beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NAMAZIN UŞAQ PSİXOLOGİYASINA TƏSİRİ

(İslami saytlara istinadən)

“Pərvərdigara! Məni də, nəslimdən olanları da namaz qılan et! Pərvərdigara! Mənim duamı qəbul et!”. (“İbrahim” surəsi, 40).

Belə bir məşhur söz vardır ki, uşaqlıqda öyrənilən bilik, daşa həkk olmuş yazı kimidir. Bu gün psixologiya elminin bu qədər inkişaf etməsi ilə əlaqədar olaraq, uşaq psixologiyası xüsusi diqqəti cəlb etmişdir. Müasir psixologiya Freydin, Jan Piajenin və başqa psixoloqların məktəbindən qaynaqlanır. Onlar bizə deyirlər ki, bəşər həyatının ən mühüm dövrü - uşaqlıq dövrüdür. Bu nəzəriyyəyə əsasən, konkret uşaqların prsixologiyasının salamatlığına nə qədər çox diqqət edilərsə, həmin cəmiyyət ümumilikdə sağlam və müvəffəq olacaqdır.

Ancaq uşağın psixoloji sağlamlığının təmin edilməsində onun mömin və namazqılan bir ailədə tərbiyə alması mühüm rol oynayır. Həyat bəxş edən İslam təlimləri bəşərin hətta ən kiçik suallarını belə cavabsız qoymamışdır. Bu baxımdan körpənin dünyaya gəlməsindən, boya-başa çatmasına qədər təlimləri vardır ki, onlara əməl edərək, uşağın gələcək səadətini təmin etmiş olarsınız.

Uşağın psixoloji sağlamlığının təmin edilməsi üçün İslam valideynlərə, xüsusilə də atalara bəzi şeyləri hökm etmişdir. Məsələn, körpəyə yaxşı ad qoymaq kimi. Bu günün psixoloqları bu fikirdədirlər ki, uşağın adının onun şəxsiyyətinin formalaşmasında çox böyük rolu vardır. Uşağa qoyulan pis adlar onun təhqir edilməsinə və şəxsiyyətinin alçalmasına gətirib çıxarar. Bundan başqa, uşaqların cinsinə görə bəzi göstərişlər verilmişdir. Belə ki, 5-6 yaşlı bir qız uşağının naməhrəm kişi tərəfindən öpülməsi qadağan edilmişdir. Mömin və namazqılan bir ailədə dünyaya gələn uşağın sağ qulağına oxunan azan və sol qulağına oxunan iqamə həyatının ilk nəğməsi olur.

Körpənin iki il ana südü ilə qidalanması və ana ağuşunda ananın mehr və məhəbbətini hiss edərək, özünü əmin bir yerdə hiss etməsi - onu böyük psixoloji xəstəliklərdən qoruyar. Məsələn, anadan ayrılan zaman yaranan narahatçılıq və iztirab çox az olur. Çünki bu günün psixologiyası deyir ki, təhlükəli tələlərə düşən insanların əksəriyyəti o kəslərdir ki, ana ağuşundan və südündən məhrum olmuşlar.

Psixoterapiyanın ən təhlükəli xəstəliklərindən biri olan şizofreniya müsəlman və namazqılan ailələrin uşaqları arasında çox az rast gəlinir. Çünki müasir elm sübut etmişdir ki, bu xəstəlik o zaman zühur edir ki, ailənin başçılığını ana edir. Ancaq namazqılan ailələrdə Quran üsullarına riayət edilərək, ananın ailəyə başçılıq etməsi rədd edilmişdir.

İslam təlimlərində həmçinin bildirilir ki, uşaqların 7 yaşına qədər azad buraxılmasının və ona məhdudiyyətlərin qoyulmamasının da şəxsiyyətinin düzgün formalaşmasında böyük təsiri vardır.

Uşaq psixologiyasına ən çox təsir edən amillərdən biri namazdır. Yəni uşağın özünün qıldığı namazdır. Uşaqlıq dövründən namaza başlamaq - bu gözəl sifətin onda adət halına çevrilməsinə və ruhuna işləməsinə səbəb olar. Həyatının həmişəlik proqramına çevrilər.

Uşaqlıq dövründə namaza başlamaq səbəb olar ki, uşaq Allah, din və İslam təlimləri ilə erkən yaşlarından tanış olsun.

Müsəlman ailələr bu məsələyə xüsusi diqqət etməlidirlər ki, övladları həddi-büluğa çatanda “hələ çox kiçikdir” bəhanəsi ilə namaz qılmağa təşviq etmirlər. Çox təəsüflə deyilməlidir ki, bu məsələ xüsusilə də həddi-büluğ yaşları az olan (9 yaş) qız uşaqlarında daha çox rast gəlinir. Övladlarını namaz qılmağa təşviq etməyən valideynlər, həqiqətdə övladlarını bu böyük nemətdən məhrum edərək, ona xəyanət etmiş olarlar. Onlar bu yolla övladların bir çox psixoloji xəstəliklərə, çirkinliklərə, bədbəxtliklərə və günahlara giriftar olmasına dolayısıyla razılıq vermiş olarlar. Övladlarını dünya və axirətdə ağır bir ziyana məhkum etmiş olarlar.

Ona görə də müqəddəs İslam dini, xüsusilə Məsum İmamlar (ə) müsəlmanlara tövsiyə edirlər ki, namazı mərhələ-mərhələ övladlarına öyrətsinlər. Onları 7 yaşından əvvəl tənbeh etməsinlər. İmam Sadiqdən (ə) gələn hədisdə deyilir: “Oğlan uşağının üç yaşı olanda ata və ana deyərlər: “La ilahə illəllah” kəlməsini yeddi dəfə söylə, 3 yaş 7 ay və 20 gün olarsa, ona deyərlər ki, “Muhəmmədən Rəsullah” kəlməsini yeddi dəfə söylə, 4 yaşı tamam olanda ona deyərlər: “Salləllahu əla Muhəmməd və alihi” kəlməsini yeddi dəfə söylə. Beş yaşı tamam olanda isə onu Allaha səcdə etməyə vadar edərlər. Altı yaşı olanda ona namaz qılmağı öyrədərlər. Yeddi yaşı tamam olanda ona dəstəməz almağı öyrədər və ona namaz qılmağı əmr edərlər. 9 yaşı olanda namaz və dəstəmazı ona yaxşı öyrədərlər, namaz və dəstəmazı tərk etməyi ona qadağan edərlər. Uşaq namaz və dəstəmazı öyrənəndən sonra, Allah ata və anasının günahlarını bağışlayar”.

Bu hədisdən belə nəticəyə gəlmək olur ki, namaz qılmaq tövhid və nübuvvətə şəhadət verəndən sonra yerinə yetirilir. Yaxşı olar ki, müsəlman ailələr ata və ananın günahlarının bağışlanmasına səbəb olan bu əməlləri öz övladlarında da həyata keçirtsinlər.

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 159 Bölmə: Maraqlı melumatlar