beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qardaşina Lənət Oxutduran Xəlifə

Abbasilər sülaləsinin möhtəşəm xəlifəsi Harun ər-Rəşidin 12 oğlu vardı. Xəlifə özündən sonra oğullarının hakimiyyət üstündə bir-biri ilə didişəcəklərini yaxşı bilirdi. Ona görə də bacardığı qədər onların arasında barışıq yaratmağa və ayrı-seçkilik salmamağa çalışırdı.

Harun bəlkə də yeganə xəlifədir ki, başqalarından fərqli olaraq özündən sonra bir və ya iki oğlunu deyil, üç oğlunu vəliəhd etmişdi. Vəsiyyətə əsasən, hakimiyyətə ilk olaraq Harunla Zübeydənin oğlu Əmin keçməli idi. Əmin ölərsə, Harunun ikinci oğlu Məmun, daha sonra isə o biri oğlu Qasim taxt-taca iddialı sayılırdılar. Harun ər-Rəşid öz sağlığında xilafət torpaqlarını oğullarının arasında bölüşdürmüşdü. Əmin qətiyyətsiz, təsir altına düşən və eyş-işrətə meylli bir adam idi. Ondan fərqli olaraq Məmun güclü iradəyə malik idi, qarşısına qoyduğu məqsəd uğrunda mübarizə aparmağı bacarırdı, idarəçilik qaydalarını da yaxşı mənimsəmişdi. Üçüncü vəliəhd Qasim də iradəcə zəif adam idi, ona görə də Əminin tələbi ilə öz haqqından keçdi. Harun hələ sağlığında Əminlə Məmun arasında mehribanlıq yaratmağa çalışırdı. Hətta bu məqsədlə qardaşlar arasında əhdnamə (müqavilə) yazdırmış, hər ikisinə imzalatdırmış və əhdnaməni Kəbənin içində əmanət qoymuşdu.

Harunun vəfatından sonra Əmin hakimiyyətə keçdi. Kəbənin içindəki əhdnaməni oğurlatdırıb məhv etdi, bundan sonra Məmuna qarşı açıq hücuma başladı. Məmun atasının sağlığında Xorasan valisi olduğu üçün, buralarda möhkəm arxa-dayağa malik idi. Iki qardaş arasındakı düşmənçilik durmadan artırdı. Əmin bütün mümkün yollarla Məmunu susdurmaq uğrunda səy göstərir, Məmun isə təslim olmurdu. Uzun müddət davam edən mübarizədə qüvvələr nisbəti Məmunun xeyrinə dəyişməkdə idi. Başı kef məclislərinə qarışmış Əmin siyasi səhnədə üstünlüyü günbəgün əldən verirdi. Üstəlik, hərbi sahədə də onu uğursuzluq müşayiət edirdi. Məmunla döyüşdə Əminin bəzi sərkərdələri məğlub oldu, bəziləri isə onu atıb qarşı cəbhəyə keçdi.

Məmunun iki sərkərdəsi – Tahir ibn Hüseyn və Hərsəmə ibn Əyən Bağdad istiqamətində irəliləyirdilər. Bir müddətdən sonra artıq Bağdadın məhəllələri döyüş meydanına çevrildi. Əli hər yerdən üzülmüş Əmin təslim olmağa hazırlaşırdı. Lakin ərəb təəssübkeşliyi bu dar məqamda da Əmini rahat buraxmırdı. O, fars əsilli Tahirdənsə, ərəb əsilli Hərsəməyə təslim olmağa üstünlük verirdi. Əmin Hərsəməyə xəbər göndərdi ki, mühasirə olunmuş saraydan çıxıb Dəclə çayının sahilində ona könüllü təslim olmağa hazırdır. Məsələni nə qədər gizli saxlasalar da, Tahir bundan xəbər tutdu. Təyin edilmiş gecə Əminlə Hərsəmə çay kənarında görüşüb qayığa mindilər və qayıqda təslim olmanın şərtlərini müzakirə etməyə başladılar. Tahirin əsgərləri suya dalıb qayığı çevirdilər və Əmini tutub sahilə çıxardılar. Əmin onu diri halda Məmunun hüzuruna aparmağı tələb etsə də, Tahir ibn Hüseyn buna məhəl qoymadı və xəlifəni qətlə yetirdi, Əminin kəsik başını Xorasana – Məmunun hüzuruna yolladı.

Məmun qardaşının başını Mərvdəki sarayın həyətində nizənin ucuna taxdıraraq, nümayiş etdirməyə başladı. Əyanlara və əsgərlərə car çəkildi ki, qələbə münasibətilə Məmundan hədiyyə almaq üçün saraya gəlsinlər. Məmun əmr vermişdi ki, hər kəs hədiyyə almazdan qabaq Əminin kəsik başına lənət oxumalıdır. Ordu üzvlərinin hər biri Əminə lənət oxuyandan sonra xəzinədara yaxınlaşıb payını alırdı. Növbə əsgərlərin birinə çatanda, Əminin kəsik başı qarşısında durub belə dedi: “Allah lənət etsin bunun özünə, ata-anasına!”. Aldığı hədiyyənin “qiymətini” vermək üçün əsgər daha da canfəşanlıq edərək Əminin anasını, nənəsini və bütün qadın əcdadlarını pis söyüşlərlə təhqir etməyə başladı. Məmun bütün bunları eşidəndə xəcalət çəkdi və qardaşının başını meydandan götürməyi əmr etdi. Əminin başını yenidən Bağdada qaytarıb, bədəni ilə birlikdə torpağa tapşırdılar.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 99 Bölmə: Maraqlı melumatlar