beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qiyamət Gününün Peyğəmbəri (s) Sevindirən Səhnəsi

Ənəs ibn Malik rəvayət edir ki, bir gün səhabələr Həzrət Mühəmməd Peyğəmbərlə (s) söhbət edirdilər. Birdən o həzrət gülümsədi, hətta dişləri göründü. Ömər ibn Xəttab niyə güldüyünün səbəbini soruşanda Peyğəmbər buyurdu:

“Allah qiyamət gününün belə bir mənzərəsini mənə göstərdi. Ümmətimdən iki nəfər Allahın qüdrət dərgahının qarşısında durar. Onlardan biri deyər: “Allahım, bu din qardaşımın boynunda mənim haqqım var. Haqqımı ondan al”. Allah buyurar: “Sənin haqqını bundan necə alım ki, bunun əməl tərəzisində savabı qalmayıb”. O adam deyər: “Onda mənim günahlarımdan bir az götürüb ona yaz”. Bu yerdə Peyğəmbərin gözləri yaşardı, buyurdu: “O gün çox dəhşətli olacaq. İnsanlar çox istəyəcəklər ki, günahları azalsın. Allah-təala haqqını tələb edən adama buyurar ki, gözlərini qaldırıb cənnətə tərəf baxsın. O adam baxar və deyər: “Allahım, mən qızıldan tikilmiş şəhər görürəm, içində ləl-cəvahiratla bəzənmiş qızıl qəsrlər var. Bu şəhər hansı peyğəmbərin, ya siddiqin (doğruculun), ya da şəhidindir?”. Allah buyurar: “Bu məkan onu qazananlar üçündür”. O adam deyər: “Ora kim sahib olacaq?”. Allah buyurar: “O gözəl məkana sən də sahib ola bilərsən”. Adam soruşar: “Necə, hansı yolla?”. Allah cavab verər: “Öz din qardaşını bağışlamaqla”. Həmin adam söyləyər: “Yarəbbi, mən onu bağışladım”. Allah buyurar: “Elə isə, din qardaşının əlindən tut, hər ikiniz cənnətə daxil olun”. Sonra Həzrət Peyğəmbər buyurdu: “Allahdan qorxun, öz aranızı (münasibətlərinizi) düzəldin. Allah-təala özü müsəlmanların arasını düzəldir (yəni onların bir-birini bağışlamasına vasitə olur)”.



[Hakim Nişaburi, əl-Müstədrək, c.4, səh.576].


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 56 Bölmə: Maraqlı melumatlar