beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSLAMIN NƏZƏRİNDƏ ELM VƏ MƏSULİYYƏT

Bismilləhir-Rahmənir-Rahim!

Bugünkü mövzumuz - mübarək İslam dininin nəzərində elm və məsuliyyətdir. Biz elə bir dövrdə yaşayırıq ki, müxtəlif təfəkkür tərzlərinin daşıyıcıları özlərinin müxtəlif sahələrə aid baxışlarını ictimaiyyətin nəzərinə təqdim etməkdədirlər. Hər bir məktəb ortalığa nə isə çıxarmağa çalışır. Kimsə deyir biz ədalət carçısıyıq, kimsə texnikası ilə öyünür, kimsə müəyyən tarixi abidələri dağıtmaqla hesab edir ki, mütərəqqi bir iş həyata keçirir və s. Biz, belə bir özünəməxsus zamanda, müxtəlif fikirlərin meydana qoyulduğu bir zamanda yaşayırıq. Və bu əlaqədə, mübarək dinimizin bilgiyə, elmə olan münasibətini bilmək – xüsusilə önəmlidir.


BİLİKLƏRİN ƏN YAXŞISI


Mübarək İslam dininin nəzərində insanın insaniyyəti iki möhkəm əsasa söykənir. O iki əsasdan birincisi elmdir, agahlıqdır, bilikdir. İkinci əsas, ikinci bünövrə isə - məsuliyyətdir. İnsan nə qədər bilikli olsa, nə qədər məlumatlı olsa, nə qədər savadlı olsa, amma bunun müqabilində məsuliyyətli olmasa, ortalığa müsbət bir şey çıxmaz. İslamın nəzərində insanın insanlığı, insanın insan kimi kamala çatması bilik, elm, agahlıqla bərabər, eyni zamanda, öz insani məsuliyyətini hiss etməsindədir. Əgər insanda elm, bilik, agahlıq, düşüncə, təfəkkürlə yanaşı, məsuliyyət də özünə yer tapsa, İslamın mübarək nəzərində o insan tam surətdə kamil insan kimi yetişə bilər.

Bəli, İslamda elmin məqamı şox yüksəkdir. Allahın Peyğəmbəri (s) buyurub: “Elm öyrənin, hətta Çində olsa da belə. Çünki, elm öyrənmək hər bir müsəlmana vacibdir”.

İmam Əlidən (ə) nəql edirlər: “Alim ölmüş olsa belə, sağdır. Nadan isə diri olsa da, ölmüşdür”.

Amma bu yüksəklik, bu alilik elm adamından böyük məsuliyyət tələb edir. Rəsuli-Əkrəm (s) buyurub: “Kimin elmi çoxalarsa və doğru yola meyli artmazsa, Allahdan uzaq düşməyindən qeyri bir artımı olmaz”.

İmam Əli (ə) buyurub: “Biliklərin ən yaxşısı – səni islah edən bilikdir”.

Ümumiyyətlə, bəşər hər zaman iki tərəfdən təhlükə ilə üzləşmişdir və üzləşməkdədir. Bir tərəfdən cahillər, irticaçılar, nadanlar, məlumatsızlar tərəfindən olan təhlükə. Bəşər, daima cahil, xəvaricvari, ətalətli, özünəqapanmış, ağ-qaradan başqa rəng seçməyən firqə tərəfindən təhlükəyə məruz qalıb. İkinci bir tərəf - məsuliyyət problemidir, daha dəqiq desək, qorxulu və tez yayılan bir mikrob olan məsuliyyətsizlik, biveclik sindromudur.

Misallara müraciət etsək, daha yaxşı olar. Diqqət yetirək: hər zaman nadanlar, cahillər, insanı optimal inkişafdan saxlayanlar mövcud olublar. Rəsulallahdan (s) öncə də olub, Rəsulallahın (s) mübarək zamanında da olub, Rəsulallahdan (s) sonra isə tarixdə dəqiqliklə gözə çarpır. Misal üçün, xəvariclər hərəkatı. Onlar öz qaragürühçü cahillikləri ilə, Həzrət Əli (ə) kimi elm simvolunu məhv etməyə çalışıblar. Bir qədər yaxına gəlsək, elə əsrimizin əvvəlində müsəlmanların içində cahillik o miqdarda olub ki, elm, tərəqqi, inkişaf daşıyıcıları olan insanların evini yandırıblar, günlərini qara ediblər.

Buna misal olaraq, Mirməhəmməd Kərim Qazi ağanı göstərə bilərik. Müsəlman qadınların təhsil almaqlarının tərəfdarı olan bu alim, cahillər, qaragüruhçular tərəfindən dəfələrlə hücüma məruz qalmışdır, hətta evi də yandırılmışdı. Günümüzə də gəlsək görəcəyik ki, vəziyyət həç də yaxşı deyil. Həm islamdankənar, həm də İslamın içində cahilliyindən, nadanlığından bəşərin inkişafına həddən ziyadə zərbə vuranlar var. Bunlar məsələnin bir tərəfi.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar