beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏMƏLSİZ ELM Və ELMSİZ ƏMƏL

Bəli, İslam o qədər elmə qiymət verir ki, alimin qələminin mürəkkəbi şəhidlərin qanından üstün sayılır. Amma hansı alimin mürəkkəbi - o özü bir ayrıca bəhsdir. İslam alimə peyğəmbərin varisi kimi baxır. İslam məntiqinə görə peyğəmbərlərə bənzər əzəmət var alimlərdə. İslam məntiqinə görə, alimə baxmaq - ibadətdir. İmam Cəfər Sadiqdən (ə) buyurulur ki, alimin ölümü İslamın vücudunda əvəz olunmayan bir boşluq yaradar. Yəni, İslam bu qədər alimə qiymət verir. Deyir, əgər o, dünyadan getsə, İslamın vücudunda, İslamın bədənində bir boşluq yaranar ki, heç nə ilə doldurmaq mumkün olmur. Şəhid olan rəhmətlik böyük alimimiz Mütəhhərri üçün də bu söz deyilmişdi. Eləcə də Əllamə Təbatəbainin, Muhəmməd Təqi Cəfərinin, Ayətullah Behcətin, Ayətullah Fazil Lənkərani və bir çox başqa zirvələrin dünyadan getmələri ilə bağlı boşluq üçün hələ doldurulmayıb.

Qayıdaq o mövzuya ki, kimdir həmin o alim ki, bu qədər məqamı var - mürəkkəbi şəhidin qanından üstündür. Peyğəmbərin (s) varisidir. Cənnətdəki dərəcəsinin peyğəmbərlərlə çox az fərqi var. Peyğəmbərlərə bənzər əzəməti var. Allah yolunda cihad edir, mücahidə edir. Cahillər arasında olanda, onu bənzədirlər ölülər arasında bir diriyə.

Bu keyfiyyətlər bütün bilənlərə məxsus deyil. İslam deyir, bir başqa məsələ də var orada: məsuliyyət. Bu elm onlara məsuliyyət verər. Bu elm insana fərdi məsuliyyətlər verər. Bu elm insana ictimai məsuliyyət verər. Bu elm insana vücudi məsuliyyət verər. Əgər o məsuliyyətlər olarsa, əgər əmələn də o bildiyini məsuliyyətinə uyğun çalışarsa, o zaman Allah yolunda mücahid olar alim, o zaman bu deyilən məsələlər ona aid olar.

Dinimiz insanın hər baxımdan məsuliyyətli olmasını istəyir. Allah Təala Qurani-Kərimdə buyurur: “And olsun sənin Rəbbinə, onların hamısından etdikləri əməllər barəsində soruşacağıq”. (“Hicr” surəsi, ayə 92-93).

Məsuliyyət, vücudi qeyrət anlayışına yaxın olan bir anlayışdır. Demək, məsuliyyətin olmaması, insanın vücudi qeyrətdən məhrum olmasına gətirib çıxarır. İmam Əli (ə) buyurub: “Elmsiz əməl – ağır yük, əməlsiz elm isə - azğınlıqdır”.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Maraqlı melumatlar