beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL VERMƏK MƏDƏNİYYƏTİ

(İslami saytlara əsasən)

Əl vermək - məişətimizin mədəniyyətlərindən biri kimi insanlar arasında geniş yayılmışdır. Salam vermək kimidir. Biz əl verməklə qarşı tərəfə öz əlaqə və səmimiyyətimizi bildiririk. Əksinə, kiminləsə düşmənçiliyimiz varsa, ona əl verməkdən çəkinirik. Ona görə də bu İslamın müqəddəs və bərəkətli göstərişidir. Dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirməkdə səmərəlidir. İmam Baqir (ə) buyurur: “İki mömin bir-birinə əl verərlərsə, Allahın əli onların əllərinin arasında olar. Allahın məhəbbət əli ən çox o insanlarladır ki, qarşı tərəfi çox istəyir”.

İmam Sadiq (ə) buyurur: “İki mömin qardaş bir-birinə yaxınlaşanda və bir-birinə əl verəndə, Allah rəhmət nəzəri ilə onlara baxar. Günahları ağacın yarpaqları kimi tökülər, o zamana qədər ki, bir-birindən ayrılarlar”.

Əl verməyin və salamlaşmağın da yolu vardır. Onlardan biri davamlı və təkrar olmasıdır. Səfər zamanı və ya görüşən zaman bir neçə dəfə əl vermək bəyənilir. Əbu Əbidə nəql edir: “İmam Baqir (ə) ilə bir yerdə idim. Əvvəl mən ata mindim, sonra isə o Həzrət. Atın üstündə möhkəm oturduqdan sonra salam verib, hal-əhval edirdi. Sanki qabaqcadan bir-birimizi görməmişik. O zaman ki, atdan düşürdük, yenə də salamlaşıb, əl verir və hal-əhval edirdi. Sonra buyururdu: “İki möminin əl verməsi ilə günahları ağacın yarpaqları kimi tökülər və İlahi lütfün nəzəri onlarla olar. O zamana qədər ki, bir-birindən ayrılarlar”.

Başqa bir qayda isə əli sıxmaqdır. Bu da əlaqə və məhəbbətə görədir. Ancaq həddini aşmasın ki, ağrıya səbəb ola bilər.

Cabir ibni Abdullah deyir: “Rəsulallah (s) ilə görüşəndə ona salam verdim və o, mənim əlimi sıxıb buyurdu: “Əli sıxmaq din qardaşını öpmək kimidir””.

İslami sünnətin başqa bir ədəblərindən biri də odur ki, əli uzun müddət sıxmaq və onu tez çəkməmək. Burada savab o kəsə daha çox verilir ki, o, əlini daha çox saxlamışdır. İslam Peyğəmbəri (s) də bu gözəl adətə riayət edərdi. Əlini o qədər saxlayardı ki, qarşı tərəfin əli süstləşər və o, əlini çəkərdi.

Qəlbdə olan məhəbbəti aşkar etmək lazımdır. Məhəbbət daxildə gizlənən elə bir xəzinədir ki, onu daxildən çıxartmaq lazımdır. Bu yolla onun bərəkətindən bəhrələnmək olar. Ən gözəl xeyir və bərəkət dostluğu gücləndirmək və tanışlığı möhkəmləndirməkdir. İslamın göstərişinə görə o zaman ki, möminlə görüşürsünüz, əl verin. Bu zaman gülərüz, şad olun.

Allahın Peyğəmbəri (s) buyurur: “Əl verin, çünki o, kin və kidurəti aradan aparar”.

Qadına əl vermək

Əhli-Beyt (ə) məktəbinin təlimlərinə əsasən naməhrəmə əl vermək haramdır. Dostluq, tanışlıq, həmkarlıq, siyasi, diplomatik görüşlər dəlil ola bilməz ki, kimsə naməhrəm bir qadına əl versin. Allahın Rəsulu (s) bu haqda demişdir: “Qadınlara əl verməyin”. (Əlbəttə ki, naməhrəmlərə). Başqa bir hədisdə o Həzrət (s) buyurur: “Əgər qadın naməhrəm kişiyə əl vermək istəsə, (ki, əl verməməlidir) çarəsiz olsa və ya onunla biyət etmək istəsə, paltarının üstündən edə bilər”. (Əli örtən geyim, əlcəklə).

Əlbəttə ki, şəri məsələlərdə əsas meyar təqlid etdiyiniz müctəhidin verdiyi fətvadır.

Hazırladı: Məşhədi Xanım


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Maraqlı melumatlar