beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O BİRİ DÜNYA ÜÇÜN YOL AZUQƏSİ

“Əməl tərəzinizin savab gözünü sədəqə ilə ağırlaşdırın”. “Sədəqə imkanlı adamların xəzinəsidir”.

Imam Əli ibn Əbu Talib (ə).






Hicrətin birinci və ikinci əsrlərinin qovşağında yaşamış məşhur müsəlman alimlərindən biri də Mühəmməd ibn Müslim Zühəridir. Zühəri Qüreyş soyundan idi, onun ulu əcdadı Zühərə ibn Kilabla Peyğəmbərin ulu babası Qüseyy qardaş idilər. Zühəri əvvəllər Əməvi xilafətində dövlət qulluğunda olmuşdu, buna görə də Əhli-beytə mənfi münasibət bəsləyirdi. Bir gün öz vəzifəsini icra edərkən bir məhkuma o qədər işgəncə verdi ki, məhkum dözməyib canını tapşırdı. Zühəri günahını başa düşüb tövbə etdi. Amma vicdanı ona əziyyət verdiyi üçün Mədinə ətrafındakı dağlara çəkildi, bir mağarada ibadət etməyə başladı. Mağarada doqquz il ibadət və tövbə ilə məşğul oldu, nəhayət, doqquz ildən sonra həcc mövsümü zamanı Məkkəyə getdi. Orada Imam Zeynül-abidinlə (ə) görüşdü. Imam Zeynül-abidin (ə) Zühərinin əhvalatını eşidib ona məsləhət gördü ki, Allahın mərhəmətindən ümidini üzməsin, tərki-dünyalıq etməklə özünü nahaq əziyyətə salmasın, qətlinə bais olduğu adamın qanbahasını ödəsin, sonra evinə qayıdıb adi həyatına (amma vəzifədən kənar) davam etsin.

Zühəri həmin gündən Imam Zeynül-abidinin (ə) tərəfdarlarınını sırasına qoşuldu və Əhli-beyti sevənlərdən oldu. O, həmişə elmi fəaliyyətlə məşğul idi, hətta Kəbənin ətrafında təvaf edəndə də özü ilə kağız-qələm aparırdı ki, kimdənsə hədis eşitsə qeydə alsın.

Bir gün Zühəri öz nökəri ilə birlikdə Mədinə küçələrində gəzişirdi. Birdən çiynində ərzaqla dolu kisə aparan Imam Zeynül-abidinlə (ə) rastlaşdılar. Zühəri Imama təklif etdi ki, çiynindəki kisəni daşımaq üçün onun nökərinə versin. Amma Imam razı olmayıb buyurdu: “Mən uzaq bir səfərə çıxacağam, bu yükü həmin səfərdən ötrü tədarük etmişəm. Gərək özüm onu lazım olan yerə daşıyıb aparım və əmin-amanlıq yerdə qoyum. Mənimlə işin olmasın, qayıt get”. Zühəri nökərlə birlikdə Imamdan ayrılıb getdi. Ertəsi gün yenə o həzrətlə rastlaşdılar. Zühəri heyrətlə soruşdu: “Ey Peyğəmbərin balası! Bəs deyirdin ki, uzaq səfərə çıxacaqçan. Nə oldu, heç yerə getmədin ki”. Imam Zeynül-abidin (ə) buyurdu: “Mən axirət səfərini nəzərdə tutmuşdum. Kisənin içində ac və kasıb adamlar üçün yemək aparırdım. Bil ki, günahlardan uzaq olmaqla və yaxşılıq etməklə ölüm üçün tədarük görmək olar”.

Bu dünyada etdiyimiz hər bir xeyir əməl, verdiyimiz sədəqə, dediyimiz xoş söz axirət aləmində savab şəklində bizə qayıdacaq. Biz bu yaxşılıqları sanki bankda əmanət kimi qoymuş oluruq. Özü də bu elə bir bankdır ki, heç zaman müflis omaz, əmanətləri zay etməz və öz müştərilərini aldatmaz. Məhşərdə Allahın ədalət məhkəməsində əməllərimiz mizan-tərəzidə ölçülərkən günahlarımızın çoxluğu bizi təşvişə salar, tərəzinin xeyir əməllər qoyulan gözünün dolmasını arzulayarıq. Bu vaxt etdiyimiz yaxşılıqlar savab şəklində bizə qaytarılar. Kasıba ehsan etdiyimiz yemək, borcluya bağışladığımız pul, yetimə göstərdiyimiz nəvaziş, xəstəyə etdiyimiz qulluq, dərdliyə verdiyimiz təsəlli hesaba alınar, tərəzinin savab gözü ağırlaşar.

Imam Zeynül-abidinin (ə) yuxarıdkı hərəkəti Həzrət Mühəmməd Peyğəmbərin (s) buyurduğu bir kəlamla üst-üstə düşür. Deyirlər ki, bir nəfər Peyğəmbərdən soruşdu: “Mən niyə ölümdən qorxuram?”. Peyğəmbər onun sualını sualla qarşıladı: “Sərvətin varmı?”. O adam dedi: “Var”. Peyğəmbər yenə soruşdu: “Sərvətini özündən qabaq o biri dünyaya göndərmisənmi?”. Həmin adam: “Yox” dedi. Həzrət buyurdu: “Elə buna görə ölümdən qorxursan”. Yəni əgər var-dövlətindən ehsan edib savab qazansaydın, arxayın olardın ki, qiyamətdə bunlar sənin dadına çatacaq; o halda ölümdən qorxmazdın. Indi isə bilirsən ki, heç kimə yaxşılıq etmədiyin üçün sənə savab verilməyəcək. Əksinə, var-dövlətini necə qazandığına və necə xərclədiyinə görə səni ciddi sorğu-suala tutacaqlar, hər haram qəpiyin əvəzində sənə cəza verəcəklər.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 121 Bölmə: Maraqlı melumatlar