beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Real həyat hekayəsi

Mart ayı gəlmişdi, amma qızım hələ də oxumağa başlamamışdı. Ev tapşırıqlarını etməmək üçün min cür bəhanə tapırdı. Əlimdən gəldiyi qədər ona kömək edir, oxumağa həvəsini artırmağa çalışırdım.


Ancaq heç bir irəliləmə olmurdu ki olmurdu. Elə bil prinsipə düşüb oxuma-yazma öyrənməməyə and içmişdi. Müəlliməliyin qazandırdığı təcrübəmdən hər tərəfli istifadə etməyə çalışırdım, amma heç birinin faydası olmadığı üçün daha da qorxuya düşürdüm.

Qızımdan bir yaş kiçik oğlum və hələ yeddi aylıq olan övladıma ayırdığım vaxtlardan oğurlayıb, qızıma daha çox vaxt ayırırdım, ancaq hər dəfə müəllimi ilə danışdıqdan sonra qanadlarım qırılırdı elə bil. «Bəlkə qızımın beyin inkişafı geri qalır?» kimi düşüncələrə qapılır və bu səbəbdən də yaranan baş ağrılarını sakitləşdirmək üçün hər gün 2-3 ədəd dərman qəbul edirdim.

O soyuq mart axşamı sönmək istəyən sobanın yanında qızıma heca-heca oxumaq öyrətməyə çalışarkən, onun bivecliyi olan-qalan səbrimi də tükətdi. Qollarından tutub silkələdim və bapbalaca yanağına hələ də yadııma düşəndə utandığım bir sillə vurdum. Yanağı qıpqırmızı oldu. Çaşqın, amma çox hirsli baxdı üzümə. Ağlamamaq üçün kiçik dodaqlarını tez-tez büzür, baxışları qəlbimin dərinliklərinə doğru ox kimi irəliləyirdi.

Səssizliyi mən pozdum. «Niyə? Nazlı, qızım, axı niyə? Niyə oxumağı öyrənməyə cəhd etmirsən?»

Bir anlıq dayandı, sonra səsini bütün kin və gücüylə "Çünki mən oxumaq istəmirəm" — deyə bağırdı. Eşitdiklərimə inana bilmirdim. Yüksək səviyyəli təhsil alıb, gözəl bir gələcəyə sahib olacağını düşündüyüm qızım, mənim, mən müəllimə Əminə Özgəncin qızı «Oxumaq istəmirəm» deyə qışqırırdı.

Çaşbaş qaldım və ümidsizcəsinə «Niyə axı?» — soruşdum.

"Çünki, mən sənin kimi oxuyub, müəllimə olub, uşaqlarımı evdə tək qoyub işə getməyəcəm, işləməyəcəyəm. Mən sadəcə ana olacam."

Qızım danışmırdı, elə bil məni sillələyirdi. Başım fırlanır, gözüm qaralır, bu sözlərin doğurdanmı öz qızıma aid olduğunu başa düşməyə çalışırdım. Bəli, bu sözləri mənə 7 yaşındakı qızım deyirdi. "İnsan indi ölməz, bəs nə vaxt ölər?" — deyə düşündüm.

Sanki birdən gözlərimin qarşısında film pərdəsi açıldı və kədərli bir kino lenti fırlanmağa başladı. Yozqatın Noxudlu Təpəsində, hər ora dırmaşanda bu yolun heç qurtarmayacağını düşündüyüm yoxuşun başındakı heç zaman isidə bilmədiyim evi xatırladım.

12 sentyabrdan sonra həyat yoldaşımın (bir çox insanlarən başına gəldiyi kimi) heç başa düşə bilmədiyim şəkildə və nə səbəblə tutulub həbsə salınması. Aylarla həbsdə olmağına baxmayaraq məhkəmənin başlanmaması.

İllərlə uzanan və mənim, həmçinin həyat yoldaşımın hətta bəraət aldıqdan sonra da niyə həbs olunduğunu bilmədiyimiz məhkəmələr. Baxa bilmədiyim üçün 9 aylıq oğlumu Samsunda, anamın yanında qoymağım. Baxıcı və baxça xərclərini ödəyə bilmədiyim üçün iki yaşındakı qızımı hər gün işlədiyim məktəbə aparmağım...

Qızımın müəllimlər otağında kresloda yatışı. Yuxusunun ən dərin vaxtında tənəffüs zəngi ilə bir yerdə dik atılıb, yenidən kresloda oturuşu. Sonra müdürün məni çağırıb, «Baxın, Əminə xanım, bilirəm çətin vaxtlar keçirirsiniz, amma səni görən hər kəs uşağını məktəbə gətirməyə başladı. Bura baxça deyil axı. Bir daha qızını məktəbə gətirmə» — deyişi.

O gündən sonra iki yaş yarımlıq qızımı o böyük, soyuq evdə təkcə qoyub, qayıdana qədər qızımı qoruması üçün Allaha yalvarışlarım. Yemək istəyər, susayar deyə, evin hər tərəfinə qoyduğum su stəkanları və yeməklər. Hər axşam evə qayıdanda övladımı bir bucaqda yorğana bürüşmüş halda tapmağım.

«Qızım, necəsən? Qorxmusan?» — soruşanda, «Qorxdum, ağladım, ağladım, yoruldum, susdum, sonra yen ağladım» — deyərək boynuma sarılması. Bir film kimi keçirdi gözlərimin önündən. Quirtarmaq bilmirdi bu film.

Aprel ayının sonları idi… Nahar vaxtı evə gəlmiş və zəngi basmağa məcbur olmuşdum. Həmin gün evdən tələsik çıxdığım üçün açarları evdə qoymuşdum. «Qayıdanda qızım açar» — deyə düşünmüşdüm. Amma açmadı. Açmadığı bir yana var gücüylə «Ana» qışqırıb ağlayırdı. «Qızım, mənəm, anandı, aç qapını» — dedikcə, o, «yox, sən anam deyilsən, Sən qurdsan. Məni yeyəcəksən» — deyib fəryad qoparırdı. Güman ki, ona danışdığım nağıldan təsirlənmişdi. Körpə balam qorxur, ağlayırdı. Yarım saat əlləşsəm də onu inandıra bilməmişdim.

Edə biləcəyim bir şey qalmışdı. Necə olursa olsun evə girmək. Amma necə? Qapını qırmağa gücüm yox idi. Noxudlu Təpəsində çilingər də yox idi.

Qapını açan qonşuma bir tərəfdən hadisəni başa salır, bir tərəfdən də eyvana doğru qaçırdım. Bir stul götürüb, eyvana qoydum və üstdəki evimin eyvanına çata bildim. Mən, 153 sm-lik arıq bir qadın, bir stulun köməyi ilə necə oldu ki, 3 metrlik məsafəni dırmaşdım, hələ də dərk edə bilmirəm.

Sanki görünməyən bir əl məni yuxarı dartdı. Eyvanın qapısı zəif bağlandığı üçün asanca aça bildim və içəri şığıdım. Qızım qapının dibində oturmuş, başını ayaqları arasına salaraq ağlayırdı. Sarıldım, sarıldım,
sarıldım… Göz yaşlarım onun göz yaşlarına qarıştı. Qoynuma qısıldı, sadəcə «Ana, ay ana, qurd məni yeyəcəkdi» — deyə bilirdi. Həmin gün nahardan sonrakı ilk dərsimə getmədim. Müdürün etirazına baxmadan qızımı sinifdə oturtdum. Əvvəl müdür müavini, sonra müdür tərəfindən azarlandım. Amma heç birinə cavab vermədim. Sadəcə gözlərimdən iki damla yaş süzüldü. Və o yaşlar birdən-birə müdürün susub üzr istəməsinə səbəb oldu.

Bəli, bu kədərli film qurtarana oxşamırdı. Qızımın səsinə ayıldım. «Mən oxumayacam, ana olacam» — deyə fəryad edirdi. Fəryad etmir, elə bil məni döyürdü. Ona yaxşı ana ola bilmədiyimi və onun üçün qəlbində bəslədiyi narazılığını bu sözlərlə hayqırırdı üzümə. Həyatımın heç bir anında belə zülm çəkməmişdim. Heç bir söz ürəyimi bu qədər yaralamamışdı.

Qızımın şabalıdı rəngli saçlarını sığğalladım. Sillədən qızaran yanağını öpdüm. Başını sinəmə qoydum. Onun yaddaşında yer alan bütün kədərli anları silmək istəyirdim. Ən doğru, ən təsirli sözləri tapmalı idim. Amma necə? Bu qarmaqarışıq beyinlə necə edim?...

Bu vəziyyətdə nə qədər oturduq bilmirəm. Bir an danışacaq güc gəldi mənə. «Qızım, hər oxuyan qadın işləmək məcburiyyətində deyil ki. Sən yaxşı bir ana olmaq istəyirsən. Mən də sənin yaxşı ana olmanı istəyirəm. Ancaq oxusan, elmli olsan, yaxşı ana ola bilərsən. İstəmərsən işləmərsən. Evdə övladlarına baxar, onlara oxuma-yazma öyrədərsən.» — şəklində davam edən bir çox cümlə sıraladım ard-arda. Qızım razı olmuş kimi görünürdü. Səhəri gün işdən gələndə onu stolda Cin Əli kitabını oxuyarkən gördüm. Qızım oxuma-yazmağı aylar əvvəl öyrənmiş, ancaq hər kəsdən gizlətmişdi.

Müəllim heyrət içində idi. «Necə olur axı, uçaq bir gündə bu qədər şeyi öyrənə bilir?» — deyə soruşurdu. Bu sualın cavabı elə uzun və başa düşülməsi elə çətin idi ki… O an susmaq ən gözəl cavab idi, çünki o sualın cavabını ancaq mən və Nazlı başa düşə bilərdi.

İndi qızım Qazi Universitetində müəssisə iqtisadiyyatı fakültəsində oxuyur. Ana dilini çox gözəl bildiyi qədər də, ingilis dilini bilir. Ən gözəli isə hər fürsətdə «Canım anam» — deyə sarılıb yanaqlarımdan öpür. Mən də onun o utandığım sillə ilə qızartdığım yanağından öpürəm...


Tarix: 03.12.2014 / 13:30 Müəllif: Aziza Baxılıb: 244 Bölmə: Maraqli Hekayeler