beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlk yaradılış (I hissə)

Allaha həmd olsun. O Allaha ki, Qurani Kərimdə bizə buyurur : “ - Biz göyləri, yeri və onlar arasında olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-yerində, bir-birinə uyğun şəkildə) yaratdıq. O saat (qiyamət saatı) mütləq gələcəkdir. Sən (müşriklərdən) yaxşıca üz döndər (və ya onları alicənablıqla bağışla. Allah onsuz da onların cəzasını verəcəkdir!).
- Həqiqətən, Rəbbin (hər şeyi) yaradandır, biləndir!” (əl- Hicr 85-86). Allah Təala öz günahkar qullarını xəbərdar etmək üçün, inanan qullarını müjdələmək üçün göndərdiyi bütün peyğəmbərlərə və son peyğəmbər, peyğəmbərlərin xatəmi Məhəmmədə salam olsun. O Peyğəmbərə ki, Allah Təala ona belə buyurmuşdur: “- (Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et. (Müşriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar vəd olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar. (Bu Quran Allah dərgahından sizə olan) bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə ancaq Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)” (əl-Əhqaf 35).

Hər bir insan üçün bütün bu ətrafında gördüklərinin, səmanın, yerin, günəşin, ayın, ulduzların ilk yaradılışı haqqında müəyyən təəssüratları vardır. Bəzi dərin düşüncəli və elmi olanlar yaradılışın ilk mərhələsinin necə olduğunu özlərində düşünür və fikirləşirlər. Allah Təala buyurur: “- Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır” (Bəqərə: 164).
Biz Qurani Kərimi oxusaq görərik ki, bu ayəni qüvvətləndirən bir çox ayələr vardır, onlardan yenə Qurani Kərimin Yasin surəsində görürük: “ - Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri dirildəcəyimizə) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa, buğda, düyü və s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyirlər.
- Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki,
- Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən) yesinlər. Hələ də şükür etməzlər?
- Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!) (Yasin 33-36).
Buna bənzər ayələr çoxdur. Məsələn, Allah təala başqa ayədə belə buyurur: “- Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.
- O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! - Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz! - Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !
- Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!”
- Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” (Ali-İmran 190-195).
- Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq!
- Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz!(əd-Duxan 38-39).
- Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın! - O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.
- (O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar! (ət-Tariq 5-7).
- Allah sizə Öz ayələrini, (hökmlərini) bu qaydada aydınlaşdırır ki, düşünüb anlayasınız (əqlinizə batsın). (Bəqərə 242).
İnsanlardan elələri də vardır ki, elmi olmadan bu barədə öz aralarında mübahisə edirlər. Halbuki Allah Təala hər bir işdə olduğu kimi bu iş barəsində də biz qullarını xəbərdar etmişdir. Əslində hər şey açıq aşkar Quran ayələrində bildirilmiş, ayələrdə tapa bilmədiyimiz qismini isə Allah Təala elçisi vasitəsilə bizə çatdırmışdır.
İmran bin Husayn(r.a) dedi: “ Təmim oğullarından bir camaat peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəldilər. Peyğəmbər onlara dedi: “ – Ey Təmim oğulları! Sevinin, sizə müjdələr olsun!” Onlar dedilər: “- Bizi müjdələdin, bizə bir şeylər də ver.” Onun üzü dəyişdi. Sonra onun yanına Yəmən əhli gəldi. Peyğəmbər dedi: “ Ey Yəmən əhli! Müjdəni qəbul edin, onu Təmim oğulları qəbul etmədi.” Onlar dedilər: “ - Qəbul etdik.” Sonra Məhəmməd peyğəmbər(ona Allahın salavatı və salamı olsun) onlara yaradılışın başlanğıcı və ərşin yaradılışı haqqında söhbət açdı. Bu vaxt bir nəfər gəldi ki, “- Ya İmran dəvən açılıb qaçdı”, kaş qalxmayaydım.”
Bunu rəvayət edən səhabə dəvəsinin arxasınca getdiyi üçün Məhəmməd peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yaradılış barəsindəki söhbətini sona qədər dinləmədiyinə görə təəssüflənir. Başqa bir rəvayətdə İmran bin Husayn bunu açıq aşkar bəyan edir ki, həmin rəvayət belədir: “- Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) dedi: “ – Allah var idi, Ondan başqa heç nə yox idi. Onun ərşi suyun üzərində idi. Zikirdə( Lövhü Məhfuzda) hər şeyi yazdı. Səmaları və Yeri yaratdı.” Sonra bir nəfər məni çağırdı ki, Ya ibn Husayn dəvən getdi, mən qalxıb getdim. Baxdım ki, onun qarşısındakı sərab önümü kəsir. Allaha and olsun ki, mən dəvəmi tərk etməyi çox istədim.”
Tariq b Şihab(r.a) dedi: “ Ömər ibnu-l Xəttab dedi ki; “ (Bir gün) Allahın rəsulu (s.ə.s) aramızdan qalxaraq məxluqatın ilk yaradılışından başlayaraq(keçmiş və gələcək olan bütün hadisələri) cənnət əhlinin cənnətə, cəhənnəm əhlinin cəhənnəmə girməsinə qədər danışdı. Bunu bir qismi öyrəndı, bir qismi unutdu” (Kütüb-i Sitte, Hadis Külliyâtı, 1658).
İbn Məsud (r.a) dedi: “Allahın rəsulu(s.ə.s) buyurdu ki; “ Allah Təala ağılı yaratdığı zaman ona: “Gəl!” dedi, o da gəldi. Sonra “Geri qayıt!” deyə əmr etdi. O da geri qayıtdı. Sonra ağıla belə dedi: “Mən özümə səndən daha sevimli bir şey yaratmadım. Səni nəzdimdə məxluqatın ən sevimli olanına mindirəcəyəm”.
Əbu Hüreyrədən(r.a), peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “ – Mənə göründü ki, Allah Təala dedi ki, Adəm oğlu mənə söyür,halbuki onun Məni söyməsi və Məni yalan hesab etməsi ona yaraşmaz. Onun Mənə söyməsi Mənim övladım olmasını deməsidir, Məni yalan hesab etməsi isə ilk dəfə yaratdığım kimi təkrar yaratmayacağımı deməsidir.”
Abdulmüttəlibin oğlu Abbas(r.a) rəvayət edir ki; “ Bətha adlanan yerdə aralarında Allahın rəsulunun da olduğu bir qrup insanla oturmuşdum. Bu zaman bir bulud keçdi, hamı ona baxdı. Allahın rəsulu(s.ə.s):
“ Bunun adı nədir, biləniniz varmı?” deyə soruşdu. “Bəli, bu buluddur!” dedilər. Allahın rəsulu(s.ə.s): “Buna müzn də deyilir” dedi. Oradakılar: “Bəli, müzn də deyilir” dedilər. Sonra Allahın rəsulu(s.ə.s) buyurdu: “Anan da deyilir”. Səhabələr də: “Bəli, anan da deyilir” dedilər. Sonra Məhəmməd peyğəmbər(s.ə.s):“Bilirsinizmi göy ilə yer arasındakı uzaqlıq nə qədərdir?” deyə soruşdu: “ Xeyir, Allaha and olsun ki, bilmirik!” deyə cavab verdilər. “ Elə isə bilin, ikisi arasındakı uzaqlıq ya yetmiş bir, ya yetmiş iki və ya yetmiş üç ildir. Onun üzərindəki səmanın uzaqlığı da belədir”. Allahın rəsulu(s.ə.s) yeddi səmanı sayaraq hər biri arasında bu qədər uzaqlıq olduğunu dedi. Sonra əlavə etdi: “ Yeddinci səmanın o tərəfində bir dəniz var. Bunun üst səthi ilə dibi arasında iki səma arasındakı məsafə qədər məsafə var. Bunun da o tərəfində səkkiz ədəd yabanı keçi surətində mələk var. Bunların dizləri arasında iki səma arasındakı məsafə qədər uzaqlıq var. Bunların bellərinin arxasında ərş var. Ərşin də alt tərəfi ilə üst tərəfi arasında iki səma arasındakı uzaqlıq qədər məsafə var. Allah, bütün bunların fövqündədir”.Bir rəvayətdə belə deyilir ki, bu hədisi Camiul-Usul sahibi Kutub-i Sittəyə (Altı kitaba) daxil olan kitabların heç birinə nisbət etməmişdir.
Qatadə və Abdullahdan gələn başqa bir rəvayətə görə Allahın rəsulu(s.ə.s) səhabələriylə birlikdə oturarkən bəzi buludlar keçmişdi: “Bunun nə olduğunu bilirsinizmi? Bu əl- Anan deyilən buluddur. Allah Təala bunu özünə heç bir ibadət etməyən bir tayfaya göndərərək su ehtiyaclarını görür.” dedi. Bir müddətdən sonra: “ Bu səma nədir bilirsinizmi? Bükülmüş bir dalğa, qorunmuş bir tavandır. Bunun üstündə başqa bir səma vardır.” dedi ve beləcə üst-üstə yeddi səmanın olduğunu söylədi. Sonra danışmağa davam etdi:“İkisi arasında nə qədər uzaqlıq var, bilirsinizmi?” deyə soruşduqdan sonra “Beş yüz il!” dedi. Sonra təkrar: “Bunun gerisində nə olduğunu bilirsinizmi? Bunun gerisində su var. Suyun gerisində ərş var. Allah ərşin fövqündədir. Adəmoğlunun hərəkətlərindən heç biri Ona gizli qalmaz” buyurdu, sonra təkrar: “ Bu ərz (yer) nədir bilirsinizmi? Bunun altında bir digər yer var, ikisi arasında beş yüz il var”. Beləcə yeddi ərzin varlığını bir-bir saydı ( Kutub-i Sittə, Hadis ansiklopedisi, 1661).
Abdullah ibn Məsuddan(r.a) gələn rəvayətdə Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: “Allah yeddi səmanı yaratdı. Hər birinin uzunluğu beş yüz il yerimə məsafəsi qədərdir”.
Cubeyr ibn Mutim(r.a) rəvayət edir. Allahın rəsulunun(ona Allahın salavatı və salamı olsun) yanına bir bədəvi gələrək dedi: “ Ya Rəsulallah! Quraqlıqdan insanlar məşəqqətə düşdülər. Ailə uşağımız ziyana uğradı. Heyvanlarımız da həlak oldu. Allaha dua et bizim üçün su göndərsin. Biz Allaha qarşı sənin şəfaətini, sənə qarşı da Allahın şəfaətini tələb edirik!” Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) o adama belə cavab verdi: “Vay olsun sənə! Dediyin sözü dərk edirsənmi? Subhanallah”. Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) subhanallahı o qədər təkrar etdi ki, bunun təsiri səhabələrin üzündən oxunmağa başlandı. Sonra Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) sözünə belə davam etdi: “Vay sənə məxluqatından heç kimə qarşı Allah şəfaətçi qılınmaz. Allahın şəni belə bir iş etməkdən çox uzaqdır. Bura bax! Sən Allahın əzəmətinin nə olduğunu bilirsənmi? Onun ərşi səmalarının üzərindədir - barmaqlarıyla işarə edərək – eynilə üzərində bir qübbə kimi. Ərş Allahın əzəmətindən inildəyib səs çıxarır, eynilə süvarisi səbəbilə atın səs çıxarması kimi” ( Əbu Davud, Sünnət 19).
Əbu Hüreyrə(r.a) dedi ki, Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) belə dedi: “- Allah yaratmağı təqdir etdikdə ərşin üzərində olan kitabında belə yazdı: Rəhmətim qəzəbimə qalib gəldi.”


Tarix: 08.05.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 337 Bölmə: Maraqlı melumatlar