beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam peyğəmbərinin uşaqlıq dövrü

İSLAM PEYĞƏMBƏRİNİN UŞAQLIQ DÖVRÜ

Həlimə beş il balaca Məhəmmədin tərbiyəsi ilə məşğul olandan sonra onu anası Aminəyə qaytardı. Aminə bir gün sonra oğlu ilə birlikdə həm öz ərinin qəbrini ziyarət etmək, həm də öz qohum-əqrəbasına baş çəkmək məqsədilə Mədinəyə yollandı. Bir ay Mədinədə qaldılar. Qayıdanda balaca Məhəmmədin anası Əbva kəndində vəfat etdi.
Bu hadisə Əbdül Müttəlibin Məhəmmədə olan məhəbbətini daha da artırdı. Uşaqlıqdan balaca Məhəmmədin başına gələn bu hadisələr, çətinliklər Allah-Taalanın hikməti idi. Allah onu bu çətinliklərlə üzbəüz qoymaqla, ağır məsuliyyətli və şərəfli bir gələcəyə, yüksək məqama hazırlayırdı.
Məhəmməd 8 yaşında ikən babası Əbdül Müttəlib vəfat etdi. Bundan sonra əmisi Əbu Talib onu öz himayəsinə götürdü. Əbu Talib ticarət məqsədi ilə Şama yola düşəndə 12 yaşlı Məhəmmədi də özü ilə apardı. Karvanın üstündə yol boyu onları bir bulud müşayiət edirdi. Karvan Şama çatmamış Busra şəhərində bir tarixi hadisə baş verdi. Orada Buheyra adında bir xristian alim yaşayırdı. O axirüz-zəman peyğəmbərin gələcəyini və onun əlamətlərini səmavi kitablardan oxumuşdu.
Buheyra Məkkə tərəfindən bir karvanın gəldiyini gördü və onun da şahidi oldu ki, bu karvanın başı üstündə bir bulud hərəkət edir. Karvan onun evinə yaxın bir yerdə yerləşdi. Buheyra karvandakıları evinə dəvət etmək fikrinə düşdü. Və elə də etdi. Onları nahara evinə çağırdı. Amma bulud karvanın üzərindən tərpənməmişdi. Buheyra Əbu Talibdən soruşdu ki, sizdən karvanda qalan var? Əbu Talib cavab verdi ki, yalnız bir uşaq qalıb. Buheyra uşağın da bu məclisdə olmağını istədi. Əbu Taliblə birlikdə karvana yaxınlaşdılar. Buheyra uzaqdan gördü ki, uşaq zeytun ağacına söykənib və çox fikirli, qayğılı bir görkəmi var. Xristian alimi diqqətlə baxandan sonra Əbu Talibdən soruşdu: “Sən bu uşağın nəyisən?” Əbu Talib dedi ki, atasıyam. (Ərəblərdə əmiyə “ata” da deyirlər). Buheyra dedi ki, bu uşaq gərək yetim olsun. Uşağın əmisi daha heç nə demədi. Buheyra uşağın qarşısında dayanıb ona dedi ki, sənə bir neçə sualla müraciət edəcəyəm, amma “Lat” və “Üzza” xatirinə düzgün cavab ver! Balaca Məhəmməd dedi ki, mən heç vaxt yalan danışmıram və Lat və Üzzadan acığım gəlir. Lat, Üzza nədir? Buheyra yenə soruşdu ki, sən nəyi çox sevirsən və nəyin haqqında çox fikirləşirsən? Məhəmməd çavab verdi ki, mən təkliyi sevirəm və aləmin yaradılışı barəsində çox fikirləşirəm.
Xiristian alimi uşağın çiynindəki Peyğəmbərlik nişanəsini görəndən sonra üzünü Əbu Talibə tutub dedi: “Bu uşaqdan muğayat olun! Əgər yəhudi qövmü bilsə, onu öldürər.” Yenə davam etdi ki, bu uşağın parlaq gələcəyi var və səmavi kitabların sonuncu Peyğəmbər haqqında xəbər verdikləri şəxs bu uşaqdır.


Tarix: 06.06.2013 / 19:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar