beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ABORT EXLAQ TEREZISINDE(ISLAMI BAXISH)

1. Şübhəsiz, Allahın insana bəxş etdiyi ən dəyərli ilahi hədiyyə "həyat və sağlamlıq"dır. Digər tərəfdən, həkimlər bu həyat və sağlamlığı qoruma vəzifəsini öz üzərində daşıyırlar. Belə bir fəxr heç bir kəsə nəsib olmur. Odur ki, həkimlər bu işin dəyər və şərəfini anlamalı və özlərini bəşəriyyətə xidmət etməyə həsr etməlidirlər. Belə olduqda, mənəvi və maddi mükafatlarını almağa layiq olacaqdırlar.
Qurani-kərim belə buyurur: "...hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur." (Maidə surəsi, ayə: 32)
Qeyd olunan ayəti-şərifəyə əsasən, həkimlərin daşıdığı vəzifə olduqca ilahi dəyərə malik olan müqəddəs bir vəzifədir. Doğurdan da, bununla öyünməyə dəyər.
Müqəddəs "həyat haqqı" və "insani şərəf" Allahın diqqət mərkəzində olub, onun ədalət sifətinin təzahürlərindən biri kimi hesab olunur. (Biz, Adəm övladını şərəfli və hörmətli elədik. (İsra surəsi, ayə: 70))Bu baxımdan, insanın həyatına hörmətlə yanaşılmalıdır.

2. Həyatın müqəddəsliyi və onun müdafiə zərurəti
Qeyd etmək lazımdır ki, müqəddəs həyat ifadəsi dini mənşəyə malik olan bir anlayışdır. Bütün dinlərdə xüsusilə də, İslam dinində daim diqqət mərkəzində olmuşdur. İslam dininin müqəddəs həyat və insani şərəfə verdiyi önəm elə bir həddədir ki, günahsız bir insanın öldürülməsini bütün insanların öldürülməsi ilə bərabər sayır.
Biz bu yazımızda əxlaqi nöqteyi-nəzərdən həyatın tamamilə məntiqi anlamını nəzərdə tuturuq. Belə ki, hər bir bəşər fərdinin həyatına, kimliyindən və yaşından asılı olmayaraq hörmətlə yanaşmalıyıq. Harada insani həyat varsa -istər potensial şəkildə olsun, istərsə də aktual şəkildə-, bunun əleyhinə heç bir iş görə bilmərik, heç bir kəsin həyatına son qoya bilmərik. Həyat üçün qeyd etdiyimiz bu anlam insani həyatın bütün növlərini özündə ehtiva edir, o cümlədən, rüşeymin həyatı, hətta ziqota vəziyyətində olsa da belə. Beləliklə, abort həyatın müqəddəsliyi ilə ziddiyyət təşkil edir. Həyatın müqəddəsliyi və onun müdafiəsi zərurətini aşağıdakı kimi formulə edə bilərik:

1-Həyat intrinsik dəyərə malikdir;

2-Həyata hörmətlə yanaşmaq lazımdır;

3-Həyatı qorumaq vacibdir;

4-Səlahiyyətli orqanda həyatı əsas və dəlil olmadan aradan aparmaq olmaz;

5-Həyatı o zaman bilərəkdən və qəsdən təhlükəyə atmaq və ya fəda etmək olar ki, həyatdan daha dəyərli bir şeyi əldə etmək olsun;

6-Əsas etibarilə, bütün canlı varlıqlar özünümüdafiə və həyat haqqına malikdir;

7-Həyatın müqəddəsliyinin nüvəsi onun qorunmasında, kafi və qaneedici dəlil olmadan ona son qoymamadadır. Beləliklə, hər bir kəsin həyatı hətta rüşeymin belə cəmiyyət və qanunda məqbul hesab olunmalıdır;

8-Bütün dinlər, filosoflar və əxlaq alimləri insan qətlinin yasaq olmasında həmrəydirlər. Yalnız kafi dəlillər olduğu təqdirdə, buna icazə verirlər. Misal üçün, vətən uğrunda döyüş zamanı olan qətllər kimi.

3. Abortun din, əxlaq və insaniyyətin ziddinə olması
Məsələyə obyektiv şəkildə yanaşdıqda, şahidi oluruq ki, rüşeymi istənilən hər hansı bir mərhələdə (yəni-ziqota, embrion və döl) insani həyatdan məhrum etmək din və əxlaq normalarına zidd bir hərəkətdir. Çünki rüşeym qeyd olunan mərhələlərdə ya potensial insan hesab olunur, ya da aktual insan.

Abortun din, əxlaq və insanıyyətin ziddinə olmasını aşağıdakı kimi formulə edə bilərik:

1-Günahsız bir fərdi qətlə yetirmək mütləq şəkildə və daimi olaraq icazəsizdir. Buna əsasən, abort icazəli deyil;

2-Günahsız bir fərdi öldürmək cinayət hesab olunur. Cinayət də, mütləq şəkildə və daimi olaraq yasaqdır. Beləliklə, abort edilməməlidir;

3-Bir insanın günahsız fərdi qətlə yetirmək qarşısında daşıdığı vəzifə ölümün qarşısını almaq vəzifəsinə münasibətdə daha aydın nəzərə çarpır. Buna görə də, abort baş verməməlidir;

4-Əgər insanın qarşısında iki seçimdən biri olarsa, yəni bədəninə ruh üfürülən uşağı öldürməli, ya da ananın ölümümün qarşısını almalıdır, bu zaman ən üstün odur ki, uşağın böyüyərək doğulmasını gözləyib insan qətlinə yol verməməliyik. Beləcə, abort edilməməlidir. Hər halda, bir insanı digər bir insana fəda etmək olmaz.

4. Nəticə
Yuxarıda deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, abort insan qətlinin ən pis bormasıdır. Çünki bu, məsum, müdafiəsiz və bipənah bir fərdin qətli hesab olunur. Uşaq bir çətinliklə üzləşdiyi vaxtda öz ata-anasına sığınır və ya xəstələndiyi zaman həkimə pənah gətirir. İndi isə bu üç əmniyyət pənahgahı əl-ələ verərək pənah axtaran birisini qətlə yetirmək istəyirlər!! Bu, utancgətirici deyilmi? Qiyamət günü soruşulacaq: “Axı o hansı günaha görə öldürüldü?” (Təkvir surəsi, ayə: 9)
Şübhəsiz, cavab bundan ibarət olacaqdır ki, onlar mənə hətta nəfəs almaq fürsətini belə vermədilər, o ki qalmışdı günah etmək fürsəti. Mən təkcə onu bilirəm ki, mən məsum və bipənah idim, mən haqqsızcasına öldürüldüm. Bu gün isə Qiyamət sahibindən mənə edilən haqqsızlığın sorulmasını istəyirəm.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 112 Bölmə: Maraqlı melumatlar