beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qiyamət Nə Zaman Qopar?

Məşhur Cəbrail hədisində deyilir ki, bir gün vəhy mələyi Cəbrail (ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) elmini və imanını imtahan etmək üçün insan qiyafəsində o həzrətin yanına gəldi və bir neçə sual verdi. Iman, Islam və ehsan barədə suallara düzgün cavab alan Cəbrail (ə) sonra soruşdu: “Qiyamətin vaxtını mənə söylə”. Peyğəmbər cavab verdi: “Bu məsələdə soruşulan (yəni mən) soruşandan (yəni səndən) çox bilmir. Amma gəl sənə qiyamətin əlamətlərini xəbər verim. Qadın özü üçün ağa doğmayınca, adsız-sansız dəvə çobanları hündür binalar tikməkdə bir-biri ilə yarışmayınca qiyamətin əlamətləri aşkar olmaz. Beş məsələni Allahdan savayı heç kim bilməz”. Sonra o həzrət, Qurandan aşağıdakı ayəni oxuyub həmin beş məsələnin nədən ibarət olduğunu açıqladı: “Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!” (Loğman, 34) (Səhihül-Buxari, Iman kitabı, bab 37, hədis 50).

Hədisi şərh edən alimlər qadının özünə ağa doğacağını fərqli şəkillərdə izah etmişlər. Bəzilərinin fikrincə, Peyğəmbər bunu nəzərdə tuturmuş ki, kəniz öz ağasından oğul dünyaya gətirəcək, ağa öləndən sonra bu oğul sair kənizlər kimi öz anasına da ağalıq edəcək. Bəziləri deyiblər ki, qadın köləyə çevrilib satılacaq, əldən-ələ keçəcək və axırda özü də bilmədən oğlunun mülkiyyətinə keçəcək. Bəzi alimlər isə deyiblər ki, burada övladların öz valideynləri ilə pis rəftarına işarə edilib. Yəni oğullar öz anaları ilə o qədər kobud rəftar edəcəklər ki, sanki kənizlə davranırlar. Bu şərh daha düzgün görünür. Dəvə otaran adsız-sansız adamların uca binalar tikməkdə yarışmağı isə bəzi alimlərin fikrincə, ləyaqətsiz, əsl-nəcabətsiz, görməmiş və pulun qədrini bilməyən adamların əlində var-dövlətin cəmləşməsini ifadə edir.



Bir gün məşhur səhabə Abdullah ibn Məsud Kufə məscidində camaat namazını qılırdı. Bu zaman bir nəfər onların yanından keçəndə xüsusi olaraq Abdullaha salam verdi: “Əssəlamü əleykə ya Əba Əbdirrəhman”. Abdullah o zamanlar xəlifə Ömər ibn Xəttabın tapşırığı ilə camaata Quranı öyrətmək üçün Kufəyə göndərilmişdi, üstəlik, Kufə beytül-malının (şəhər xəzinəsinin) cavabdehi də o idi. Yaxınlıqda olanlar Ibn Məsuddan soruşdular ki, bu şəkildə salam vermək, yəni toplum içində yalnız bir nəfərin adını çəkib salamlamaq və o biri adamlara sayğısızlıq göstərmək doğrudurmu? Abdullah ibn Məsud Həzrət Mühəmməd Peyğəmbərin (s) bu hədisini onlar üçün rəvayət etdi: “Qiyamət gününün ən yaxın əlamətlərindəndir ki, yalnız xüsusi adamlara (yəni varlılara, vəzifəlilərə) salam veriləcək; ticarət çox geniş yayılacaq, hətta qadın ticarətdə öz ərinə kömək edəcək; qohumlarla rabitə kəsiləcək; qələm aşkara çıxacaq (yəni fitnə-fəsadın təbliğatı artacaq); yalan şahidlik ediləcək və eləcə də doğru şahidlik gizlədiləcək (yəni insan gördüyünə şahid olmayacaq və bunu danacaq)” (Buxari. Əl-Ədəbül-müfrəd, hədis 1049).

Başqa bir hədisə görə, bir nəfər camaat arasında yalnız Abdullah ibn Məsuda salam verdi və bu şərəfli səhabə yanındakılara söylədi: «Allah və Rəsulu doğru buyurublar, yalan danışmazlar. Mən Allahın Rəsulundan eşitdim: “Qiyamətin şərtlərindəndir ki, adam məscidə gələr, amma orada iki rükət namaz qılmaz; adam yalnız tanıdığı şəxsə salam verər; cavan qoca ilə soyuq davranar” (Səhihü Ibn Xüzeymə, cild 1, səh. 649, hədis 1326).



Əbu Səid əl-Xüdri Həzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğunu rəvayət edib: “Siz özünüzdən əvvəlkiləri qarış-qarış və arşın-arşın izləyəcəksiniz. Hətta onlar xırda bir kərtənkələ yuvasına girsələr belə, siz də onlar kimi edəcəksiniz”. Səhabələr soruşdular: “Ey Allahın Rəsulu! Bunlar (yəni bizim izləyəcəyimiz kəslər) yəhudilər və xristianlar olacaqmı?”. Peyğəmbər suala sualla cavab verdi: “Onlardan savayı kim ola bilər ki?” (Səhihü Müslim, Elm kitabı, hədis 6781).



Əbu Hüreyrə rəvayət edir ki, Islam Peyğəmbəri buyurub: “Elm aradan getməyincə, zəlzələlər tezləşməyincə, zaman bərəkətsiz olmayınca, fitnələr zühur etməyincə, insanlar paxıllaşmayınca, qətl halları artmayınca, mal-dövlətiniz çoxalıb sel kimi axmayınca qiyamət qopmaz” (Səhihül-Buxari, Istisqa kitabı, bab 27, hədis 1036). Bu hədisdəki zamanın bərəkətsiz olması hərfi mənada «zamanın yaxınlaşması» şəklində ifadə edilib. Həqiqətən, günümüzdə hamı vaxtın darlığından şikayət edir. Nə öhdəmizdə olan işləri yerinə yetirməyə, nə ailəmizlə lazımi qədər məşğul olmağa, nə qohumlara baş çəkməyə, nə mütaliə edib savadımızı artırmağa, nə də müstəhəb ibadətləri yerinə yetirməyə vaxt tapmırıq. Ənəs ibn Malikin Peyğəmbərdən rəvayət etdiyi bu hədis də deyilənləri təsdiq edir: “Zaman yaxınlaşmayınca, il ay kimi, ay həftə kimi, həftə bir gün kimi, gün bir saat kimi, saat da od yandırmağa bəs edəcək vaxt kimi (az) olmayınca qiyamət qopmaz” (Sünənüt-Tirmizi, Zöhd kitabı, hədis 2332).



Bir gün Ənəs ibn Malik dedi: “Sizə elə bir hədis rəvayət edəcəyəm ki, onu məndən sonra heç kim sizin üçün rəvayət etməyəcək. Allah Rəsulunun belə buyurduğunu eşitdim: “Qiyamətin şərtlərindəndir ki, elm aradan qalxacaq, cəhalət meydana çıxacaq, şərab içiləcək, zina aşkarda ediləcək, kişilər gedib qadınlar qalacaqlar (yəni qadınların sayı kişilərdən çox olacaq), belə ki, əlli nəfər qadının bircə kişi qəyyumu olacaq” (Səhihül-Buxari, Müharibin kitabı, hədis 6808).



Abdullah ibn Abbas Islam Peyğəmbərindən rəvayət edib: “Axirəz-zamanda elə bir dəstə olacaq ki, saçlarını və bığ-saqqallarını qara göyərçinin sinəsindəki tüklər kimi qaraldacaqlar. Onlar cənnətin ətrini də duymayacaqlar” (Sünənü Əbu Davud, Tərəccül kitabı, hədis 4212). Burada saçını qara rənglə boyayan qadınlar deyil, bu işi görən kişilər nəzərdə tutulur. Islamda qadınların cavan və yaraşıqlı görünmək üçün özlərinə bəzək vurmaları – naməhrəmə göstərməmək şərti ilə – qadağan deyil. Amma kişilərin cavan görünməkdən ötrü saçlarına rəng qoymaları bəyənilmir.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 267 Bölmə: Maraqlı melumatlar