beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DİLİN QORUNMASI

Dil insanın hiss etdiklərini və düşündüklərini ifadə etmək üçün istifadə olunan bir vasitədir. Rəsulullahın (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğu kimi, bəzən dil xeyirli və faydalı olur: “Allah o kəsə rəhm eləsin ki, ya xeyirli bir söz söyləyərək qazanar, ya da susaraq salamat qalar”. Digər bir hədisə görə isə bəzən də zərər verən və pislik gətirən şərə vəsilə olur: “Insanlar yalnız dillərinin səmərəsinə görə oda üzü üstə atılacaqlar”.

Dilin müsəlman fərdinə göstərdiyi təsir barədə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Müsəlman o kəsdir ki, insanlar onun əlindən və dilindən salamat olsunlar. Mühacir o kəsdir ki, Allahın qadağasından hicrət edər”. Başqa bir hədisdə isə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: “Özünə aid olmayan məsələləri tərk etmək müsəlmanın gözəl İslamından xəbər verir”.
Allah taala insanlara danışarkən xoş söhbət seçməyi əmr etmişdir: “İnsanlarla xoş danışın!” (əl-Bəqərə, 83) Bəziləri ayədəki sözün doğru danışmaq, bəziləri isə danışıqda davranışda, münasibətlərdə xoş, mülayim olmaq anlamına gəldiyini qeyd etmişlər.
Allah taala buyurur:
“Bəndələrimə de ki, gözəl sözlər söyləsinlər! Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!” (əl-İsra, 53)
İbn Kəsir (Allah ona rəhmət eləsin) ayə barəsində bunları deyir: “Allah təbərək və taala öz qulu və rəsuluna əmr edir ki, mömin qullarına yalnız xoş sözlər və gözəl söhbətlər danışmağı əmr etsin. Əks təqdirdə şeytan onların arasına nifaq və çaxnaşma salar, bu da onları əməli münaqişəyə və düşmənçiliyə sövq edər. Şeytan Adəmdən bəri insanın açıq-aşkar düşmənidir. Buna görə də peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) müsəlmanın öz müsəlman qardaşına silah çıxartmasını qadağan etmişdir. Ola bilsin ki, şeytan ona əlindəki silahı hədəfə çatmasına sövq edər”.
Allah taala insanlara doğru danışmağı əmr edərək buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar”. (əl-Əhzab, 70-71) Uca Allah doğruluq və düzginlüyün nəticəsi kimi insanların əməllərinin islah olunmasını və günahlarının bağışlanmasını qeyd edir.
Məlumdur ki, əgər dil doğru danışan olsa, bu insanın əməllərində də öz əksini tapacaq, yəni insan doğru və xeyirxah olacaq. Yox əgər dil yalana, böhtana və boş sözlərə meyl edəcəksə, insan yalançı və günahkar olacaq, əməlləri də fəsadlı olacaq. Ona görə də Allah taala gözəl və doğru söhbətə görə mükafat, yalan və xəbis söhbətə görə isə cəza vəd edir. Uca Allah Quranda bildirir ki, insan bütün əzalarına görə hesaba çəkiləcək: “Bilmədiyin bir şeyin ardınca getmə! Çünki qulaq, göz və ürək – bunların hamısı sorğu-sual olunacaqdır” (əl-İsra, 36) Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, Kim Allaha və axirət gününə inanırsa, ya xeyirli bir söz söyləsin, ya da sussun!”


Tarix: 09.05.2013 / 12:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 139 Bölmə: Maraqlı melumatlar