beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möcüzələr Yaradan Dua

Əllamə Həsənzadə Amuli deyir: “İmamət bəhsinin risaləsini yazmışdım, sona çatdıranda onu Əllamə Təbatəbainin hüzuruna apardım. Bir müddət onun yanında qaldı və onu mütaliə etdi. Bu risalənin bir yerində özüm haqqında dua etmişdim. Risaləni mənə qaytaranda ağa buyurdu: “Ağa, mən özümü tanıyandan bəri şəxsi dua etməmişəm, dualarım ümumi olmuşdur”.


“Nüdbə” duası
Məhdinin qardaşı Əllamə Həsənzadə Amulinin yanında söhbət edərək, deyir: “Allaha həmd olsun ki, dostlarımız neçə illərdir ki, “Nüdbə” duasını oxuyurlar. Cümə günün səhəri bir yerə cəmləşirlər və “Nüdbə” duası oxuyurlar. Ancaq o halda ki, gərək olaq, ola bilmirik. Nə edək ki, daxilimizdə inqilab yarada bilək. Siz deyin biz nə edək?”. Əllamə gülümsəyərək dedi: “Nüdbə duasını oxuyun, bəli, “Nüdbə” duasını oxumaq lazımdır. Yolu elə budur. Bu işdə möhkəm olun. Buraxmayın, yorulmayın. Həqiqətə çatmaq yolu mütləqdir. Çalışın əməldə iş görün. Rəftarınızı pak edin”.


“Kumeyl” duası
Kumeyl deyir: “Əmirəl-möminin (ə) ilə məsciddə oturmuşdum. Səhabələri onunla idilər. İmam (ə) məndən soruşdu: “Ey Kumeyl! Nə istəyirsən və gəlməyinə səbəb nədir?”. Dedim: “Ey Əmirəl-möminin (ə), Xızrın duasının tələbi ilə gəlmişəm”. Buyurdu: “Ey Kumeyl, otur. Bu duanı əzbərlə və hər cümə axşamı bir dəfə, ya hər ay bir dəfə, ya hər il bir dəfə, ya da ömründə bir dəfə oxu ki, səni pisliklərdən saxlasın və yardım etsin və sənə ruzu verilsin. Heç vaxt əfvdən məhrum olmazsan. Ey Kumeyl, sənin bizə məhəbbətinin uzun müddətli olması səbəb olmuşdur ki, bu cür neməti sənə bağışlayam”. Kumeylin əzmi və eşqi o qədər idi ki, o qədər susuz idi ki, gecə İmamın (ə) xidmətinə gəlir. Xızrın duasını ondan istəyir. Beləliklə Xızır duasını “Kumeyl” duası edir.


“Qoca qarılar behiştə getmirlər”
Həzrət Peyğəmbərin (s) bibisi olan Səfiyə binti Əbdulmüttəlib bir gün Həzrətin (s) yanına gəlir və qoca olduğu üçün soruşur: “Ya Rəsullah, dua et ki, mən behiştə gedim”. Həzrət ona deyir: “Qoca qadınlar behiştə getmirlər”. Səfiyə Həzrətin (s) yanından qayıdır və ağlayır. Həzrət gülüb deyir: “Ona xəbər edin ki, əvvəl qoca qarılar cavan olur və sonra behiştə gedərlər”.


Həzrət Peyğəmbərin (s) Həzrət Əliyə duası
“Kafi”də İmam Əlidən (ə) yazılır: “Hər gündüz və hər gecə bir dəfə Peyğəmbərin (s) yanına gedirdim və o, mənimlə xəlvətdə qalırdı. Peyğəmbərin (s) səhabələri yaxşı bilirdilər ki, mən o Həzrətin evinə getməmişdən qabaq o, mənim evimə gələrdi. Bəzən də həyat yoldaşlarını otaqdan çıxarar və mənimlə tək qalardı. Mənim evimə gələndə də mənimlə tək qalardı. Nə Fatiməni və nə də övladlarımdan heç birini bayıra çıxartmazdı. Sual verəndə cavab verərdi, sakit duranda o Həzrət danışardı. Ona nazil olan bütün ayələri birinci mənə qiraət edər və imla deyərdi. Mən də onları yazardım. O, mənə təfsiri, nasux və mənsuxu öyrədərdi. Mənə görə Allahdan istəmişdi ki, bu kitabı hifz edib, dərk etməkdə müvəffəq olam. Ona görə də Allah kitabının heç bir ayəsini və mənə imla yazdırdığı heç bir elmi yaddan çıxartmıram. Çünki o, mənim üçün dua etmişdi. O, mənə Allahın ona öyrətdiyi hər bir şeyi öyrədərdi, halal və haramı, əmr və nəhyi, ondan əvvəlkilərə nazil olmuş kitabları, itaət və günahı öyrədərdi və mən də əzbərləyərdim. Öyrətdiyinin heç bir hərfini belə yaddan çıxartmamışam. Əlini sinəmə qoyub Allaha dua etdi ki, qəlbimi elm, hikmət və nur ilə doldursun. Mən də ona xitab edərək, dedim: “Ey Allahın Rəsulu! Atam və anam sənə fəda olsun! Mənə dua edəndən bəri heç bir şeyi yaddan çıxartmıram. Sizin nəzərinizə görə mən bundan sonra da nəyi isə yaddan çıxaracağammı?”. Peyğəmbər (s) buyurdu: “Xeyr. Nə sənin huşsuzluğuna görə və nə də cahilliyinə görə qorxmayacağam”.


Kəndçi bir kişinin Quranı əzbərləməsi
Əllamə Təbatəbai buyurur: “Savadsız bir kəndçi kişi gecəni Davud İmamzadəsində yatır, yuxuda ona deyirlər: “Divarda yazılanları oxu”. Deyir: “Mən bilmirəm”. Deyirlər: “Oxu!”. Səhər yuxudan duranda görür ki, Quranı əzbərləyib. O aləmdə bilmirik nə baş verir. Kor bir kişi ki, Quranı əzbər bilirdi, oxuduğu ayənin Quranda olmadığını söyləyənlərə Quranı açıb barmağı ilə həmin ayəni göstərmiş və demişdir ki, korsunuz, görmürsünüz?”.


Dənizin üstündə “Bismillah” kəlməsi ilə addımlamaq
Kuleyni “Üsuli-Kafi”də İmam Sadiqdən (ə) nəql edir: “Bir nəfər Həzrət İsa (ə) ilə bir yerdə idi. Dənizə çatanda onun üstündə addımladılar və dənizi ötüb-keçirdilər. Bu həmin candır ki, dənizin üstündə yeriyir, bu həmin candır ki, ölüləri dirildir. Onunla gedən şəxs İsanın (ə) dənizin üstündə yer üzərində olduğu kimi addımladığını görəndə belə fikirləşir ki, görəsən Həzrət addımlayan zaman hansı sözləri deyir və görür ki, Həzrət deyir: “Bismillah”. O, belə fikirləşir ki, Həzrətdən geri qalsın və özü bu kəlməni desin. Ancaq geri qalıb və bu kəlməni deyəndə dənizə düşür və boğulmağa başlayır. Həzrət ona nicat verir”.


Çiyinlərimizdəki mələklər
Əbu Əmamə Peyğəmbərdən (s) nəql edir: “Sol çiynimizdə olan mələk bəndənin çirkin əməlini altı saat yazmaz, əgər peşman olsa, tövbə etsə, o əməli yazmaz. Əks halda ona bir günah yazılar”. Başqa bir hədisdə deyilir: “Sağ çiyində olan mələk sol çiyindəki mələyin ağasıdır. Bəndə yaxşı əməl etdikdə sağ çiyindəki mələk bu əmələ görə 8 dəfə çox savab yazar. Çirkin əməl gördükdə sol çiyində olan mələk bunu yazmağa iradə etmək istəyər və sağ çiyində olan mələk ona deyər ki, dayan. O, yeddi saat dayanar. Əgər Allaha tövbə edərsə, bu əməl yazılmaz. Əgər belə etməsə onun üçün bir çirkin əməl yazılar”.


Yaxşı və pis əmələ iradə etmək
Abdullah ibni Musa ibni Cəfər (ə) buyurur: “Atamdan soruşdum ki, əgər bəndə yaxşı və ya pis iş görməyi iradə edərsə, mələklər bundan xəbər tuturlar?”. Buyurur: “Yaxşı iy ilə pis iy birdirmi?”. Dedim: “Xeyr”. Buyurdu: “Bəndə yaxşı əməl görmək istəyəndə nəfəsi xoş ətirli olar. Sağ çiyində olan mələk sol çiyində olan mələyə deyər: “Dur və get, bəndə yaxşı iş görməyə iradə edib”. Həmin əməli görəndə dili onun qələmi və ağız suyu isə mürəkkəbi olar və bunu yazar. Əgər günah etməyə iradə etsə, nəfəsi pis ətirli olar. Sol tərəfdə olan mələk sağ tərəfdən olan mələyə deyər: “Dayan, çünki o, pis iş görməyə iradə etmişdir”. Günah əməli görəndə dili qələm və ağız suyu mürəkkəb olaraq, bu əməli yazar”.


Tarix: 08.06.2013 / 13:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 552 Bölmə: Maraqlı melumatlar