beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölümdən Sonrakı Həyata Inam - MƏAD

Məad hər bir müsəlmanın inanmalı olduğu əqidə prinsiplərindən biridir (əhli-sünnə məzhəbində iman əsaslarından, şiə məzhəbində dinin əsaslarından biri). Məada inanmayan kəs İslam dinindən kənar hesab olunur. Ərəb dilindən tərcümədə “qayıdış, geri dönmə” deməkdir.

Məad əqidəsi ümumilikdə bundan ibarətdir: Yalnız Allah-təalaya məlum olan bir gündə dünyanın sonu (qiyamət) gələcək, Yer üzündə həyat tamamilə məhv olacaq, bəşəriyyət bütövlükdə öləcək. Sonra Allahın əmri ilə Həzrət Adəmdən başlamış dünyanın sonunda yaşayanlaradək bütün insanlar yenidən dirildilib ilahi məhkəməyə – məhşərə gətiriləcəklər. Məhşərdə hər kəsin həyatı boyu etdiyi əməllər hesablanıb qiymətləndiriləcək, onun yaxşı, yaxud pis insan olması barədə ədalətli hökm veriləcək. Yaxşı insanlar öz əməllərinin mükafatını almaq üçün cənnətə, pis adamlar isə cəzalandırılmaq üçün cəhənnəmə göndəriləcəklər.
Dini kitablarda məadın mütləq baş verəcəyi barədə çoxlu əsas gətirilmişdir. Məsələn:

Birinci əsas: İLAHİ ƏDALƏT

Məadın vacibliyinin ən möhkəm dəlili ilahi ədalətdir. Bu dünyada insanların heç də hamısı layiq olduğu aqibətlə qarşılaşmır. Bəzən mömin şəxslər zülm və əziyyətlərə tuş gəlir, qatı cinayətkarlar, kafirlər isə vəzifə, sərvət və şöhrət əldə edib rifah içində yaşayırlar. Əgər insanın həyatı yalnız dünya həyatı ilə məhdudlaşsaydı, Allahın ədaləti şübhə altına düşərdi. Lakin məad vasitəsilə bu şübhə tamamilə aradan qalxır. İnsan layiq olduğu mükafat və cəzanı bu dünyada almasa da, axirət aləmində mütləq alacaqdır.

Allah bəzi insanların mükafatının, yaxud cəzasının bir hissəsini onlara bu dünyada verir. Lakin bir hissə qiyamətə qalır. Bunun bir neçə səbəbi vardır:
- Əgər Allah hər bir əməlin əvəzini təxirsiz olaraq versəydi, insanların əməllərindəki səmimiyyət itər, ya qorxu, ya da hərislik onlara hakim olardı. Pis adam yalnız və yalnız cəza qorxusundan pislik etməkdən əl çəkərdi, yaxşı adam isə bacardıqca daha çox mükafat qazanmaq üçün yaxşılıq edərdi. İnsan hər yaxşılıq və pisliyi öz istəyi və iradəsi ilə deyil, məcburiyyət və ehtiyac üzündən həyata keçirərdi. Halbuki, əsl mükafatın və cəzanın qiyamətə kimi təxirə salınması nəticəsində insan tam hərəkət azadlığı əldə edir. Ona vəd verilib ki, nə zamansa əməllərinin qarşılığını alacaq. Onun bu sözə inanmağa da imkanı var, inanmamağa da. Əsil iman bundadır ki, insan Allahın verdiyi vədləri gözüylə görməsə də, onlara inansın.

- Mükafat və cəzanı qiyamətə saxlamaqla Allah insanlara möhlət verir. Bəzi cinayətkarlar uzun illər boyu bəd əməllər törətdikdən sonra səmimi qəlbdən tövbə edib düz yola gəlirlər. Əksinə, ömrünün yarısını xeyirxahlıqla keçirən bəzi insanlar isə birdən-birə zərərli təsir altına düşüb cinayətkara çevrilirlər. Allah hər bir insana imkan verir ki, öz simasını tamamilə açıqlasın, nəyə qadir olduğunu nümayiş etdirsin. Yalnız bundan sonra onun bütöv həyatı əsasında ədalətli hökm çıxarılacaq.

- Bəzən insanın savabı, yaxud günahı elə böyük olur ki, onun əvəzini bu dünyada vermək qeyri-mümkün hala çevrilir. Məsələn, İslamın ilk dövrlərində Həzrət Mühəmməd Peyğəmbərə (s) kömək edib bu yolda olmazın məhrumiyyətlərə dözmüş səhabələrin mükafatını heç bir dünya neməti ilə ödəmək mümkün deyil. Əksinə, Kərbəla faciəsini törətmiş adamları isə bu dünyada heç bir üsulla layiqincə cəzalandırmaq olmaz. Elə buna görə də Allah insanın əməllərinin layiqli cavabını qiyamətə saxlayıb.
İkinci əsas: HƏQİQƏTLƏRİN AÇILMASI

Bəzən haqla nahaqqı bu dünyada ayırmaq çətin olur. Yaxşı işlər pislənilir, haqlı adamlara böhtan atılır. Əvəzində isə çox pisliklər yaxşılıq adı ilə tanıtdırılır, çox zülmkarlara adil deyilir. Lakin Allah həqiqətin əbədi olaraq gizli qalmasına razı deyil. İnsanlar bu dünyada haqqı gizlətsələr də, qiyamətdə buna nail ola bilməyəcəklər. Məhşər hər şeyin əsil həqiqətinin göstəriləcəyi, bütün şəkk-şübhələrin dağıdılacağı ümumbəşəri toplantıdır. Həmin gün heç kəs başqasını aldada, həqiqəti gizlədə bilməyəcək. Qiyamətdə bütün sirlər açılacaq (“Tariq”, 9).
Üçüncü əsas: ALLAHIN VƏDİ

Məadın əsaslarından biri də budur ki, Allah onun mütləq olacağını öz bəndələrinə vəd edib. Allahın vədi mütləq həyata keçməlidir, çünki Allah öz sözlərində doğruculdur.
Bütün ilahi dinlərdə məad barəsində xəbər verilmişdir. Bütün peyğəmbərlər öz ümmətlərini haqq yola dəvət edərkən qiyamət gününün mütləq olacağını, hamının dirildilərək sorğu-sual meydanına çəkiləcəyini söyləmişlər.

Məsələn, böyük peyğəmbərlərdən biri olmuş Həzrət Daniilin (ə) dilindən “Bibliya”da belə deyilir: “Torpaq altında yatanlar oyanacaqlar. Onların bir hissəsi əbədi həyata, bir hissəsi isə əbədi cəza və rüsvayçılığa layiq görüləcək”. Peyğəmbər İsayya (ə) isə məadı belə təsvir edir: “Sənin Rəbbin ölü bəndələri dirildəcək və ölü bədənlər canlanıb qalxacaq”.

Xristianların müqəddəs kitabı olan “İncil”in sonunda yerləşdirilmiş “İohannın açıqlaması”nda (Apokalipsis) qiyamət gününün hadisələri barədə öngörmələr verilir: “Böyüklü-kiçikli bütün ölülər Allahın qarşısında durar və onların əməlləri yazılmış kitablar açılar. Hər kəs öz əməl kitabında yazılanlar əsasında mühakimə edilər”.

Qurani-kərimin də onlarla ayəsində məaddan söz açılır. Quran nöqteyi-nəzərindən məad hər şeydən əvvəl insanın Allaha doğru qayıdışıdır. İnsan Allah tərəfindən yaradılıb, dünya həyatının sonunda da onun hüzuruna dönəcək. Elə buna görə də Həzrət Mühəmməd Peyğəmbər (s) bir şəxsin ölüm xəbərini eşidəndə aşağıdakı ayəni oxuyurdu: “Biz Allahınıq və Ona doğru qayıdacağıq” (“Bəqərə”, 156).

İnsanın cismani ölümündən sonra ruhunun yaşadığı barədə ən yaxşı dəlillərdən biri böyük mütəfəkkir İbn Sinaya məxsusdur. Tibbdə böyük nailiyyətlər qazanmış İbn Sina insan bədəninin elementlərinin daimi dəyişdiyini nəzərə alaraq bildirir ki, insanın cismini təşkil edən maddələr daimi dəyişir və bu gün olan insan, cismani mənada 1 ay və ya 1 ildən sonrakı insan deyil. Lakin insan neçə il yaşamasından asılı olmayaraq özünüdərki, mənəvi substansiyası əvvəlki olaraq qalır. Deməli, həmin özünüdərk və mənəvi substansiya insanın cismani bədənindən asılı deyil və onun ölməsi ilə ölməz. Ruh da elə budur ki, cism ilə ölmür və sonrakı həyata qədəm qoyur.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 148 Bölmə: Maraqlı melumatlar