beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

On bir ayın sultanı...
On bir ayın sultanı...

Bütün ötən günlər ömür təqvimindən düşən yarpaqlara bənzəyirsə, Ramazan ayının mübarək günlərindən ötən hər gün, hər saniyə, hər an belə, daha dəyərli olduğu üçün itkisi də daha ağrılı olur. Ömürdən necə Ramazanlar getmiş... Allahım, daha gözəl və daha bərəkətli Ramazan günləri yaşat bizlərə.

Ramazanın gecələri kimi, gündüzlərinin də qədrini öyrət bizə. Allahım, hər günümüzü Ramazan günləri kimi bərəkətli et. İki günü eyni olan artıq itkidədir, deyə müəllimimiz bizi öyrədib. İtkidən Sənə sığınırıq, Allahım.

Nədir oruc? Nədir Ramazan?... Oruc könül gövhəri olan qəlbimizi Ramazanın aclıq və susuzluq atəşində yandıraraq paslardan təmizlənməsidir...Pas atmış dəmiri odda yandırmadan təmizləmək mümkünmü?

Ərəb dilində Ramazan kəlməsi rəmd kökündən qaynaqlanmışdır. Günəşin yandıran istiliyi anlamını verir. Oruc ayına bu adın verilməsi də atəşin hər hansı bir şeyi yandırıb bitirdiyi kimi orucun da insanların günahlarını yandırıb yox etməsində gizlənmişdir...

Uca Yaradan orucun önəmini Bəqərə surəsindəki 183–cü kərim ayəsi ilə bildirməkdədir:

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, pisliklərdən çəkinəsiniz!”

Bizi doğru yola yönəldən, xoşbəxtlik açarını bizə təqdim edən Rabbimiz bu ayəsi ilə orucun ana qayəsini açıq göstərir. Oruc... Pisliklərdən çəkinmək... Yəni, təqva... yəni, təmizlənərək ucalmaq... təqva - nəfs tərbiyəsilə qazanılan üstün bir keyfiyyət... Ən üstün əxlaqi dəyərləri özündə toplayan dəyər. Əxlaq xilqətdir... xilqət əxlaqdır... Xilqət Yaradanın səni yaratdığı fitrətdir. Yaradılış məqsədinə uyğun olan əxlaqidir. Fitrəti təmiz saxlamaq ruhun təmiz saxlanmasıdır. Ruh üflənəndir, pakdır, paklığı sevir, nurdur, sahibinə dönəcək... Pak olan pak olana qovuşa biləcək...Oruc yandırıb təmizləyən ayda paslardan, dünya çirkablarından təmizlənərək, ruha paklığını qaytarmaq cəhdidir. Oruc cəhddir... cəhd etmək- cihad etməkdir... Demək, Təqva cihadla əldə olunur... Cihad vicdanın arınmasıdır...Cihad mücadilədir... Mücadilə iç savaşıdır. Savaş pisliklərdən qaçmaq, eybəcərliklə döyüşmək, gözəlliyə can atmaqdır... Gözəlliyi yaşayan gözəlliyə çağıracaq, gözəlliyi əmr edəcək... Gözəllik fitrətdədir. Yaradan gözəldir, gözəlliyi sevir... Yaratdıqları da gözəldir... Yaratdıqlarından da gözəllik tələb edir, gözəlliyə can atmağı, gözəlliyi yaşamağı, gözəlliyə çağırmağı tələb edir. Gözəl fitrətə, gözəl xilqətə sahib olanın gözəl əxlaqı olmalı. Gözəl əxlaq üstün əxlaqdır... Üstün əxlaq təqvadır... Təqva səni sevən, sənə yardım edən, səni gözəlliyə çağıran Uca Yaradanın qadağan etdiyi hər şeydən çəkinməkdir... Təqva - sənə şah damarından da yaxın olan, gizlinin gizlisini bilən və səni başı- boş buraxmayan, hər əməlini, düşüncəni, niyyətini dəftərinə qeyd etdirən Allahın əmr etdiyi hər şeyi sevgiylə yerinə yetirməkdir... Təqva - sevərək Yaradana qeyd-şərtsiz təslim olmaqdır... Təqva iki sevgilini görüşdürəcək yoldur... Təqva səmimiyyətdir... Təqva iman və inam dəbilqəsiylə zirehlənərək, qorunaraq hər düşüncədə, niyyətdə yalnız Uca sahibini, Mövlasını düşünərək imtahanlarla, tələlərlə, düşmənlərlə dolu dünya həyatı yolunda büdrəmədən, yaralanmadan yürüyə bilməkdir. Təqva səni Yaradanına qovuşduracaq...

“ Bİz Allaha məxsusuq və Onun yanına qayıdacağıq” ( əl-Bəqərə, 156)

Ya Rabbim, Sənə Sənin razı qalacağın şəkildə qayıda bilməyi nəsib et...
Amin...

Oruc insana təqvanı qazandıran önəmli bir nəfs tərbiyəsidir. Təqva da insana təmiz qəlb, ayıq qəlb, səlim qəlb qazandırır... Təqvaya aparan yol nəfsin tərbiyəsindən keçir... Nəfsini tərbiyə edə bilən qəlbini də Allahın yardımı ilə nəfsin şərindən qoruya biləcək... Ayıq qəlb Yaradanın razılığını qazanmağa bir vəsilədir. Möminin qəlbi Allahın evidir. Gözəllik olan yerdə pisliyə yer yoxdur. Pisliyin daxil olduğu yeri gözəllik tərk edər. Təqva qəlbin ayıq qalmağının, qəlbin təmiz qalmasının qarantıdır. Təqva qəlbin pozularaq günaha yönəlməsini əngəlləyən vasitədir. İmtahanlarla dolu gündəlik dünya həyatı, insanlarla qarşılıqlı münasibətlərdəki əlaqələr, qarşılaşdığımız çətinliklər, yaranan seçimlər, bəzən insanda paslanmağa, kirlənməyə, bir sözlə təqvanın qismən də olsa zədələnməsinə səbəb olur. Yaratdığını gözəl tanıyan Rəbb onu heç bir zaman rəhmətindən məhrum etmir. Bu səbəbdən də Insanın düşmənini zəncirə vuraraq qulunun təmizlənmək, Ona yaxınlaşa bilməsi üçün rəhmət ayı olan Ramazan ayı kimi bir yardımçı vermişdir. İldə bir dəfə ümmət olaraq cəm şəkildə tutulan oruc sayəsində bu zədələnmə təmir olunmuş olur. Zərərə məruz qalmış yerlər yenilənir. Həmd olsun bizləri sevən, lütfü ilə tərbiyə edən, mərhəmətindən əksik etməyən aləmlərin Rəbbi Allaha...
Beləliklə, Yaradanın rəhməti və sevgisi ilə qul təqvanın yenidən qəlbi zəbt edərək işığa, nura, qərq edə bilməsi üçün çalışır, cəhd edir, nəfsi ilə cihad edir... Qəlbin də, ruhun da qidası Nurdur, gözəllikdir.

Amma əfsuslar olsun ki, Allah qorusun elə qullar olur ki, Ramazan ayından onların nəsibi aclıq və susuzluqdan başqa bir şey olmur.

Ya Rəbb sənə sığınırıq! On bir ayın sultanı olan Ramazan ayında gözəlləşə bilməməkdən sənə sığınırıq!
Sən Rəbbsən, lütfünlə bizi tərbiyələndir, nurunla nurlandır, gözəlliyinlə qəlbimizi gözəlliyə qərq et.

Pak söz pak əməllə Allaha tərəf yüksəlir. Pak sözü qəbul edən İnsan, sözünün Allaha tərəf yüksəlməsi üçün pak əmələ ehtiyacın var... Nümunələr nümunəsi Rasulumuz qəlbi, cismi təmizləyərək ruhu rahatlandıran orucun fəziləti haqda nələr öyrətməmişdir...

Adəm oğlunun hər əməlinə on qatdan yeddi yüz qata qədər savab verilir. Ancaq Allah (c.c) belə buyurur: “Oruc bunun xaricindədir. O, mənim üçündür və onun savabını da ancaq mən verirəm. Qulum mənim üçün şəhvəti, arzusunu və yeməyini tərk etməkdədir. Oruclu üçün iki rahatlama vardır. Bir rahatlama orucunu açdığı zaman, bir rahatlama da Rabbinə qovuşduğu sıradadır. Şübhəsiz oruclunun ağız qoxusu Allah qatında misk ətrindən daha xoşdur...

Uca Allah buyurur: Adəm oğlunun hər əməli özü üçündür. Oruc xaric O mənim üçündür və mükafatını da mən verirəm. Yeməyini, içməyini və şəhvət arzusunu mənim üçün tərk etməkdədir.

Hər iftar vaxtında Allahın Cəhənnəmdən azad etdiyi insanlar vardır. Bu hər gecə belə davam etməkdədir.
Oruc bir qalxandır.

Oruc sizin döyüş zamanı istifadə etdiyiniz qalxan kimi bir qalxandır.

Allah buyurur: Oruc qulun atəşdən qorunmasına yarayan bir qalxandır. O mənim üçündür, savabını da mən verirəm...
Oruc və Quran Qiyamət günündə qul üçün şəfaət edərlər. Oruc deyər ki, Ey Rabbim! Mən onu yeməkdən və şəhvani arzusundan saxladım, məni onun üçün şəfaətçi et. Quran da deyər ki, Mən onun gecə yuxusuna mane oldum, məni onun üçün şəfaətçi et. Beləcə onlar şəfaət edərlər...

Ey Adəm övladı, tələs, paklanmağa tələs... sev... sevil, paylaş... Ramazan ayı Quran ayıdır. Ramazan Quranın yerə doğum ayıdır. Quranın şərəfi Ramazan ayını şərəfləndirir. Quranı oxu!... düşün! yaşa!!! Quran şərəfilə şərəflənərək hər gününü Ramazan et! Allaha aparan, möminin miracı olan namazlara tələs... Ramazan ayı təravih namazlarının ayıdır. Təravihlərə tələs... Gecə namazlarında Rəbbini zikr et. Hər gecəni gecə namazları ilə nurlandır. Dua et... Ramazan ayı dua ayıdır... Xilas olmağa cəhd et!
Yardıma ehtiyacı olanların yardımına tələs. Çünki, Allah yardım edəndir, yardım edənləri sevir. Hər kəsə mərhəmət göstər. Çünki, Allah mərhəmətlidir, mərhəmətliləri sevir... Allahın sevgisini qazanmağa tələs... Allahın sevgisini qazanmağa cəhd et!
Ətrafını nemətlərilə dolduran səxavətli Allahın qəzəbinə səbəb ola biləcək, orucun gözəlliyinə xələl gətirə biləcək hər bir pislikdən qaç, uzaqlaş... Tələs, Allaha tələs...
Ya Rabbim, Ramazan ayımızı təqvamızın yeniləşməsinə, artmasına vəsilə et... Ya Rabbim, bizlərə hər iki dünyada gözəlliklər nəsib et.


Tarix: 10.06.2015 / 16:31 Müəllif: Aziza Baxılıb: 187 Bölmə: Maraqlı melumatlar