beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu gün Qədir-Xum bayramıdır

Rəvayətə görə, bu gün Həzrəti Məhəmməd (s) Həzrət Əlini (ə) özünün canişini təyin edib.

Anspress yazır ki, Zilhiccə ayının 18-ci (3 noyabr) günü İslam dünyasının Qədir-Xum bayramıdır. Bu mübarək gündə Allahın sonuncu Peyğəmbəri Məhəmməd Mustafa (s) Həzrət Əlini (ə) özünün canişini təyin etdi. Qədir-Xum bayramı və onu qeyd etmək ənənəsi Həzrət Peyğəmbərin (s) zamanına təsadüf edir. İmamların (ə) dövründə də bu dini sünnə davam etmiş və İmam Sadiq (ə) və İmam Rza (ə) onu aşkar etmişdilər. Bu bayramı əziz tutmuşdular. Onlardan əvvəl də Əmirəlmöminin (ə) bu günü qeyd edərdi. Bütün dünyada olduğu kimi, vətənimiz Azərbaycanda da bu mübarək gün hər il qeyd olunur.

Hicrətin 10-cu ilində Peyğəmbər (s) sonuncu həcc ziyarətindən - «Həccül-vida»dan qayıdarkən, Zucan adlı yerə yetişdikdə, ona yeni bir vəhy nazil oldu. Allah Təala Peyğəmbərə (s) buyururdu: «Ey Rəsul! Sənə nazil olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) tamamlamamış olursan…».
(«Maidə» surəsi, 67)

Bundan sonra Peyğəmbər (s) Cuhfə adlı yerdə yol ayrıcına çatanda, dayanmaq barədə göstəriş verdi. Sonra yüz mindən artıq zəvvarın qarşısında, dəvə palanlarından düzəldilmiş minbərin üstünə çıxaraq, müsəlmanlara dedi: «Ey insanlar! Mən tezliklə sizin aranızdan gedəcəyəm, mənim öhdəmdə də məsuliyyət var, sizin öhdənizdə də. Siz mənə necə şəhadət verirsiniz?». Hamı uca səslə dedi: «Biz şəhadət veririk ki, sən peyğəmbərlik vəzifəni yerinə yetirmisən, xeyirxahlıq şərtlərinə əsaslanaraq, bizim hidayət olmağımız üçün son dərəjə əzmlə çalışmısan, Allah bunun əvəzində sənə savab mükafatı versin!». Sonra Peyğəmbər (s) buyurdu: «Siz Allahın birliyinə, mənim peyğəmbərliyimə, Qiyamət gününün haqq olmasına və həmin gün ölənlərin imtahan vermək üçün yenidən dirilməsinə inanırsınızmı?». Hamı cavabında dedi: «Bəli, inanırıq!». Rəsuli-Əkrəm (s) dedi: «İlahi, şahid ol!». Sonra o, Həzrət Əlinin (ə) əlindən tutub qaldırdı ki, hamı onu görsün, orada olanlar hamısı onu tanısın. Peyğəmbər (s) buyurdu: «Möminlərin özlərinə nisbətdə ən üstün olan şəxs kimdir?» - müsəlmanlar cavab verdi: «Allah və onun peyğəmbəri daha yaxşı bilir!». Peyğəmbər (s) buyurdu: «Allah Təbarəkə və Təala mənim mövlam və rəhbərimdir, mən isə iman gətirənlərin rəhbəriyəm və onların işlərində özlərindən daha məsuliyyətliyəm!»

Sonra buyurdu: «Mən hər kimin rəhbəriyəmsə, bu Əli (ə) onun rəhbəridir». Bu sözləri dörd dəfə təkrar etdi və sonra dua etdi: «İlahi! Əli (ə) ilə dostluq edənlərlə dostluq et, düşmənləri ilə düşmən ol, onu sevənləri sev, ona qarşı qəzəbli olanlara sən də qəzəbli ol, ona kömək edənlərə kömək et, ona kömək etməkdən boyun qaçıranlara kömək etmə, onu haqqdan ayırma və haqqı həmişə onunla birlikdə et!». Sonra əlavə etdi: «Burada hazır olanların vəzifəsi, bu xəbəri burada olmayanlara çatdırmaqdır».

Peyğəmbərin (s) xütbəsi sona çatandan sonra camaat dağılmamış, Qurani-Kərimin ayəsi nazil oldu: «Bu gün mən sizin üçün dinimi kamil, höccətimi isə tamam etdim. Sizin üçün din olaraq İslamı bəyəndim…».
(«Maidə» surəsi, 3)

Bundan sonra Peyğəmbər (s) buyurdu: «Allah böyükdür, Allah bizim üçün öz dinini təkmilləşdirdi və nemətlərini bizim üçün tamam etdi. Mənim peyğəmbərliyimi və Əlinin (ə) məndən sonra canişinim olmasını bəyəndi».

Bu zaman sevinc səsləri ucaldı. Bütün səhabələr Həzrət Əliyə (ə) yaxınlaşaraq, dedilər: «Ya Əli, sən bizim və bütün iman gətirənlərin rəhbəri oldun! Səni təbrik edirik!».

Nazil olunan ayədən görünür ki, Peyğəmbərin ömrünün sonunda, mühüm bir məsələ qalmışdı ki, o məsələ həll olunmasa idi, risalət tamamlanmayırdı. Peyğəmbərin 23 illik zəhməti ilə bərabər olan və müsəlmanların bilməsi zəruri olan bu məsələ, onların bildikləri mətləbləri təkrarlamaq deyil, Peyğəmbərdən (s) sonra öz müqəddaratlarının kimə tapşırılması məsələsi idi. Təbii ki, bu məsuliyyət də insanların ən fəzilətlisinə və ən üstününə tapşırılmalı idi ki, bu şərəfli işin öhdəsindən gələ bilsin.

Qədir-Xum – dinin kamilləşmə bayramı, mübarək dinimizin Allah Təala tərəfindən bəyənildiyi bir tarixdir. Bu böyük bayram münasibətilə bütün azadxah və vicdanlı insanları təbrik edirik!


Tarix: 06.06.2013 / 19:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 219 Bölmə: Maraqlı melumatlar