beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müdrik insan və qadın

Bir dəfə göz yaşları içərisində olan bir qadın qoca müdrikin yanına gəlir.

— Axı mən nə edim — yanağından süzülən göz yaşları arasında o, soruşur:

— Mən həmişə insanlarla xoş davranmaq, onlara qarşı xeyirxah olmağa çalışıram, bacardığım qədər kömək edirəm. Baxmayaraq ki, hamı ilə mehriban və qayğıkeşəm, əksər hallarda minnətdarlıq və hörmət əvəzinə, qismətim haqsızlıq və acı hərəkətlər, küskünlük olur. Mənə qarşı sanki düşmən kəsilirlər. Axı mənim günahım yoxdur. Bu ədalətsizlik məni lap taqətdən salır, göz yaşlarıma hakim ola bilmirəm. Mənə bir çarə qılın.

Müdrik insan ona baxır və üzündə təbəssümlə deyir:
— Başdan ayağa soyun və şəhərdə beləcə çılpaq gəz.

— Siz ağlınızı itirmisiniz, nədir? – qadın hiddətlə deyir – belə görkəmdə məni hər yoldan keçən təhqir edər, alçaldar, təcavüz edər, Allah bilir başıma nələr gətirərlər.

Onda müdrik qapını açır və stolun üzərinə güzgü qoyur.
– Görürsən, sən insanların qarşısına çılpaq vücudla çıxmağa qorxursan, öz gözəl bədənini nümayiş etdirməyə çəkinirsən. Bəs onda nəyə görə ruhun çılpaqdır, qəlbini taybatay açaraq, gəzib dolaşırsan. Tənbəllik etməyən hər kəs sənin həyatına daxil olur. Onlar sənin xeyirxah əməllərində güzgüdəki kimi öz mənfi hərəkətlərinin günahlarını, əksikliklərini görürlər. Ona görə də səni şərləməyə, alçaltmağa, incitməyə çalışırlar. Heç də hər kəsin cəsarəti çatmır ki, başqa birinin ondan yaxşı olduğunu qəbul etsin, boynuna alsın. Dəyişmək istəməyən naqis insan dürüst insanla düşmənçilik edir.

— Bəs, onda mən nə edim? — qadın soruşur

— Gedək, sənə öz bağımı göstərim, – qoca sözlərinə davam edir. Bağa gedərkən qoca söyləyir:

— Uzun illərdir ki, mən bu gözəl gülləri becərir, onlara su verir və qulluq edirəm. Amma mən heç zaman bir qönçənin necə açıldığını görmədim, baxmayaraq ki, sonra mən onların hər birinin ətrindən və gözəlliyindən zövq alıram. Onda sən də gül kimi ol: insanlara öz ürəyini tələsmədən, gözə görünmədən aç. Mütləq fikir ver ki, kim sənə və səninlə dost olmağa layiqdir və kimin əməlləri xeyirlidir – yəni kim çiçəklərə su verir, kim isə onun ləçəklərini qopardaraq, ayaqlar altına atır.


Tarix: 03.12.2014 / 14:18 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Maraqli Hekayeler