beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərdən Sonra Nəyə Sarılmalıyıq?

Bu gün, səfər ayının 28-i, İslam Peyğəmbəri Həzrət Mühəmməd Mustafanın (s) vəfatının ildönümüdür. Hicri təqvimlə 1423, miladi təqvimlə 1381 ildir ki, vəhy pəncərəsi əbədi olaraq qapanıb.

Lakin bu günə və ta qiyamətə kimi müsəlmanlar iki zəngin irsə sahibdirlər və bütün həyatlarını bu iki mənbənin göstərişlərinə əsasən qururlar: Həzrət Mühəmmədin (s) 23 il ərzində Allahdan alıb insanlara öyrətdiyi Qurani-kərim, bir də o həzrətin söz və əməllərinin məcmusundan ibarət olan, Əhli-beyt tərəfindən bizlərə çatdırılan sünnə.

Ömrünü İslam uğrunda mücadiləyə həsr etmiş, olmazın zülm və məşəqqətlər görmüş, məhrumiyyətlərə sinə gərmiş Peyğəmbər vəfat edərkən öz ümmətini özbaşına, taleyin ixtiyarına buraxa bilməzdi. Bütpərəstlik düşüncəsindən təzəcə təmizlənmiş beyinləri yenidən bu düşüncəyə qayıtmaq təhlükəsi qarşısında silahsız qoyub-getmək Peyğəmbər kimi bir şəxsiyyət üçün insafdan sayılmazdı. Elə buna görə, Peyğəmbər ömrünün son aylarında müsəlmanlara dəfələrlə bunu xatırlatmağı özünə borc bilirdi ki, yaxın zamanda sizi tərk edib getsəm də, aranızda iki böyük əmanət qoyuram və bunlar sizi ta qiyamətə kimi azğınlıqdan qoruyar. Peyğəmbərin bu hədisi «səqəleyn hədisi» kimi məşhurdur. Elə "səqəleyn" sözünün ərəb dilindən tərcüməsi də "iki qiymətli əşya" deməkdir.

Alahın Rəsulu “səqəleyn hədisi”ndə buyurduğu məsələlərə çox ciddi əhəmiyyət verirdi; çünki bunu bir neçə dəfə, özü də izdihamlı və kütləvi yerlərdə söyləyib. Məsələn, o həzrətin son həcc səfəri ərzində (buna “vida həcci” deyilir) ən azı 3 dəfə - Ərəfatda, Minada və Qədir-Xümdə bu hədisi buyurması dəqiqdir. Peyğəmbərimizin bu hədisi məhz ömrünün son aylarında söyləməsi onun əhəmiyyətini bir daha artırır.

“Səqəleyn” hədisi həm şiə, həm də sünni mənbələrində səhih sayılır. Ravilərinin sayı baxımından da mütəvatir həddindədir. (Bir neçə sənədlə rəvayət edilən eyni məzmunlu hədisə “mütəvatir” deyilir). Müxtəlif mənbələrdə 20-dən artıq səhabəyə istinadən bu hədisin fərqli variantlarına rast gəlirik ki, bunların arasında Əli ibn Əbu Talib, İmam Həsən, Fatimeyi-Zəhra, Ümmi-Sələmə, Əbuzər, Əbu Eyyub Ənsari, Abdullah ibn Abbas, Cabir ibn Abdullah, Ənəs ibn Malik, Bəra ibn Azib, Əbu Rafe, Zeyd ibn Ərqəm, Əbu Səid Xüdri, Zeyd ibn Sabit, Hüzeyfə ibn Yəman ilə yanaşı, İmam Əlinin siyasi görüşlərini dəstəkləməyən Əbdürrəhman ibn Ovf, Abdullah ibn Zübeyr, Abdullah ibn Ömər və Əbu Hüreyrə kimi məşhur şəxslər də vardır.

Məsələn, Zeyd ibn Ərqəm hədisi bu şəkildə rəvayət edib: “Sizin aranızda iki qiymətli əmanət qoyuram. Onların birincisi Allahın kitabıdır. Onda hidayət və nur vardır. Allahın kitabını tutun və ondan möhkəm yapışın. İkinci əmanət Əhli-beytimdir. Allah Əhli-beytimi sizin yadınıza salacaq (yəni onunla necə rəftar etdiyiniz barədə qiyamətdə sizi sorğu-suala tutacaq)” (Səhihü Müslim, Fəzailüs-səhabə kitabı, 50-ci bab, 6225-ci hədis). Həmin babın sonrakı 2 hədisində bu rəvayət fərqli sənədlərlə təkrar edilib.

Tirmizi, Nəsai, Əhməd ibn Hənbəl, Darimi, Hakim Nişaburi, İbn Xüzeymə, Əbu Yəla, Təbərani, Beyhəqi, İbn Səd, Süyuti, İbn əl-Əsir, Əbu Nüeym İsfahani, Fəxr Razi, Müttəqi Hindi, İbn Kəsir, Xətib Bağdadi və başqa bu kimi görkəmli alimlər öz əsərlərində “səqəleyn” hədisini qeyd etməkdən şərəf duymuşlar. Seyyid Əli Milani “Hədisüs-səqəleyn” adlı kitabında səhabə və tabeindən əlavə, hicri II əsrdən bu yana yaşayıb-yaratmış və “səqəleyn” hədisini yazılı yaxud şifahi şəkildə nəql etmiş 165 nəfər əhli-sünnə aliminin adını göstərir.
Amma təəssüf ki, bir çox hallarda “səqəleyn” hədisinin öz mütəvatir formasından fərqli şəkildə rəvayət edildiyi ilə rastlaşırıq. Belə ki, hədisdəki “itrətim” (nəslim) və “Əhli-beytim” kəlmələri bəzən “sünnətim” sözü ilə əvəz edilir və “səqəleyn” hədisi bu şəkildə reklam olunur. Günümüzdə Həzrət Peyğəmbərin vida həcci zamanı oxuduğu xütbələrin çap olunduğu kitabça və nəşrlərdə çox vaxt Peyğəmbərin əmanətləri kimi Allahın kitabı (Quran) və o həzrətin sünnəsi göstərilir. Halbuki, yuxarıda qeyd olunan mötəbər mənbələrdəki çoxsaylı rəvayətlərlə müqayisə etsək, “sünnətim” ifadəsi işlənmiş variantların xeyli az olduğunu görərik. Hədisin bu formada təqdim olunduğu mənbələrdən az-çox etibarlısı Hakim Nişaburinin “əl-Müstədrəkü ələs-Səhiheyn” kitabıdır. Yuxarıda qeyd etdiyimiz kimi, bu əsərdə “səqəleyn” hədisi məhz “itrətim və Əhli-beytim” sözləri ilə ən azı 3 dəfə verilib (4640, 4641 və 4774-cü hədislər). Lakin kitabın 1-ci cildində müəllif bu hədisi “sünnətim” ifadəsi ilə də iki dəfə təqdim edib.

Hakim Nişaburi özü hədisin “sünnətim” variantını verdikdən sonra onu “itrətim” variantı ilə müqayisə edir və bu nəticəyə gəlir: “Bu xütbədə sünnətə sarılmağm xatırlanması ğərib rəvayətdir (yəni hədisin bu forması yalnız bir rəvayət zənciri ilə nəql edilir və sair sənədlərlə uyğun gəlmir)” (əl-Müstədrəkü ələs-Səhiheyn, I, 161 (318-ci hədis).

“Əl-Müstədrəkü ələs-Səhiheyn”də “sünnətim” şəklində verilmiş hədislərin hər ikisi elə əhli-sünnənin öz hədis üsulu qaydalarına görə zəif və etibarsızdır. Belə ki, birinci hədisin sənəd silsiləsində yer tutan Əbu Üveys və onun oğlu İsmail rical alimləri tərəfındən bəyənilmir. İmam Nəsai, İbn Həcər Əsqəlani, Darqutni, Yəhya ibn Müin, İbn Əbu Hatəm Razi, İbn Ədiyy Cürcani onları etibarsız ravi kimi dəyərləndiriblər.

İkinci hədisin sənədinə gəlincə, onun da rəvayətçilərindən biri - Salih ibn Musa əhli-sünnənin hədis alimləri (Buxari, Nəsai, İbn Hibban, Əbu Nüeym, Razi, Mizzi, Əsqəlani, Zəhəbi və b.) tərəfindən tənqid atəşinə tutulub. Maraqhdır ki, görkəmli əhli-sünnə alimi Zəhəbi «Mizanül-etidal» kitabında Salih ibn Musanın barəsində özündən əvvəlki alimlərin tənqidi fıkirlərini qeyd etdikdən sonra bu ravinin qeyri-mötəbər hədislərindən bəzi nümunələr gətirir ki, bunlardan biri də “səqəleyn” hədisinin “sünnətim” variantıdır (Zəhəbi. Mizanül-etidal, II, 302).

“Səqəleyn” hədisinin “sünnətim” kəlməsi ilə xatırlandığı mənbələrdən biri də maliki məzhəbinin banisi Malik ibn Ənəsin “əl-Müvətta” kitabıdır. Lakin bu kitabdakı bütün hədislər kimi, bu hədis də Peyğəmbərə qədərki ravilərin sənəd zənciri göstərilmədən (mərfu halda) nəql edildiyi üçün, onun səhihliyi barədə müzakirə açmağa ehtiyac yoxdur.

Tədqiqatçıların əksəriyyəti hədisin “sünnətim” variantının ortaya çıxmasmın səbəbini Əməvilərin yürütdüyü siyasətlə bağlayırlar. Məlumdur ki, İslam tarixinin ilk əsrlərində hədis həm də çox güclü ideoloji silah sayılırdı və o dövrün siyasi mübarizələrində istər doğru, istərsə də qondarma hədislərdən geniş istifadə edilirdi. “Səqəleyn” hədisinin “sünnətim” ifadəsi ilə nəql olunan variantı da Əhli-beytin üstünlüyünü ört-basdır etmək və imamları xalqın gözündə dəyərdən salmaq məqsədi daşıyırdı. Çünki Əhli-beyt imamları İslamı bütün insanlardan daha düzgün qavramağa və başqalarına izah etməyə qadirdirlər. Quranm ən səhih təfsiri onlara məlumdur, Peyğəmbər sünnəsini ən mötəbər şəkildə rəvayət edən də onlardır.

Burada İbn Həcər Heysəminin “əs-Səvaiqül-mühriqə” kitabından bir neçə cümləni xatırlatmaq yerinə düşər. İbn Həcər “Əhli-beytim” və “sünnəm” variantları arasında barışdırıcı mövqe yaratmaq üçün maraqlı bir çıxış yolu tapır: “Hədisin başqa bir rəvayətində “Allahın kitabı və mənim sünnəm” buyurulur. Bir çox hədislərdə yalnız Kitabdan (Qurandan) danışılmasının səbəbi budur ki, sünnə onu (Quranı) bəyan edir. Buna görə Peyğəmbər sünnənin adını çəkməyə ehtiyac duymadan, yalnız Quranı xatırladıb” (Ibn Həcər Heysəmi. Əs-Səvaiqül-mühriqə, səh. 132). İbn Həcər burada demək istəyir ki, Peyğəmbər sünnəsi Qurani-kərimin açıqlaması olduğu üçün, “səqəleyn” hədisindəki “Allahın kitabı” anlayışına sünnə də daxildir.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 156 Bölmə: Maraqlı melumatlar