. Bu faktorlara xarici görünüşlərin bir-birinə uyğun olması, yaş, ailələrarası uyğunluq və s. daxildir».

Psixoloq hesab edir ki, o ailədə ki, intellekt, səviyyə, xasiyyət uyğunluğu var, orada konflikt az olur.

«Seksoloji istək də mütləq uyğun gəlməlidir. Bunlar hamısı şərtdir. O, yoxdursa, tərəflərdən biri daimi stress içində olur. Misal üçün götürək qadını. Belə olan halda o, daimi axtarışda olur, qənaətlənmir və bunu evdən kənarda axtarır. Tapan kimi isə əldə də mobil telefon, gizli mesajlar, gizli görüşlər başlayır və s. Ər də bunu biləndə bax bu cür ağır nəticələr ortaya çıxır”, deyə N. İsmayılov qeyd edib.

Nadir müəllim hesab edir ki, iqtisadi vəziyyət də bəzən qətllərə səbəb olur: “Ailədaxili məsələlərdən başlamış məmur özübaşınalıqlarına qədər olan bir çox məsələlər qətllərə səbəb olur. İndi rüşvətin qabağını alıblar, amma əvəzinə insanları get-gələ salıblar. İnsanlar indiyə kimi pul verib işlərini həll edirdilərsə, indi onların işi yubadılır. Bəziləri razıdır ki, əvvəlki kimi pulunu verib tez bazar işi həll etsin. Get-gələ düşmək insanların özü üçün daha həyəcanlı, daha streslidir”.

Nadir müəllim deyir ki, ata-oğulu, oğul atanı, qardaş-qardaşı, oğul ananı qətlə yetirirsə, burada birinci amil ailənin tərbiyəsindədir, ikinci isə yenə də iqtisadi amilin üzərinə gəlib çıxır.

Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev isə bildirir ki, burada bir çox məsələlər var: “Birincisi, münaqişəli ailələrə polis nəzarətinin nisbətən zəifləməsidir. Əvvəllər bir qayda olaraq ərazi polis bölmələrində əraziyə baxan sahə inspektorları münaqişəli ailələrə nəzarət edirdilər, belə ailələrlə profilaktik tədbirlər keçirilirdi və sair. İndi də elə olmalıdır. Sahə inspektorları nəzəri-profilaktik tədbirləri genişləndirməli, münaqişəli ailələri nəzarətə götürərək qeydiyyat hesabatını düzgün aparmalı, sosial-qitisadi problemi həddindən artıq ağır olan və bu səbəbdən evdə tez-tez dava-dalaş olan ailələr haqda müvafiq İcra Hakimiyyətinə müəyyən məlumatlar verməlidirlər və sair. Son 15 ildə demək olar ki, həmən iş bərbad vəziyyətdədir».

M. Hacıyev deyir ki, digər tərəfdən son 10-12 ildə dünyada sosial-iqtisadi sahədə problemlər həddindən artıq çoxalıb. Belə problemlərin çoxalması insanların psixoloji durumuna yüksək dərəcədə təsir edir:

«Məhkəmə psixoterapiyası ilə məşğul olan məşhur psixiatorlar deyir ki, həddindən artıq sosial-iqtisadi problemlər insanların psixologiyasına müəyyən qədər təsir edir. Bu səbəbdən hətta elementar bir ailə münaqişəsi böyük faciələrlə sonlanır. Münaqişəli ailələrdə sabitliyin yaranması üçün digər problemli məsələlər az olmalıdır”.
Sabiq polis rəisinin sözlərinə görə, digər tərəfdən Azərbaycan öz milli mentalitetini itirmək üzrədir.
»Əvvəl böyüyə hörmət yüksək səviyyədə idi. İndi bu itməkdədir. Ailədə hər zaman ağsaqqal olub və onun sözü eşidilib. Onlar belə mübahisələr başlayan zaman məsələyə müdaxilə edirdi, cavanlar isə onun dediyinə əməl edirdi. İndi isə belə şeylər itmək üzrədir”, deyə sabiq polis rəisi vurğuladı.

M.Hacıyev bildirir ki, baş verən ailədaxili qətllərin böyük bir hissəsi məcburi köçkün ailələrində baş verir: “Mən Gəncədə, Bakının Yasamal və digər rayonlarında baş verən ailədaxili qətlləri diqqətlə izləmişəm. Bu ailələr məcburi köçkün ailələridir. Dünyanın öncül kriminoloqlarının, psixiatorlarının dediyinə görə, hər hansı ailə, tayfa, nəsil təxminən 10 il ərzində məcburi köçkünlük həyatı keçirirsə, onun psixoloji durumu həddindən artıq gərginləşir. Yəni o insanlarda cinayət tərkibli əməllərə qarşı meyl güclənir. Bu, dünyada nəzəri və praktiki olaraq sübut olunmuş fikirlərdir”.


Tarix: 06.12.2012 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1274 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri