beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamın Gözəllikləri (Həccə getmək)

Dördüncü bölüm: Həccə getmək:
Həcc sözü şəriət termini kimi xüsusi əməllərin adı, yaxud Kəbəni və (həccə aid olan) müəyyən yerləri xüsusi tərzdə ziyarət etməkdir.
Həcc, İslamın beş əsasından biri və onun əzəmətli vacib əməllərindəndir. Həccin vacib olması haqda Quranda, hədislərdə və alimlərin buyurduqları kəlamlarda bir çox sübutlar mövcuddur. Yetkinlik yaşına çatmış hər kəsə ömürdə bir dəfə həcc etmək vacibdir.

Həccin vacibliyinə aid Qurandan olan sübut:
Allah taala buyurur:
"Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!" (Ali İmran: 97).
Ayə, həccin vacib olmasına açıq-aşkar sübutdur. Ayədə: "Allah qarşısında borcudur..." sözü, həccin vacib olmasına dəlildir. Alimlər deyirlər ki, həccin bu söz üslubu ilə vacib edilməsi, onun əhəmiyyətli vacibat¬lar¬dan olmasını bildirir.
Həccin vacib olmasına aid hədislərdən dəlil:
Əbu Hüreyrə (r.a) deyir: Bir gün Peyğəmbər (sav) bizə müraciət edərək buyurdu:
"Ey İnsanlar! Allah sizə həcc etməyi vacib buyurmuşdur. Siz də həcc edin". Bu zaman bir kişi: Ey Allah Elçisi, hər ildə? – deyərək soruşduqda Peyğəmbər  bir ara susudu. Sonra o kişi həmin sualını üç dəfə təkrar etdikdə Peyğəmbər  buyurdu: "Əgər “hə” desəm, onda sizin üzərinizdə vacib olacaq və siz bunu bacarmayacaqsınız. Mənim sizə demədiklərim haqda məndən soruşmayın. Sizdən əvvəlkilər çox sual verdikləri və peyğəmbərlərinin dediklərini dinləmədikləri üçün həlak olmuşdular. Sizə bir işi əmr etdikdə onu bacardığınız qədər yerinə yetirin. Sizi bir işdən çəkindirdikdə isə ondan əl çəkin"(Müslim: 2\ 975\ ? 1337.)
Peyğəmbər (sav) buyurmuşdur:
"İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Məhəmmədin Allahın peyğəmbəri olmasına şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq və imkan olduqda Beytülhərəmə (Kəbəyə) həcc etmək"(Buxari: 1\ 49\ ? 8. Müslim: 1\ 45\ ? 16.)
Ümumiyyətlə İslam ümməti və alimləri, yetkinlik yaşına çatmış imkanlı müsəlmana ömründə bir dəfə həccin vacib olmasını yekdilliklə vurğulayırlar.
Həcc, Allahın çağırışına səs verərək, Onun yolunda köç etməkdir. O, hər il gözəl əlaqələr əsasında dünyanın ən şərəfli və müqəddəs məkanında təkrarlanan mərasimdir.
Digər ibadətlər kimi həccin də öz gözəllikləri vardır:
1. Allaha aid olan tövhidin, sözlə, əməllə və etiqadla edilən ibadətin xalis Allah üçün olmasını göstərmək. İslamın bu əzəmətli əsası digər şəriət qanunları kimi bu əzəmətli qayəni həyata keçirir. Ona görə bu ibadətin başlanğıcı Allahın təkliyini əks etdirən tövhid kəlməsi: "Ləbbeykə Allahummə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə vən nimətə ləkə vəl mulk, lə şərikə lək" (Duanın tərcuməsi: "Allahım sənin çağırışına səs verirəm. Sənin çağırışına səs verirəm və sənin şərikin yoxdur. Həqiqətən həmd, nemət və mülk Sənə məxsusdur. Sənin şərikin yoxdur".)- ilə başlayır.
Allah taala buyurur:
"(Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!" (əl-Həcc: 26).
2.Allahın adını uca tutmaq, Onun adını xatırlamaqla nəfsi, qəlbi və hissyiyatları doldurmaq.
Bu haqda Allah taala buyurur:
"Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər ..." (əl-Həcc: 28).
Digər ayədə isə buyurulur:
"Ərəfatdan qayıdarkən Məşərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!" (əl-Bəqərə: 198).
"(Ey hacılar!) Sayı bəlli olan günlərdə (Mina dağında) Allahı yada salın (təkbirlə zikr edin)..." (əl-Bəqərə: 203).
"Həcc mərasimini tamamlayıb qurtardıqda Allahı yad edin! ..." (əl-Bəqərə: 200)
Bu və digər ayələr göstərir ki, həccin vacib edilməsinin əsas məqsədi Allahı zikr etməkdir. Hədislər bu mənanı açıq-aşkar təkid edir. Aişədən (r.a) rəvayət olunan hədisdə deyilir:
"Kəbəni təvaf etmək, səfa və mərva arasında səy etmək, cəməratda daş atmaq və Allahı zikr etmək üçündür"(Əbu Davud: 2\ 447\ ? 1888. Tirmizi: 3\ 246\ ? 902. Tirmizi hədisin həsənun səhih olduğunu demişdir.)
3.Həcc, itaətdə davamlı olmağın, şəhvətə qalib gəlməyin və Allahın razılığını hər şeydən üstün tutmağın gerçəkləşməsi.
"Həcc (mövsümü) məlum olan aylardır (şəvval, zülqədə ayları və zülhiccənin birinci on günü). (Həmin aylarda) həcc ziyarəti vacib olan (həcci özünə vacib bilən) şəxsə həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. (Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!" (əl-Bəqərə: 197).
Hədislərin birində belə buyurulur:
"Kim həcdə olarkən (qadınla) yaxınlıq etmədən, söyüş söyüb pis sözlər danışmadan həcc (ziyarət) edərsə, anadan doğulduğu gündəki kimi olar"(Buxari: 3\ 382\ ? 1521. Müslim: 2\ 983\ ? 1350.)

4.Həcc, İslam vəhdətini və iman qardaşlığını özündə əks etdirir. Qardaşlıq və bərabərlik toxumu səpir. Bu haqda Allah taala buyurur:
"Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur...." (Ali İmran: 97).
Ayədə "insanlar" sözü birlikdən xəbər verir. Bu söz digər ayədə:
"İnsanları həccə çağır" (əl-Həcc: 27) – şəklində də qeyd edilir. Bu ibadətdən öncə imanın olmasına baxmayaraq o özündə İslamın əsası olan tövhidi də əhatə edir. Tövhidin həyata keçirilməsi dinin yaşaması deməkdir. Ona görə də insanlara tövhidlə müraciət olunur. Allah taala bu mənanı bir neçə yerdə xatırlayaraq onun əhəmiyyətini nəzərə alır. Allah taala buyurur:
"Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə, məbəd) etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!" (əl-Həcc: 25).
İslamın bu əsasına diqqət yetirdikdə onun, əvvəlindən sonuna qədər İslam vəhdətindən xəbər verdiyinin şahidi olursan. Bunun ən aşkar sübutu: paltarın, sözün, əməlin, vaxtın, yerin, tərəfin və qəsdin eyni olma¬sıdır.
5. Müsəlman bu ibadətdən səbri, xeyirxahlığı və şükürü öyrənir. Həcc, mal-dövlət və bədənlə edilən ibadətdir. Həccə gedən adam müvəqqəti olaraq yola çıxmalı, ailəsindən və vətənindən uzaqlaşmalıdır. Həcc, nəfsi paxıllıq və xəsislikdən təmizləyir, insana davamlı, iradəli və gözəl əxlaqlı olmağı öyrədir.
6. Həcc mövsümü, ticarət əlaqələrinin və mənfəətlərinin əldə edilməsi üçün gözəl fürsətdir. Müsəlmanlar bu mövsümdə bir-birləri ilə ticarət edir və ticarət təcrübələrindən istifadə edirlər. Şübhəsiz ki, belə ticarət əlaqələri ilə müsəlman dövlətlərinin zəif nöqtələri aşkarlanır və digər dövlətlər tərəfindən qarşılıqlı əlaqələrlə təkmilləşir. Allah taala bizə bu mənfəətləri əldə etməyi əmr etmişdir. Ibn Abbas  Həcc surəsinin 28-ci ayəsinin: "Belə ki, öz mənfəətlərinin şahidi olsunlar..." - təfsirində bu mənaya işarə edərək belə buyurmuşdur: "Ayədə deyilən mənfəətlər həm dünya, həm də axirət mən¬fə¬ətləridir. Axirət mənfəətləri Allah taalanın razılığını qazanmaq, dünya mənfəətləri isə əldə etdiyiniz qurbanlar və ticarətdir".
7. Həcc, hər il təkrarlanan görüşdür. Bu mövsümdə müsəlmanlar bir-birləri ilə görüşür, vəziyyətləri ilə tanış olurlar. Həmçinin onların sözləri bir olur, cahillər bilmədiklərini alimlərdən öyrənir, varlılar kasıblara qarşı mərhəmət göstərir, bəzi İslam dövlətlərinin ehtiyacları aşkarlanır və s. Ümumiyyətlə həccin faydaları çoxdur. Həcc edən adam özü onları dərk edir və onların şahidi olur.


Tarix: 08.05.2013 / 19:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 275 Bölmə: Maraqlı melumatlar