beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana Qarğışı Və Qəbir əzabı

Nəql olunur ki, günlərin birində Peyğəmbər (s) məsciddə olduğu vaxt Cəbrayıl (ə) nazil olub, salam verdikdən sonra dedi:

“Ey Allahın Rəsulu! Bəqi qəbiristanlığına gedin. Bəlkə sizin mübarək qədəmlərinizin sayəsində dar və qaranlıq qəbir içində əzab çəkənlər nicat tapalar.”

Peyğəmbər (s) səhabələrdən bir neçəsi ilə birlikdə Bəqi qəbristanlığına yollandı. Əli (ə) Peyğəmbərlə (s) yolda rastlaşarkən salam verib hara getdiklərini soruşanda “Bəqi qəbristanlığına”–deyə Peyğəmbər (s) cavab verdi. Həzrət Əli (ə) də onlarla birgə Bəqi qəbristanlığına yollandı. Qəbristanlığa çatanda Peyğəmbər (s) qəbirlərin birindən gələn səsi eşitdi:

“Dadıma çat, ya Rəsuləllah!

Peyğəmbər (s) səs gələn qəbirə yaxınlaşıb dedi: “Ey qəbir əhli! Nə üçün və necə əzab çəkdiyinin səbəbini söylə.

Qəbirdən cavab gəldi: “Ey günahkarların dadına yetən! Ana qarğışı məni bu əzaba düçar etmişdir. Ona görə ki, anamı çox incitmişdim.”

Peyğəmbər (s) üzünü Bilal Həbəşiyə tutub dedi: “Mədinə camaatına xəbər verin ki, hamı öz ölənlərinin qəbirləri ətrafında toplaşsın.” Bilalın çağırışını eşidən Mədinə camaatı qəbristanlığa toplaşdılar. Beli bükülmüş qoca bir qarı da gəlib həmin qəbrin kənarında dayandı. Qarı Peyğəmbərə (s) salam verib, soruşdu: “Ey Allahın Rəsulu! Bizi buraya yığmağınızın səbəbi nədir?”

“Ay ana, bu sənin övladının qəbridir?–deyə Peyğəmbər (s) soruşdu.

Qarı dedi: Bəli.

Peyğəmbər (s) qarıya dedi: “Sənin övladın çox dəhşətli əzaba düçar olub. Gəl sən onun təqsirindən keç və haqqını ona halal et!”

“Yox, onu heç vaxt bağışlamaram!–deyə ana dilləndi.

Peyğəmbər (s) səbəbini soruşanda ana dedi: “Ey Allahın rəsulu! Bu uşağı min bir əzab-əziyyətlə böyütdüm ki, qocalanda mənə hayan olsun. Amma o, böyüyüb mənə daha da əziyyət verdi.

Peyğəmbər (s) buyurdu:

“Ay ana, övladının təqsirindən keç ki, bu dəhşətli əzabdan qurtula bilsin.”

Peyğəmbər (s) əllərini göyə qaldırıb dua etməyə başladı:

“Ey Rəbbim, Səni and verirəm “Pənc tən Ali əba hörmətinə, bu övladın səsini anasının qulağına çatdır. Bəlkə ana ürəyi övladının yalvarışlı səsini eşidib rəhmə gələ!” Sonra üzünü ana tutub dedi:

“Qulağını oğlunun qəbrinə söykə ki, onun fəryad səsini eşidəsən.” Ana qulağını qəbrə söykəyəndə ürək ağrıdan nalə səsi eşitdi. İxtiyarsız olaraq ağlamağa başladı. Ana dedi:

“Ey günahkarlara şəfaət edən, bu necə fəryad və nalə səsidir ki, qəbirdən gəlir? O deyir: “Başımın üstündə və ayağımın altında, sağ və sol tərəfimdə hər yer alovdur! Ey ana! Məni bağışla və güna-hımdan keç. Yoxsa qiyamət gününə qədər bu əzab içində qalacağam.”

Bu sözləri eşidəndən sonra anaının ürəyi yumşaldı və oğlunun halına acıyaraq dedi: “Ey Allahım! Övladımın günahından keçdim və onu bağışladım.”

Ana övladına halallıq verən kimi Allah-təala öz rəhmət libasını ona geydirib, günahlarını əfv etdi.

Qəbirdən səs gəldi:

“Ay ana! Sən məndən razı olduğun kimi, Allah-təala da səndən razı olsun.”


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar