beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran-i Kərimdə Səhv Axtaran şərqşünas

Quran-i Kərimdə səhv axtaran şərqşünasın gəldiyi nəticə!

Xristianlığın dərin bilicisi, Bibliyanın görkəmli tədqiqatçısı şərqşünas alim Dr. Miller səhv tapmaq məqsədi ilə Qurani–Kərimi oxumaq qərarına gəlir və düşünür ki, tapılacaq səhvlər müsəlmanların xristianlığa çağırılması zamanı işə yaraya bilər.

O, elə hesab edirdi ki, Quran səhralardan və bu qəbildən olan şeylər haqda 14 əsr bundan qabaq yazılmış qədim bir kitabdır. Ancaq Quranda gördükləri onu dəhşətə gətirdi. O, Quranda Peyğəmbərin (s) xanımı Hz. Aişə və qızı Fatimə (Allah onlardan razı olsun!) haqqında bir dənə də olsun ayə və surəyə rast gəlmədiyi halda, orada Hz. Məryəmə aid bütöv bir surənin olması faktının şahidi oldu. Alim bir çox xristian kitabında və incillərdə Hz. Məryəmə aid bəzi məlumatların olduğunu bildirsə də Quranda Hz. Məryəmə verilən əhəmiyyətin üstünlüyünü etiraf edib. Digər tərəfdən, Məhəmməd peyğəmbərini adının Quranda beş dəfə çəkildiyi halda İsa peyğəmbərin adının orada 25 dəfə qeyd edilməsi onu olduqca heyrətə gətirib.

Bütün bunlarla yanaşı, Miller Quranı oxumağa davam edir. “ən-Nisa” surəsinin 82-ci ayəsini – “Onlar Qur’an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar!” oxuduğu zaman daha da heyrətlənir və bu ayə haqqında yazır: “Bildiyimiz kimi, hal-hazırda bütün elmi naliyyətlər səhvlərin ortaya çıxarılması, yaxud da irəli sürülmüş nəzəriyyələrdə səhvlərdən uzaq qalmaq prinsipinə əsaslanır ki, bunu vasitəsi ilə də hər hansı bir elmi kəşfin doğruluğu sübuta yetirilir. Çox qəribədir ki, Quran həm müsəlmanları, həm də qeyrilərini onun özündə səhv axtarmağa çağırır. Hətta bununla kifayətlənməyərək, istəsələr belə, onda səhv tapa bilməyəcəklərini bildirərək, onlara meydan oxuyur”.

Daha sonra şərqşünas alim sözlərinə belə davam edir: “Yer üzündə heç bir alim, və ya yazıçı hər hansı bir kitab yazdıqdan sonra onda heç bir səhvin olmaması iddiasına cürət edə bilməz. Lakin Quran bizə onda heç bir səhvin olmadığını qəti surətdə deyir və üstəlik bizi özündə səhv axtarmağa çağıraraq, buna heç vaxt nail ola bilməyəcəyimizi bildirir”.

Millerin heyrətə düşdüyü digər bir ayə isə “əl-Ənbiya” surəsinin 30-cu ayəsidir. Uca Allah həmin ayədə belə buyurur: “Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər”.

Ayə barəsində Miller yazır: “Şübhəsiz, bu ayə 1973-cü ildə Nobel mükafatı almış elmi tədqiqatın mövzusunu əks etdirir. Bu tədqiqatın mövzusu isə “Böyük partlayış” nəzəriyyəsinə həsr edilmişdi. Nəzəriyyəyə görə, hazırkı kainat, eləcə də Yer və kainat böyük bir partlayışın nəticəsində meydana gəlib”.

İndi isə şeytanın peyğəmbərimizə (s) ilham verməsi barədə olan iddialara Millerin verdiyi cavaba nəzər salaq:

Allah Təala “əş-Şüara” surəsində bu haqda belə buyurur: “(Qur’anı) əsla şeytanlar endirmədi. Bu onlara layiq deyildir. Onlar (bunu) heç bacara da bilməzlər. Axı onlara (vəhy eşitmək, mələklərin söhbətinə qulaq asmaq) qadağan edilmişdir”. Digər bir ayədə isə belə deyilir: “(Ya Rəsulum!) Qur’an oxumaq istədiyin zaman məl’un Şeytandan Allaha sığın! ("Əuzu billahi minəş-şeytanır-rəcim" sözlərini de)”. (Millerin sözləri:) “Necə hesab edirsiniz? Məgər şeytanın hər hansı bir kitab yazmaqda metodu ola bilərmi? Fikirləşin! Şeytan bir kitab yazacaq, sonra sənə bu kitabı oxumamışdan qabaq “mənim şərrimdən Allaha sığın” deyəcək. Sizcə, bu, məntiqsiz bir şey deyilmi?!”

Quranda şərqşünas alimin diqqətini cəlb edən digər bir maraqlı cəhət isə Məhəmməd peyğəmbərlə (s) Əbu Ləhəb arasında baş verən hadisələrdir.

Şərqşünas bu haqda belə deyir: “Bildiyimiz kimi, Əbu Ləhəb İslama hədsiz nifrət edirdi. İslama o qədər kin bəsləyirdi ki, Peyğəmbər din barəsində insanlara bir şey danışdığı zaman onlara yaxınlaşır və Peyğəmbərin dediklərinin yalan olduğunu iddia edirdi. Bir sözlə, Peyğəmbərin dediklərinin əksini insanlara çatdırıb onlarda şübhə yaratmağa çalışırdı. Məlumdur ki, Quranda Əbu Ləhəb haqqında nazil olan bir surə vardır ki, bu surə onun ölümündən on əvvəl nazil olmuşdur. Bu surədə açıq-aşkar Əbu Ləhəbin cəhənnəmə gedəcəyi və heç bir zaman İslama girməyəcəyi bildirilib. İndi isə fikirləşin: əgər Quran Allah tərəfindən nazil olmasaydı və insan beyninin məhsulu olsaydı, Əbu Ləhəb bu müddət ərzində insanların qarşısına çıxıb: “Ey insanlar! Məhəmməd iddia edir ki, mən heç bir zaman müsəlman olmayacağam və cəhənnəmə girəcəyəm. Lakin onun dediklərinin əksinə, mən indi sizin gözünüzün qabağında İslamı qəbul edirəm” sözlərini deyə bilərdi. Ancaq etdiyi bütün hərəkətlərinin Peyğəmbərin (s) etdiklərinə zidd olmasına rəğmən Əbu Ləhəb bunu etmədi. Əgər istəsəydi, bu sözünə də qarşı çıxıb, buna da müxalif ola bilərdi. Bu surə nazil olandan sonra Əbu Ləhəb on il yaşadı. Əgər istəsəydi, bir saniyə içində İslamı məhv edərdi. Lakin bütün bunlar bir daha sübut edir ki, bu sözlər Məhəmmədin (s) sözləri deyil, əksinə qeybi bilən və Əbu Ləhəbin heç bir zaman İslamı qəbul etməyəcəyindən xəbərdar olan Uca Allahın sözləridir!”

Bundan başqa şərqşünas Quranda müsəlmanların yəhudi və xristianlarla olan əlaqələrindən bəhs edən ayələrə də toxunub. Qurani-Kərimdə yəhudilərin müsəlmanların ən qəddar düşməni olduqlarını və bunun günümüzə qədər davam etdiyini bildirən şərqşünas, bunun böyük bir mesaj olduğunu deyib. Çünkü yəhudilərin bugünə qədər bu iddianı puç etmək üçün əllərində böyük imkanları olub. Onlar Quranda deyilənin əksinə olaraq bu gün belə deyə bilərdilər: “Biz sizinlə xoş rəftar edirik, lakin Quran bizim sizə ən pis düşmən olduğumuzu deyir. Deməli Quranda səhv var”. Ancaq 1400 ilə yaxındır ki, onların bütün bu ayələrdən xəbərlərinin olmasına baxmayaraq, biz belə bir hadisənin baş verdiyinin şahidi olmamışıq. Çünkü, bu sözlər insan beyninin məhsulu olmayıb qeyb aləmini bilən Uca Varlığın kəlamıdır. Bu haqda Uca Allah belə buyurur: “(Ya Rəsulum!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, "Biz xaçpərəstik", - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların (mö’minlərin) içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir. Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə yaz! Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə (Cənnətə) daxil etməsini umduğumuz halda, biz nə üçün Allaha və bizə haqdan gələnə inanmayaq”.

Nəhayət şərqşünas alim Quranın heç bir kitabda rast gəlinməyən ecazkar üslubuna da toxunaraq sözünü belə tamamlayır: “Quran sənə bilmədiyin şeylər haqqında məlumat verir və sənə bunları əvvələr bilmədiyini deyir. Məsələn, “(Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: "Məryəmi kim öz himayəsinə alacaq?" - deyə, qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin” (Ali-İmran, 44); “Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir” (Hud, 49); “(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki, onların yanında deyildin” (Yusif, 102).

Heç bir dini kitabda bu cür üsluba rast gəlmədim. Bütün başqa kitablar bu məlumatların haradan gəldiyini xəbər verən məlumatlar toplusundan ibarətdir. Məsələn, təhrif olunmuş hər hansı bir İncili götürüb oxuduğun zaman orada keçmişdə var olan bir insanının harada yaşadığı, hər hansı bir döyüşçünün necə vuruşduğu, kimin neçə övladı, nə qədər var-dövləti olması və s. haqda məlumatlarla rastlaşırsan. Bu kitablar sənə hər zaman oxuduqların haqda daha çox şey bilməyin üçün sənə bu və başqa kitabları da oxumağı məsləhət görür. Ancaq Quranı oxuduğun zaman, yuxarıdakı ayələrdən də göründüyü kimi, oxuduqlarının yeni bir şey olduğunu görürsən. O, səndən oxuduqlarından əmin olmağı, onların bəşər qələminin məhsulu deyil, Tək Allahın kəlamı olduğuna inanmağı tələb edir.

İnsanı daha da heyrətləndirən digər bir fakt bu ayələrin endyi bir vaxtda Məkkə əhlinin olanlara qarşı göstərdiyi reaksiyadır. Onlar hər bir zaman bu ayələri və Quranda onlara qarşı olan mesajları eşidirdilər. Nazil olan bütün bu ayələri nə Məhəmməd (s) nə də onun qövmü bilirdi. Bütün bunlara baxmayaraq, onlar bir dəfə də olsun belə demədilər: “Bu, yeni bir şey deyil. Biz bütün bunları bilirik”, yaxud “Biz Məhəmmədin bunları hardan gətirdiyini bilirik" Ancaq danılmaz bir fakdır ki, heç bir kəs bütün bu ayələri nə yalanladı, nə də onlara cavab verə bildi. Çünkü, həqiqətən, bunlar heç kimə məlum olmayan yeni şeylər idi. Bunlar bir insan tərəfindən deyil, keçmişi, indini və gələcəyi bilən Uca Allah tərəfindən bildirlən qeybi məlumatlar idi!”


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 260 Bölmə: Maraqlı melumatlar