beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSL MÖMİN DÜŞÜNƏRƏK YAŞAYAR

İnsanın fitri istedadlarından biri də həqiqət axtarmaq hissidir. İnsan qabiliyyətlərindən biri isə qüdrət və həqiqəti tanımaqdır. Özünü və ətrafındakı dünyanı tanımaq - insanın xüsusiyyətlərindəndir. İnsan özünü tanıyaraq, başqa şeyləri də tanımağa, hətta Allahı tanımağa da qadir olur. Özünü tanımaq - bizim bütün biliklərimizin mənşəyidir. O kəs ki, özünü tanıyar - başqa şeyləri tanımaq zərurəti əldə edər. Çünki öz varlığı haqqında agah olandan sonra, özünün zəif cəhətlərini tanıyacaqdır. Məqsədinə tərəf gedən yolun metodologiyasını tanımaq zərurəti ilə qarşılaşar. Başqa tanımalar onun üçün mümkün olar. Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, özü haqda cahildir, qeyri-özünü necə tanısın?”.

Ona görə də elm və biliyi əldə etmək imkanı və əhəmiyyəti özünü tanıma yolu ilə bizə aydın olur. O zaman ki, elm və kamala çatmaq zəruri və əhəmiyyətli olarsa, həqiqətləri dərk etmək qüvvəsini inkişaf etdirmək də əhəmiyyətə mailk olacaqdır. İnsanın ağıl qüvvəsi həqiqətləri dərk etməkdə nə qədər güclü olarsa, məqsədə doğru yol və maneələri yaxşı tanıyacaqdır. Əksinə, əgər insanın tanıma qüvvəsi öz iş fəaliyyətini əldən verərsə, kamala doğru hərəkət mümkünsüz olar. Dalınca da fəlakət gətirəcəkdir.

Bu mövzu da özünü tanıma yolu ilə dərk edilir. Həm Quran və həm də sünnə bunu təsdiq edir. Qurani-Kərimdə və Məsumlardan (ə) gələn hədislərdə elmin və elm öyrənməyin fəziləti haqda gözəl sözlər mövcuddur ki, onların bir neçəsinə işarə edək: “(Allah) ədalətlə (xalqın ümuratının tədbirinə) qaim (məşğul) olan halda şəhadət verir ki, həqiqətən, ondan başqa bir tanrı yoxdur. Mələklər, elm sahibləri də (buna şəhadət verirlər)”. ( Ali-İmran 18).

Pərvərdigar tövhidini dərk etmək mərtəbəsinə çatmaq və Ona şəhadət vermək - elm sahibləri üçün mümkün olan bir şeydir. Bu elmin fəziləti və zəruriliyi - tənhalıqda kifayətdir. Allah buyurur: “Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer açın!” - deyildiyi zaman, yer açın ki, Allah da sizə (cənnətdə) yer açsın və sizə “Qalxın!”- deyilən zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kimsələrin dərəcələrini qaldırsın. Allahın sizin etdiklərinizdən xəbəri var”. (“Mucadilə”, 11).

Allah bir çox yerlərdə alimin üstünlüyünü nümayiş etdirmişdir. Bu ayədə olduğu kimi: “Bilənlərlə bilməyənlər bir olarmı? Fəqət ağıl sahibləri nəsihət qəbul edərlər”. (“Zumər”, 9).

“Əgər bilmirsiniz, zikr əhlindən (əhli-kitabdan) soruşun”. (“Nəhl”, 43).

Həzrət Peyğəmbər (s) buyurur: “Allah kiməsə yaxşılıq etmək istəsə, onu dində dərin düşüncəyə malik bir alim edər”.

O, buyurur: “Alim abiddən yetmiş dərəcə üstündür”.

Bilik öyrənməyin əhəmiyyəti

Həqiqi və səadət gətirən elm, insanın İlahi həyatında o qədər dəyərlidir ki, Peyğəmbərin (s) buyurduğu kimi vacibatdır: “Elm öyrənmək hər bir müsəlmana vacibdir”.

O, başqa bir yerdə buyurur: “O kəs ki, atəşdən azad olanlara nəzər salmaq istəsə, elm öyrənənlərə nəzər salmalıdır. And olsun o kəsə ki, canım onun əlindədir, elm yolunda get-gəl edən elə bir tələbə yoxdur ki, Allah onun hər addımı üçün bir ilin ibadətini yazmasın və hər atdığı addıma behiştdə şəhər salmasın. Yerə addım atdığı zaman torpaq ona görə bağışlanma istəyər. O, bağışlanmış halda səhər və axşam edər. Mələklər şəhadət verər ki, elm öyrənənlər Allahın atəşdən azad etdikləridir”.

İnsanın gördüyü hər bir hərəkət elm nurunun sayəsində olarsa, Allaha tərəf gedər. İmam Əli (ə) Kumeylə buyurur: “Ey Kumeyl! Elə bir hərəkət yoxdur ki, orada elmə ehtiyacın olmasın”.

Bilik əməli faydalı edir. Çünki biliksiz edilən əməl insanı hədəfinə çatdırmır. Hətta əgər əməlin zahiri düzgün olarsa, belə bilik - əməlin ruhudur. İmam Sadiq (ə) buyurur: “Mərifətə çatan an hər nə ki, xeyirdən istəyirsən, əməl et. İstər az olsun, istərsə də çox. Çünki bu əməl bilik kimi qəbul ediləcəkdir”.

Ağıl və düşüncə

Elmin dəyəri ucadır. İnsanın saleh olmağı ondan asılıdır. Ancaq elm özü ağıla söykənir. Elm ağıl və düşüncənin məhsuludur. İlahi hədiyyə olan ağıldan kimsə bəhrələnməsə, onun biliyi bəsirət ilə bir yerdə olmaz. Çünki elm - olan şeyi tanımaq, olduğu kimi tanımaq mənasını daşıyır. Belə ki, insan xeyir və kamalı ağıl vasitəsilə dərk edir. O kəs ki, fikirləşmir - elmdən məhrumdur. Elmin bərəkəti ona çatmır. Həzrət Peyğəmbər (s) buyurur: “Bütün yaxşılıqlar ağıl vasitəsilə dərk edilir”.

Ona görə də elm gərək düşüncə ilə birlikdə olsun. İmam Əli (ə) insanları düşünməyə dəvət edir: “Ağıl - elmin mərkəbidir (minik vasitəsidir)”. Çünki elm ağılsız inkişaf və hərəkət edə bilməz. İmam Sadiq (ə) buyurur: “İnsanın dayağı ağıldır. Dərrakə, hafizə və bilik - ağıldandır. Çünki insan ağlı ona dayaq olar. Alim, hafiz, zirək, dərrakəli və bilikli olar. İnsan ağlın vasitəsilə kamala çatar, ağıl ona yol göstərən, onu ayıldan və kilidini açandır”.

Ağıl və düşüncə o qədər əhəmiyyətlidir ki, onsuz Quran ayələrindən bəhrələnmək olmaz. “Gecəni, gündüzü, Günəşi və Ayı sizin üçün ram etmişdir. Və ulduzlar da onun əmrinə tabedir. Doğrudan da, bunda düşünən qövm üçün böyük ayətlər vardır”. (“Nəhl”, 12). O kəs ki, ağıl qüvvəsindən istifadə edər, onun vasitəsilə fikirləşər, öz səylərindən bəhrələnər - onun əməli düşünməyərək ibadət edən abidin əməlindən səmərəlidir. Bir saat düşünmək - bir il ibadət etməkdən yaxşıdır. Təfəkkür etmək gözü açar. O kəs ki, aləmin həqiqətlərini görür, yolunu və məqsədini tapar, məqsədinə tərəf hidayət olunar.

Təfəkkür və düşüncənin təsiri

Təfəkkür və düşünmək haqda çox sayda hədislər mövcuddur. Eyni zamanda düşünmək İlahi ayələrdən bəhrələnməyin mənşəyidir. Belə ki, Quranda deyilir: “Bütünlüklə (Allahın məxluğu olan) göylərdəkiləri və yerdəkiləri Allah sizə ram etdi. Şübhəsiz ki, bunda anlayıb düşünən qövm üçün ibrətlər vardır”. (“Casiyə”, 13). O kəs ki, düşünmür - varlığın xaliqindən qafil olar. Allahdan qeyrisinə ibadət edər: “Vay olsun sizə və Allahdan başqa ibadət etdiyiniz şeylərə! Əcəba! Başa düşmürsünüzmü?”. (“Ənbiya”, 67). “Sizə verilən hər şey - dünya həyatının güzəranı və bər-bəzəyidir. Allahın yanında olan isə xeyirli və qalandır, heç düşünmürsünüzmü?”. (“Qəsəs”, 60).

Düşüncəni tərk etmək - İlahi ayələrdən bəhrələnməkdən məhrum olmaqla yanaşı, Allahdan, axirətdən qafil olmağa gətirib çıxarar.

“O, içinizdən çox camaatları azdırmışdır, heç düşünmürsünüzmü?”. (“Yasin”, 62).

Beləliklə deyə bilərik ki, əsl mömin o kəsdir ki, düşünərək və elm əldə edərək yaşasın, ibadət etsin və Allaha yaxınlaşmağa çalışsın. İnsan ilk növbədə özünü tanımalıdır ki, sonra da onu xəlq edəni tanıya bilsin. Buna görə də ağla söykənməli və düşünərək hərəkət etməlidir.

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 130 Bölmə: Maraqlı melumatlar