beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəstəmaz

Namaz üçün təmizlənmək (təharət etmək)
Dəstəmaz almağın qaydası
Dəstəmazın düzgün olması üçün şərtlər
Dəstəmazın fərz əməlləri
Dəstəmazın bəyənilən əməlləri (sünnələri)
Dəstəmazı pozan amillər

NAMAZ ÜÇÜN TƏMİZLƏNMƏK (təharət etmək)
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Dəstəmazsız, namaz qəbul olunmaz»[1]
Təmizlənmək (təharət etmək) iki qismdir:
Birinci: Su ilə təmizlənmək.
İkinci: Torpaq ilə təmizlənmək.

Su ilə təmizlənmək dəstəmaz və ya qüsl ilə olur:



Dəstəmaz almağın qaydası

Osmanın xadimi Humran deyir ki, Osman ibn Əffan (Allah ondan razı olsun) dəstəmaz almaq üçün su gətirməyi əmr etdi sonra dəstəmaz almağa başladı, ilk olaraq əllərini üç dəfə yudu, sonra ağzını yaxalayıb, burnuna su aldı, sonra üzünü üç dəfə yudu, sonra sağ əlini dirsəyə qədər üç dəfə yudu, sonra sol əlini də elə yudu, sonra başına məsh etdi, sonra isə sağ ayağını topuqlara qədər üç dəfə yudu, sonra sol ayağını da elə yudu və dedi: Mən, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənim aldığım dəstəmaz kimi dəstəmaz aldığını gördüm. Sonra Rəsuləllah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dedi: «Kim mənim aldığım bu dəstəmaz kimi dəstəmaz alar, sonra qalxıb artıq heç bir şey düşünmədən (tam xüşu vəziyyətində) iki rükət namaz qılarsa, onun keçmiş günahları bağışlanar». İbn Şihab deyir ki, bizim alimlərimiz belə deyərdilər: Namaz üçün alınası ən yaxşı dəstəmaz budur[2].

Dəstəmazın düzgün olması üçün şərtlər

1. Niyyət etmək: Sübutu, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hədisidir: «Həqiqətən, əməllər niyətlərə görədir»[3].
Niyyəti dil ilə demək düzgün deyil. Çünki bu haqda Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) heç bir tutarlı dəlil nəql olunmamışdır.
2. Bismilləh demək:[4] Sübutu, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözləridir: «Dəstəmazı olmayanın namazı, dəstəmazda Allahın adını çəkməyənin (bismilləh deməyənin) isə dəstəmazı yoxdur»[5].
3. Dəstəmaz zamanı əzaları yuyarkən böyük fasilə verməmək: Sübutu, Xalid ibn Sədanın (Allah ondan razı olsun) hədisidir. Orada deyilir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir nəfərin namaz qıldığını gördü. Onun ayağının üst hissəsində dirhəm böyüklükdə yerə su dəyməmişdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona, dəstəmazı və namazı yenidən etməyi əmr elədi»[6].

Dəstəmazın fərz əməlləri

1. Üzü bir dəfə yumaq. Bura, ağız və burunun yuyulması da daxildir.
2. Əllərin dirsəklərə qədər bir dəfə yuyulması[7].
3. Başın hər tərəfinə bir dəfə məsh etmək. Qulaqlara məsh etmək də buraya daxildir.
4. Ayaqları topuqlara qədər yumaq.

Allah təala buyurur: «Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun...»[8].
· Ağız və burunun üzlə birlikdə yuyulmasını belə açıqlamaq olar ki, Uca Allah Öz kitabında üzü yumağı əmr etmiş və rəvayətlərdə təsdiq olunmuşdur ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmaz alarkən daim üzü ilə birlikdə ağız və burnunu da yuyardı. Onun dəstəmazını vəsf edən bütün səhabələr bunu qeyd etmişlər. Bu isə o deməkdir ki, Quranda üzün yuyulmasının əmr olunması, onunla birlikdə ağız və burunun yuyulmasını da əhatə edir[9].
Ağız və burunun yuyulması Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) aşağıdakı hədislərində əmr olunmuşdur:
«Biriniz dəstəmaz alarkən burnuna su çəkib sonra onu geri çıxartsın»[10].
«Oruclu olmadığın vaxtlar, burnunu dərindən təmizlə»[11].
«Dəstəmaz alanda ağzını da yaxala»[12].
· Başa məsh edərkən bütün başı əhatə etməyin vacib olması məsələsinə gəlincə məsələnin açıqlaması belədir. Demək Qurani Kərimdə başa məsh çəkmək haqqında olan əmr ümumi məna daşıdığı üçün onun açıqlamasını hədislərdən götürmək lazımdır. İki Səhih və digər hədis kitablarında, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) başının bütün hissələrinə məsh etməsi səhih rəvayətlərdə qeyd olunur. Bu isə başın bütün hissələrinə məsh etməyin vacibliyini bildirir.
Ola bilər, kimsə desin ki, Muğirənin səhih hədisində deyilir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) başının ön hissəsinə (kəkilinə), qalanını isə əmmamənin üzərinə məsh etdi. Buna nə deyirsiniz?
Cavab: O əmmamənin üzərinə məsh etməklə başın qalan hissəsinə olan məshi tamamladığı üçün, kəkilinə məsh etməklə kifayətlənmişdir. Biz də bunu dəstəkləyirik. Lakin hədis, əmmamə olmadan, kəkilə və ya başın bir hissəsinə məsh edib bununla kifayətlənməyə dəlil deyil[13].
Demək, başın hər tərəfini məshlə əhatə etmək vacibdir. Məsh edən istəsə yalnız başa, yaxud ancaq əmmaməyə məsh edər. Yaxud da başa və əmmaməyə məsh edər. Bütün bu hallar doğru sayılır.
· Qulaqlar başdan sayıldığı üçün onları da məsh etmək vacibdir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Qulaqlar, başdan sayılır»[14].
· Saqqalın dibinə su çatdırmaq:[15] Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmaz alarkən bir ovuc su alar və onu çənəsinin altına sürtüb, saqqalının dibinə yeridər və deyərdi: «İzzət və cəlal sahibi Rəbbim, mənə belə əmr etmişdir»[16].
· Əl və ayaq barmaqların arasını yumaq: Bunun sübutu Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hədisidir: «Dəstəmazı tam al, barmaqların arasını yu, oruclu olmayan vaxtlarda burnunu dərindən təmizlə»[17].

Dəstəmazın bəyənilən əməlləri (sünnələri)

1. Dişləri misvakla təmizləmək: Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Əgər ümmətimə çətinlik yaratmasaydım, onda onlara hər dəstəmazla bərabər misvakdan istifadə etməyi əmr edərdim»[18].
2. Dəstəmazın əvvəlində əlləri üç dəfə yumaq: Osman (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmazını vəsf etdiyi hədisdə deyir ki, o, dəstəmazdan əvvəl əllərini üç dəfə yudu[19].
3. Ağız və burunu birlikdə, bir ovuc su ilə üç dəfə yumaq: Belə ki, Abdullah ibn Zeyd (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmazını başqalarına öyrədəndə demişdir: «O, ağzını və burnunu birlikdə bir ovucdan yudu və bunu üç dəfə təkrarladı»[20].
4. Oruclu olmayan hallarda qğız və burunu dərindən təmizləmək: Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir ki, «...oruclu olmayan vaxtlarda burnunu dərindən təmizlə»[21]
5. Sağ əzaları, sol əzalardan öncə yumaq: Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaqqabısını geyindikdə, saçını daradıqda, dəstəmaznı aldıqda və ümumiyyətlə bütün (yaxşı) işlərində sağ tərəfdən başlamağı xoşlayardı»[22].
Həmçinin Osman (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmazını vəsf edəndə birinci sağ, sonra isə sol əzasını yuduğunu demişdir.
6. Dəstəmaz suyu ilə isladılmış əzaları əl ilə sürtmək: Abdullah ibn Zeyd (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ovucun üçdəbiri qədər su gətirdilər və o, dəstəmaz alıb, əli ilə dirsəklərini sürtdü»[23].
7. Əzaları (iki və ya) üç dəfə yumaq: Osman (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmaz alarkən əzalarını üç dəfə yudu». Digər səhih rəvayətlərdə deyilir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmaz alarkən bəzən əzalarını bir dəfə, bəzən də iki dəfə yuyardı»[24].
Bəzi hallarda, başa iki dəfə məsh etmək müstəhəb sayılır. Rəvayətdə deyilir ki, «Osman (Allah ondan razı olsun) dəstəmaz alaraq başına üç dəfə məsh çəkib dedi: Mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dəstəmaz aldığını görmüşəm»[25].
8. Əzaların ardıcıllıqla yuyulması: Əzaların ardıcıl yuyulması Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) adəti idi. Belə ki, onun dəstəmazını vəsf edənlər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu ardıcıllıqla dəstəmaz aldığını qeyd edirlər. Lakin Miqdam ibn Mədiykərbdən səhih sənədlə nəql olunur ki, «O, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmaz alması üçün su gətirir, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmaza başlayaraq əllərini, üzünü, sonra qollarını dirsəklərə qədər üç dəfə yuyub, ağzını və burnunu üç dəfə yaxalayıb, sonra başına və qulaqlarına məsh edir...»[26]
9. Dəstəmazdan sonra dua oxumaq: Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir ki, «Kim dəstəmaz alıb onu kamil şəkildə edər və sonra bu duanı: «Əşhədu ən lə iləhə illə-l-lah vahdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu» (Şəhadət verirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O təkdir, şəriksizdir. Və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir) – deyərsə, cənnətin səkkiz qapısı da onun üzünə açılar və o istədiyi qapıdam cənnətə daxil olar»[27].
Tirmizinin rəvayətində bu sözlər əlavə olunur: «Allahummə-calni minə-t-təvvabin vacalni minə-l-mutatahhirin» (Allahım! Məni tövbə edənlərdən və təmizlənənlərdən et)»[28].
Əbu Səid (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim dəstəmaz alıb bu duanı, «Subhanəkə-l-lahummə va bihəmdik, əşhədu ən lə iləhə illə ənt, əstəğfirukə va ətubu ileyk» (Ey nöqsansız və pak olan Allahım, Sənə həmd olsun! Şəhadət verirəm ki, Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Səndən bağışlanma­ğımı diləyir və Sənə tövbə edirəm) – deyərsə, dəri[29] üzərində yazılıb, xətmi vurular və qiyamətə qədər sınmaz»[30].
10. Dəstəmazdan sonra iki rükət namaz qılmaq: Belə ki, Osman (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmazını vəsf etdikdən sonra demişdir: «Kim mənim aldığım bu dəstəmaz kimi dəstəmaz alar, sonra qalxıb artıq heç bir şey düşünmədən (tam xüşu vəziyyətində) iki rükət namaz qılarsa, onun keçmiş günahları bağışlanar»[31].
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sübh namazından öncə Bulala (Allah ondan razı olsun) belə dedi: «Ey Bilal, İslamda könüllü etdiyin ən gözəl əməl haqqında mənə xəbər ver. Çünki mən sənin ayaqqabılarının tıqqıltısını cənnətdə öz qarşımda eşitmişəm?»
Bilal dedi: «Mənim könüllü etdyim əməl budur ki, mən, istər gecə, istərsə də günüz vaxtı hər dəfə dəstəmaz alanda mənim taleyimə yazılan sayda namaz qılıram»[32].

Dəstəmazı pozan amillər

1. Ön və arxa ifrazat çıxışlarından xaric olan, sidik, nəcis və ya yel:
Allah təalə buyurur: «... və ya ayaq yolundan gəldiyiniz zaman...»[33]. Ayədəki, «ayaq yolundan» sözü, ifrazat çıxışlarından xaric olan ifrazat mənasını daşıyır.
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir ki, «Hədəs edən, dəstəmaz almayınca Allah onun namazını qəbul etməz».
Hadramovtdan olan bir kişi: Ey Əbu Hureyrə (Allah ondan razı olsun) «Hədəs» nə deməkdir?
Əbu Hureyrə: Səsli və ya səssiz yel.

Dəstəmazı pozan digər amil, məzi və ya vadinin ifraz olunmasıdır:
İbn Abbas deyir: "Məni, məzi və vadinin hökmü belədir: Məni ifraz olunduqda qüsl alınır. Məzi və vadi ifraz olunduqda isə cinsiyyət orqanını yu və namaz üçün aldığın dəstəmazı et"[34].
2. Dərin yuxu: Yəni, yatan insan yuxuya tam qapanmalıdır. Bədəninin oturacaq hissəsi yerdə ola-ola oturub yatmaq, digər vəziyyətdə yatmaqdan fərqlənmir, hökmləri eynidir. Səfvan ibn Əssal (Allah ondan razı olsun) deyir ki, «biz səfərdə olarkən, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə, cənabət halı istisna olmaqla, yüngül və ya ağır subaşına getdiyimizə, yaxud yuxuya daldığımıza görə üç gün xuflərimizi[35] çıxarmamağı əmr edərdi»[36]. Bu hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yuxunu, (dəstəmaza təsir baxımından) sidik və nəcislə bərabər tutmuşdur.
Əli (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Göz, arxa orqanın kəndiridir. Kim yatarsa dəstəmaz alsın»[37].
Hədisdə deyilən, «Oyaq olmaq, arxa orqanın kəndiridir» - sözlərinin mənası belədir ki, oyaq olmaq ifrazatın çıxmasını qoruyur. Belə ki, insan oyaq olduqca bədənindən çıxanları hiss edir[38].
3. Xəstəlik və ya sərxoşluq səbəbi ilə huşunu itirmək: Çünki, yuxuya nisbətən, belə hallarda bədənə hakim olmamaq daha realdır.
4. Cinsiyyət orqanlarına bilavasitə şəhvət hissi ilə toxunmaq: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Kim cinsiyyət orqanına əl vurarsa dəstəmaz alsın»[39].
Başqa hədisdə (cinsiyyət orqanına əl vurduqda dəstəmazın pozulub-pozulmaması haqqında sual verənə) Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir ki, «Məgər, o sənin bədəninin bir parçası deyil!»[40]. Bəli, toxunma ilə bərabər şəhvət hissi olmadıqca həmin orqan bədənin bir hissəsi sayılır. Çünki orqana şəhvətsiz toxunmaq, bədnin hər hansı hissəsinə toxunmaq kimidir. Amma şəhvət hissi ilə toxunmaq isə bədənin başqa üzvünə toxunmaq kimi deyil. Çünki adətən başqa orqanlara toxunmaq şəhvət hissi ilə olmur. Gördüyün kimi, məsələ aydındır[41].
5. Dəvə əti yemək: Bəra ibn Azib (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Dəvə əti yedikdən sonra dəstəmaz alın, qoyun əti yedikdən sonra isə dəstəmaz almayın»[42].
Cabir ibn Səmurə (Allah ondan razı olsun) deyir ki, bir kişi Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu: Qoyun əti yedikdən sonra dəstəmaz alımmı? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «İstəsən dəstəmaz al, istəməsən alma». Kişi dedi: Bəs dəvə əti yedikdən sonra dəstəmaz alımmı? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bəli dəvə əti yedikdən sonra dəstəmaz al»[43].


Tarix: 02.05.2013 / 21:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 564 Bölmə: Maraqlı melumatlar