beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəribə üsul

Artıq təqaüdə çıxmış və bir məktəbin yanında özünə yeni bir ev almışdı.
Heç olmasa, bundan sonra rahat və qayğısız yaşamaq istəyirdi. Bir neçə həftə sonra dərslər başladı. Elə birinci gündən dərsdən çıxan uşaqlar hay-küy salmağa, evinin qarşısındakı zibil qablarını dağıtmağa başladılar. Bu hay-küy sonrakı günlərdə də davam etdi. Artıq qoca bu işə bir çarə tapmalı idi. Ertəsi gün uşaqlar yenə zibil qablarını dağıtmağa başlayanda qoca onların qarşısına çıxdı və:

— Uşaqlar, sizin bu əyləncəniz mənim xoşuma gəlir. Hətta mənə öz uşaqlığımı xatırladır. Əgər yolunuzu hər gün buradan salsanız, sizə 1 dollar verərəm — dedi.
Bu təklif uşaqların da xoşuna gəldi. İndi hər gün onlar qocanın evinin qarşısından keçir, hay-küylə zibil qablarını dağıdırdılar. Bir neçə gün sonra qoca yenə uşaqların qarşısına çıxdı və:
-Uşaqlar, bilirsiniz ki, yaşamaq çətindir. Mən də ki qoca adamam. Uzun sözün qısası, bundan sonra sizə ancaq 50 sent verə bilərəm — dedi.
Bu söz uşaqların xoşuna gəlməsə də, razı olmaqdan başqa çarə yox idi. Aradan bir neçə gün də keçdi. Qoca yenə uşaqların qarşısına çıxdı və:
-Bilirsiniz, uşaqlar, bahalıqdır, çatdıra bilmirəm. Bəlkə bundan sonra sizə 50 sent yox, 25 sent verim — dedi.
Bu dəfə uşaqlar etiraz etdilər və:
-Siz nə danışırsınız? 25 sent nədir ki? İncimə, baba, biz 25 sent üçün bu işi görə bilmərik — dedilər.
O gündən uşaqlar bir daha qocanın evinin qarşısından keçmədilər.


Tarix: 03.12.2014 / 13:58 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Maraqli Hekayeler