beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədəvi və filosof

Bir bədəvi dəvəsinə buğda ilə dolu, iki dənə iri çuval yükləyib aparırdı. Özü isə bu iki çuvalın arasında oturmuşdu. Yolda birisi onu söhbətə tutaraq, ondan yerini-yurdunu soruşdu, söhbətə nərdivan qoydu. Bu sual-cavab sırasında xoş sözlər söyləməklə, gözəl ifadələr dilə gətirdi.


Daha sonra bədəvidən soruşdu:
— Bu iki çuvalda nə var belə, söyləsənə bir? Bədəvi bu sualın cavabında:
— Birində qum, digərində isə insan qidası olan buğda — dedi.

Həmsöhbəti ondan:
— Neyləyirsən bu qumu? — deyə soruşanda, bədəvi:
— Buğda çuvalı tək olmasın deyə, bu qum çuvalını isə tarazlıq olsun — deyə cavabını verdi. Yol yoldaşı bədəviyə dedi:
— Bir azca ağlını işlətsəydin, buğdanın yarısını bir çuvala, qalanını isə digər çuvala doldursaydın, daha yaxşı olmazdımı? Bundan həm çuval yüngülləşərdi, həm də dəvənin yükü azalardı.

Bədəvi ona:
— Afərin sənə, ey ağıllı və zehni açıq filosof! — dedi. Bunca incə düşüncən və gözəl hesabın var ikən bəs sən necə olur ki, belə çılpaq dolaşırsan, hələ də piyadasan?!

Bu sözlərlə xeyirxah qəlbli bədəvi filosofun halına acıyaraq, onu da öz dəvəsinə mindirmək istədi. Təkrar ona:
— Ey xoş sözlü filosof! Bir az öz halından söz eylə! Səndə ki bunca ağıl və düşüncə var, hər halda sən ya vəzir olarsan, ya da padişah. Kimliyini bəsdir gizlətdin, doğrunu söylə…

Filosof dedi:
— Bunların heç biri deyiləm, adi xalqdan birisiyəm. İnanmırsansa, durumuma və geyimimə bax, nə olub-olmadığını anla.
Bədəvi yenə soruşdu:
— Neçə dəvən, neçə öküzün var?
Filosof qayıtdı ki:
— Nə bundan, nə də ondan varımdır. Gəl, könül yaramı qanatma, bu sualları çox da uzatma! Bədəvi isə susmurdu:
— Bəs dükandakı varın-yoxun, malın-mulkün nədir? Barı onları söylə!

Filosof ona:
— Bizdə nə kan xəzinə, sərvət) var, nə də məkan. Bədəvi alimə dedi:
— Elə isə paranın, pulunun qədərini söylə. Sən ki belə yapyalnız yola çıxmısan və hər kəsə dərin nəsihətlər verirsən, belə zənn etmək olar ki, dünyadakı misləri qızıla çevirəcək kimyaya sahibsən. Axı, ağıllı, bilgili kəslərin inciləri yığın-yığın olur.

Filosof ona dedi:
— Ey ərəb qövmünün ağsaqqalı! Vallahi və billahi bütün varım-yoxum heç bir axşam yeməyimin qarşılığı qədər deyildir. Yalınayaq və çırılçılpaq ora-bura qaçıram. Kim bircə dilim çörək boyun olsa, durub ora gedirəm. Bu fəzilətdən, bu hikmətdən və bu hünərdən ancaq boş xəyal və başağrısı əldə eləyə bilmişəm.

Bu sözlərdən sonra bədəvi filosofa dedi:
— Çəkil yanımdan, məndən uzaq dur! Birdən sənin uğursuzluğun mənim də üstümə qonar və məni yoxsul qılar! O uğursuz hikmətini məndən uzaqlaşdır! Sənin öyüdlərin zəmanə xalqına uğursuzluq gətirən sözlərdir. Gəl, ya sən o tərəfə get, ya da mən bu tərəfə gedim. Yaxud sən qabağa düşüb get, mən bir az arxadan gəlim. Yeri gələndə mənim bir çuvalımın qum, digərinin isə buğda ilə dolu olması sənin o hikmətlərindən daha yaxşıdır.


Tarix: 03.12.2014 / 13:57 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Maraqli Hekayeler