beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam və ailə

Məqsədi sağlam bir cəmiyyət qurmaq olan islam, ailəyə xüsusi əhəmiyyət vermişdir. Çünki ailə, cəmiyyətin təməl daşıdır. Cəmiyyətlər ailədən yaranır. Ailə sağlam olarsa, cəmiyyətdə sağlam olar. Ailə isə evlənməklə qurulur.
Bu günümüzdə bəzi insanlar Allahın özlərinə halal bildiyi nigahı tərk edərək, qeyri-qanuni münasibətlərə yönəlirlər. Buna görə cəmiyyətdə zina, fuhuş yayılmaqdadır.Gələcəyimizin təminatı olan gəncliyimizə bu cür əxlaqsız münasibətlər haqqında məlumat vermək ən birinci vəzifələrimizdəndir. Fuhuşun və əxlaqsızlığın yayılması ilə ailə münasibətləri pozularsa cəmiyyətin tarazılığı da pozular. Bu səbəbə görə İslamın necə bir ailə istədiyini və ailəyə verdiyi əhəmiyyəti bu yazıda açıqlamaq istəyirik.

Hər şeydən öncə bunu rahatlıqla ifadə edə bilərik ki, ailə kəlməsi, insan zehnində bir növ dini, sosial və hüquqi qavrayışları canlandıran sosial mənalı bir kəlmədir.
Ailəni qısa olara bu şəkildə tərif edə bilərik: Ailə, ər-arvad və uşaqlardan meydana gələn və yaradılışdan gələn bağlar üzərində qurulan kiçik sosial bir cəmiyyətdir. İnsanlar ailə adlı yuvada göz açır. Daha doğrusu ailə insanın ilk elm ocağı, ilk məktəbi, ilk sevgi qaynağı və ilk dostlarının tanıdığı bir yuvadır.
Ailə kiçik sosial cəmiyyətdir. Cəmiyyət ailədən meydana gəlir. Cəmiyyətin xoşbəxt və sakit olması ailələrin xoşbəxt və sakit olmağı ilə bilavasitə əlaqəlidir. Ailə, insanları Yaradan Uca Yaradıcının qoyduğu qanunlara görə qurularsa sağlam, sakitlik və xoşbəxtlik qaynağı olar.
İslama görə ailənin təməli, nigah dediyimiz müqəddəs bir bağla ayrı cinsdən olan iki insanın bərabərliyi ilə meydana gəlir.Nigah sazişi, cəmiyyətin çəyirdəyi sayılan bu kiçik yuvanın qanuni sayılmasının ilk şərtidir. Qanuni olmayan səbəblərlə birlikdə olan insanlar ailə sayılmaz. Çünki bu bərabərliyin təməlində nigah deyil, iffətsizlik vardır.
İslam dini, iffətsizlik sayılan zina, fuhuş və cür qeyir-qanuni münasibətləri haram saymış və şiddətlə qadağan etmişdir.
Daha əvvəl ifadə etdiyimiz kimi ailə nigahla başlayır. Nigah kəlməsi, lüğətdə; “toplamaq” və ya “saziş və cinsi münasibət” mənalarında işlənir. Evlənmək, ər-arvad arasında birlikdə yaşamağa və yardımlaşmağa imkan verən və tərəflərə qarşılıqlı hüquq və tapşırıqlar verən bir müqavilədir. Biri-birinə haram olan qadın və kişi, bu sazişlə halal olarlar.
İnsan nəslinin davamı, cəmiyyəti meydana gətirən və cəmiyyətin təməl daşı olan ailə müəssisəsinin qurulması nigahla mümkün olur. İslam dini ailənin sağlam təməllər üzərində qurulması, fəzilətli nəsillərin yetişməsi üçün qanuni ölçülərlə evlənməyi əmr etmişdir. Allahu Təala bir ayədə belə buyurmuşdur:
“Alla sizə özünüzdən qadınlar var edər. Qadınlarınızdan da oğullar və nəvələr var edər. Sizə təmiz şeylərdən ruzi verər. Elə isə batilə inanırlar və Allahın nemətlərini inkar edirlərmi? “İçrənizdəki subayları, kölələrinizdən və cariyələrinizdən saleh olanları evləndirin. Əgər yoxsuldularsa, Allah onları lütfü ilə zənginləşdirər. Allah lütfü bol olandır, biləndir.”
İslam peyğəmbəri də gəncləri nigaha təşviq edərək belə buyurmuşdur:
“Gənclər, sizdən gücü çatan evlənsin. Çünki evləmək, gözü harama qarşı qoruyar, namusu mühafizə edər. Evlənməyə gücü çatmayan oruc tutsun, çünki oruc şəhvəti qırar.”
“Nigah mənim sunnətimdir. Sunnətimi tərk edən məndən deyildir. Evlənin, çoxalın, çünki mən digər ümmətlər yanında sizin çoxluğunuzla öyünəcəm. Halı, vaxtı yerində olan evlənsin, əli dar da oruc tutsun. Oruc şəhvəti qırar.”
Saleh qadını dünyanın ən gözəl neməti sayan Hz. Peyğəmbər səllallahu aləyhi və səlləm bir hədisində belə buyurmuşdur:
“Dünya keçicidir. Bu keçici dünyanın ən gözəl neməti də saleh qadındır.”
“Mömin, Allah qorxusundan və Ona itaətdən sonra, saleh qadından yararlandığı qədər daha heç bir şeydən yararlanmamışdır.Çünki ona əmr etsə sözünü dinləyər, üzünə baxsa özünü sevindirər, and içərsə andı düz çıxar, başqa tərəfə getsə öz namusunu və malını qoruyar.”
Evlilik, insanları harama düşməkdən qoruyar. Buna görə Qurani Kərim, insanları evlənməyə təşviq etmişdir.
Ailə həyatının məqsədi, sadəcə qadın və kişinin şəhvət duyğularını deyil, həmçinin insanların artımı təmin etməkdir. Şəhvət duyğusu, nəslin davamı üçün sadəcə bir vasitədir. Həmçinin Hz. Peyğəmbər Əfəndimiz:
“Evlənin, çünki mən sizin çoxluğunuzla öyünəcəm” sözündə bunu vurğulamış və evlənməyin həqiqi məqsədinin çoxalma olduğunu açıqlamışdır.
Məlum olduğu kimi hər şey Allahın mülküdür. Onun istədiyi tərzdə istifadə etməyən harama yol vermiş olur. Elə isə, qadın-kişi münasibətləri Allahın dilədiyi tərzdə və qoyduğu şərtlər çərçivəsində olmalıdır. Qadın-kişi münasibətlərində halal olmayan münasibətə dinimiz zina demiş və bütün cinayətlər arasında zinaya ən ağır cəza təqdir etmişdir. Allaha və axirətə inanan bir insanını nigah mövzusunda cox həssas olmalı, zəndən, şübhəli vəziyyətlər qaçmalıdır.
İslam evlənib yuva quracağımız insanı seçərkən bəzi xüsusiyyətlərə diqqət yetirməyimizi istəyir. Kişi ailənin dirəyidir. “Yuvanı quran dişi quşdur”,”Yuvanı quran, uşaqları yetişdirən həyat yoldaşını seçərkən gözəlliyindən, nəslindən və malından daha çox dindarlığına və yaxşı əxlaq sahibi olduğuna diqqət yetirmək gərəkdir. Həmçinin Hz. Peyğəmbər səllallahu aləyhi və səlləm bu xüsusda belə buyurmuşdur:
“Qadın dörd şey üçün nigahlanar. Malı, nəsli, gözəlliyi və dini. Siz dindar olanını seçin ki, əlləriniz xeyir görsün.”
Yəni kişilər evlənərkən bu dörd xüsusiyyəti nəzərə alırlar. Bu xüsusiyətləri axtarmayan heç bir kişi yoxdur deyə bilərik.Bunların içərisində ən az rəğbət görən xüsusiyyət isə dindarlıqdır.Halbuki qadının gərəkli xüsusiyyəti dindarlığıdır. Hədisdə bu xüsusiyyət son olaraq zikr edilmişdir. Bunun hikməti isə, xalqın ilk üç xüsusiyyətə rəğbətinin yersizliyinə və sonuncu xüsusiyyətə əhəmiyyət verməyinə işarə etmişdir.
Abdullah b. Əmr (r.a.) rəvayət edilən başqa bir hədisdə Rəsulullah səllallahu aləyhi və səlləm malın və gözəlliyin törədə biləcəyi pis nəticəyə diqqət yetirərək, evlənərkən dindarlıqdan başqa xüsusiyyətləri nəzərə almağı açıq şəkildə qadağan etmişdir.
“Sırf gözəlliyinə görə qadınla evlənməyin. Çünki gözəllikləri onları (təkəbbür və qürur) alçaldacağından qorxular. Onlarla sırf mal və mülklərinə görə evlənməyin, mal və mülkün onları azdıracağından qorxular. Fəqət onlarla dindarlıqlarına görə evlənin. And olsun ki burnu kəsik, qulağı deşik, qara dindar kölə (dindar olmayan huri qadınlardan) daha üstündür.
Əbul-Əsvəd əd-Düəli, uşaqlarına belə deyib öyünərmiş: “Kiçikliyinizdə, böyüklüyünüzdə və siz doğulmamışdan əvvəl sizə yaxşılıq etdim”. Doğulmamışdan əvvəl onlara necə yaxşlıq etdiyini soruşan uşaqlarına: “Sizə yaxşı ana seçdim” demişdir.
Evlilik həyatının uğurlu olması və hər iki tərəfdə xoşbəxtlik və rahatlığın hökm sürməyi üçün ər-arvad biri-birinə qarşı xoş münasibətdə olmalıdırlar.
İslama görə qurulan ailənin daha sağlam və uzunömürlü olmağı üçün evlənən cütlüyün biri-birini görməyi və danışmağı caizdir. Həmçinin Peyğəmbər səllallahu aləyhi və səlləm, evlənmək istəyənlərə, alacaqları qızı əvvləcədən görməklərini, bunu gələcəkdə onların biri-birini daha yaxşı başa düşməyi üçün gərəkli olduğunu söyləmişdir:
“Allah kişinin qəlbinə bir qadınla evlənməyi salarsa, o kişinin, evlənəcəyi qadına baxmağında bir günah yoxdur.”
Bir qızla evlənəcəyini söyləyən Muğirə İbn Şubəyədən, Hz. Peyğəmbər səllallahu aləyhi və səlləm alacağı qızı görüb görmədiyini soruşur, o görmədiyini söyləyəndə: “Get onu gör, bu gələcəkdə biri-birinizi başa düşməyinizdə ikiniz üçün də yaxşıdır.” demişdir.
Ancaq İslama görə qızla oğlan sadəcə bir məhrəm yanında biri-birilərini görə bilərlər. İkisinin tək birlikdə qalmaqlarına, gəzməklərinə islam icazə vermir. Bu günümzdə gənclər biri- birilərini daha yaxşı tanımaq üçün birlikdə gəzmək, səyahət etmək kimi bəhanələr gətirir. İslamın uyğun gördüyü “görmə” ilə bu cür bərabərlik arasında heç bir əlaqə yoxdur. Həmçinin Hz. Peyğəmbər səllallahu aləyhi və səlləm bu xüsusda belə buyurmşdur:
“Bir kişi, bir qadın ancaq qadının bir məhrəmi olmaq şərti ilə birlikdə ola bilərlər”
Dünya və axirət xoşbəxtliyini hədəf alan dinimizdə, cəmiyyətin ən vacib təməli olan və nigah sazişi ilə qurulan ailə, sevgi və hörmət əsasında qurulmalıdır.Qarşılıqlı sevgi və hörmətin hökm sürdüyü ailədə rahatlıq və xoşbəxtlik vardır. Sevgi və hörmətin omadığı ailədə xoşbəxtlik və rahatlıqdan söhbət etmək mümkün deyildir. Həmçinin Qurani Kərimdə də həyat yoldaşları arasında var olan sevgi, hörmət və dərin dostluq “Allahın ucalığını göstərən ayələr” olaraq səciyyələnir.
Ailədə ər-arvadın bir-birinə qarşı hüquq və məsuliyyətləri vardır.Ailədə hər kəs vəzifəsini tam olaraq yerinə yetirməlidir. Ailə üzvləri qarşılıqlı hüquq və vəzifələrini bilər və buna görə hərəkət edərlərsə, ailə ocağı xoşbəxtlik və sevinc qaynağı olar. Ailədə kişinin qadına qarşı necə davranmalı mövzusunda Peyğəmbərimiz belə buyumuşdur: “İmanı ən kamil mömin, əxlaqca ən gözəl olanıdır. Sizin ən xeyirliniz qadınlarına ən yaxşı davrananızdır. “
Kişi və qadın yuvada xoşbəxtliyi təmin etmək üçün lazımi fədakarlığı göstərməli, rahatlığı pozan bütün davranışlardan qaçmalıdırlar. Kişi qadınla xoş və incə rəftar etməli və mərhəmət duyğuları ilə hərəkət edərək ailəsini qorumalı, ailə üzvlərinə sevgi göstərməlidir. Qadın ərinə hörmət, uşaqlarına sevgi göstərməli; evdəki işləri vaxtında və həvəslə görməlidir. Qadın evini, malını, özünün, ərinin və uşaqlarının iffət və şərəfini qorumalı, ərinə sevgiylə bağlanmalı və etdiyi xərclərdə israfdan qaçmalıdır. Uşaqlarda ata-anasına hörmət etməli, onların istədiyi şəkildə təhsil və bilik almalıdırlar.
Ailədə istənilən mübahisə ciddi şəkil almamalı və mübahisəyə yol verilməməlidir. Şiddətli mübahisələr nəticəsində dağılan ailələr az deyildir. Son illərdə boşanmaların sayı artmışdır. Boşanma nəticəsində ailələr pərişan olur, uşaqların həyatında fəsadlar buraxır , ailə mütihindən uzaq olan uşaqlar istədiyi şəkildə təhsil almaqdan məhrum olurlar.Nəticədə, ozünə yetəri qədər inanmayan, problemlər qarşısında aciz qalan, səviyyəsi yüksək olmayan gənclik meydana gəlir.
Ailədə xoşbəxtliyi və rahatlığı təmin etmək üçün sevgi və hörmət şərtdir. Ailə üzvləri arasında sevgi, hörmət və bağlılıq təktərəfli deyil qarşılıqlı olmalıdır.
Nəticə olaraq deyə bilərik ki, İslam fitrətin gərəyi olan evlənməyi, sağlam nəsillər yetişdirməyə vasitə olan ailə müəssisəsinin qurulmasını gərəkli və vacib bilmiş, qarşılıqlı sevgi və hörmət əsasında qurulan, hüququ və məsuliyyətlərini dərk edən ailə yuvasının qurulmasını hədəf almışdır. Gəncləri evlənməyə və ailə qurmağa təşviq edən Sevgili Peyğəmbərimiz bizə necə ailə qurmaq mövzusunda nümunə, örnək olmuşdur. Qeyri-qanuni münasibətlərin yayıldığı bir dövrdə özümüzü və uşaqlarımızı qorumağın ən gözəl yolun xoşbəxt ailə yuvasının olduğuna şübhə yoxdur.


Tarix: 07.05.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 548 Bölmə: Maraqlı melumatlar