beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əldən gedən dəyərlər

Nicat yerinə yenicə əyləşmişdi ki, sol tərəfdə əyləşən xanım soruşdu:
— Bağışlayın, Nizami 31-ə getmək üçün hansı dayanacaqda düşməliyəm?
Nicat fikirli idi deyə diksindi. Bəli..? – təkrar etməsini istədi.
— Nizami 31-ə deyirəm, necə gedə bilərəm?
— Hə, deməli belə...Mənimlə düşərsiz, mən yolun davamını sizə izah edərəm.
— Çox sağolun. Siz də ora gedirsiz?
— Xeyir, amma sizə yolu göstərəcəm, narahat olmayın...
Birazdan avtobus dayandı. İkisi də endilər. Bir xeyli birgə addımladılar. Ayrılacaqları yerə çatdıqda Nicat üzünü o xanıma tutub, canla-başla yolun davamını izah etməyə başladı: – Qarşıdan sağa dönərsiz, orada önünüzə bir hündür bina çıxacaq, restorandı. Onun sol tərəfindən keçib, düz axıra kimi gedərsiz...
Xanım Nicatı sanki heç dinləmirdi. – Dayanın, olar sizə bir sual verim, deyə gülə-gülə soruşdu.
— Əlbətdə olar.
— Düzünü deyin, siz bütün bu canfəşanlığı niyə edirsiz? Məndən xoşlanırsınız yoxsa?
— Necə..?! – Nicat qəfil sualdan çaş-baş qaldı.
— Deyirəm, yəqin bütün bu canfəşanlıqdan sonra “padxod” başlayacaq, yoxsa elə bu özü də «padxod»un bir növüdü..?
Nicatın qırıldı qol-qanadı yanına düşdü. Dərindən bir ah çəkib, biraz susdu. Və sonra özünü toparlayıb dilləndi: — Xanım, sizdə günah yoxdur.
— Bəs kimdi günahkar? – xanım Nicatın romantik bir cavab deyəcəyini zənn edərək nazlandı.
— Bütün günahlar sizin ətrafınızda, dostlarınızda, qohumlarınızda və ailənizdə olan kişilərdədir. Əgər onların arasında bircə nəfər belə ən azı mənim qədər kübar bir kişi olsaydı indi siz mənim etdiyim kiçik bir insani jestdə bu qədər dərin və iyrənc mənalar axtarmazdınız...
Cavab xanımın düz sifətindən dəydi. Dinməzcə döndü və getdi...

EPİLOQ:
İnsani dəyərlər o qədər cılızlaşıb ki, ən adi hərəkətlərdə də hər hansı bir mənfəət axtarılır. Qarşılıqsız edilən yaxşılığa dırnaq arasından baxılır. İnsanlar biribirinə şübhə ilə yanaşır. – Xeyir ola, o mənə filan yaxşılığı etdi..?
Artıq bir çox dəyərlər arxaik dəyərlər toplusuna qatışıb, onlara ancaq kitablarda, filmlərdə və s. rast gəlmək mümkündür. Aşırı rasionallaşma mənəviyyatı tamamı ilə sıradan çıxarıb.
Bu hardan qaynaqlanır? –deyə soruşsam, tez — savadsızlıqdan, məlumatsızlıqdan, kitab oxumamaqdan və s. deyəcəksiz. Axı təkcə oxumaqla da məsələ həll olmur. Elə sizli-bizli o qədər oxuyanlar görmüşük ki...

Oxuduğum cild-cild kitablar məni başqalarından fərqləndirmirsə, mən də hamı kimi bir yönlü düşünür, tufeyli həyat sürürəmsə, mən də başqaları kimi yolumu, yöntəmimi və istiqamətimi tapmayan sərgərdan biriyəmsə, üst-başım həyat əvəzinə içki qoxuyursa, dediklərimdən, danışdıqlarımdan yalnız puçluq, heçlik sədası eşidilirsə, mən də cahilin yekəsi deyiləmmi? “Nihilizm” adlı fəlsəfəni yaradanlar məgər “oxumuşlar” deyilmiydilər? Demək hər oxuyan Molla Pənah Vaqif olmurki heç, hər oxuyan adam da olmur...

Nə virusdu belə bu cahillik? Nə dərddi?
Görürlər Həzrəti İsa (ə) həyəcanla qaçır. Hara qaçırsan, ya İsa? –soruşurlar. — Xəstələrə şəfa verən, ölüləri dirildən mən cahillərə bata bilmədim, onların əlindən qaçıram deyir...

Əhli-beyt (ə) -da da belə idi. Əlinin (ə) məzlumiyyəti xilafət məsələsindən daha çox onun anlaşılmamasına görə idi. Əli (ə) məzlum idi çünki “Məni itirmədən öncə istədiyinizi məndən soruşun!” –dedikdə cahilin biri durub ondan başındakı saçın sayını soruşurdu. Məhz buna görə Malik Əştər Əliyə (ə) o tarixi sözü dedi: Ya Əli! (ə) kaş əlimdə imkan olaydı səni elə bir dövrana aparaydım ki, səni anlayaydılar...

Aydınlar həmişə cahillikdən, anlaşılmamazlıdan əziyyət çəkiblər. Baxın, cəhalət Sokratın sinəsinə elə bir dağ çəkir ki, təngə gəlib deyir: -Dünyada cəmi-cümlətani bir şər var, o da cahillikdir...

Ən acınacaqlısı budur ki, yeni tip cahillər peyda olub. – “savadlı, əliqələmli” cahillər. Gedib öz cahilliklərinin dərdini çəkməkdənsə gəlib başqalarını da o zülmətə sürükləmək istəyirlər. Axı cəhənnəmə gedən özünə yoldaş axtarar. Bir qara-qəpik dəyəri olmayan biriləri əllərinə qələm, kağız, mikrofon alıb xalqın dəyərlərini “eleştirirlər”. O düşüklükdü, bu geridəqalmışlıqdı deyə bar-bar bağırırlar. Təsəvvür edirsiz, vəfanı, sədaqəti, fədakarlığı geridəqalmışlıq kimi qələmə verirlər. Biz isə qulaqlarımızı tutub, susuruq. Guya ki, “tolerant” olmuşuq. İstənilən sözə, fikirə dözümlüyük...Qorxmuruqmu? Hər kəsə haq verə-verə haqqın özünü itirmərikmi? Görürük biri əlində küt bir lom, hamımızın sakini olduğumuz gəminin göyərtəsini dayanmadan döyəcləyir — deşir. Dinmirik, özü bilər, qoy deşsin deyirik, hətta özümüzə tolerant bir görkəm alıb dahiyanə gülümsəyirik də. Axı gəmiyə su sızsa bütün bir xalq batacaq, fərqində deyilikmi? Kim qaytaracaq bu dəyərləri insanlarımızın arasına? Hara gedirik biz?


Tarix: 03.12.2014 / 13:25 Müəllif: Aziza Baxılıb: 105 Bölmə: Maraqli Hekayeler