beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) ĞAFFƏR - ĞAFUR - ĞAFİR

əl-Ğaffər – əl-Ğafur – əl-Ğafir – «Agah olun ki, O, yenilməz qüvvət sahibidir, (günahları) çox bağışlayandır (ĞAFFƏR)». (əz-Zumər 5, Ta ha 82). «(Ya Muhəmməd!) Qullarıma xəbər ver ki, Mən həqiqətən, bağışlayan (ĞAFUR) və rəhm edənəm». (əl-Hicr 49, əl-Maidə 101). «Günahları bağışlayan (ĞAFİR), tövbələri qəbul edən…». (əl-Mumin 3). Bu isimlər Ğa-Fə-Rə kökündən törənmişdir. Örtmək, pərdələmək mənasındadır. Buna görə də döyüşlərdə başı zərbələrdən qorumaq üçün geyinilən şeyə Miğfər deyilmişdir. Həmçinin başı örtən bez parçasına da, yaraların üzərinə sürtülən və yaraların sağalmasını tezləşdirən bir bitki adından gəldiyi də söylənilmişdir.(Qurtubi 1/152. ) Halimi (Allah rəhmət etsin) deyir ki: «Gafir – günahkarların günahlarını örtən və onları cəzalandırmayıb insanların önündə rəzil və alçaltmayandır». Allahumə Ğfirli – Allahım məni bağışla, məni islah et və məni düzəlt mənasındadır. Bu isim Allahın Əfuvv isminə daha yaxındır. Əfuvv günahları silən, Ğafir isə silinən günahın yerinə nuru yerləşdirmək və qulun qüsurlarını örtmək mənasındadır. Qurani Kərim də bir çox yerlərdə zikr olunurlar. «Heç şübhəsiz ki, Allah Əfuvv (əff edən), Ğafur (bağışlayandır)». (əl-Həcc 60).

Halimi deyir ki: «Ğaffər – qulların günahlarını örtməyə çalışandır. Belə ki, bu günahları nə dünyada, nə də axirətdə ortaya çıxarmaz. Çünki Allah qullarını sadəcə bir dəfə deyil dəfələrlə bağışlayandır. Bu İsimlər Allahın zatı deyil, feli sifətlərindən alınmaqdadır». Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) Uca və Böyük olan Rəbbindən belə buyurdu: : «Allahın qullarından biri günah edib sonra da: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu. Sonra o, qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu. Sonra o, qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda!». Üç dəfə: «Mən öz qulumu bağışladım! Artıq istədiyini edə bilər « deyə buyurdu
(Bu kəlmələr heç də onu açıqlamır ki, insan istədiyini edə bilər. Xeyr! Bu kəlmələr bizə onu açıqlayır ki, insan günah etdikdən sonra dərhal tövbə edərsə Allah onu bağışlayar. )
Buxari 7507, Müslim 2758.

Qulun Günahdan Törəyən Üç İsmi Vardır – 1. Zalim – «Artıq onlardan kim öz nəfsinə zülm edər». (Fatir 32). 2. Zalum – «Çünki o, (insan) çox zalım, çox cahildir». (əl-Əhzəb 72). 3. Zallam – «(Ya Muhəmməd! Mənim adımdan qullarıma) De ki: Ey mənim (günah törətməkdə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim!» (əz-Zumər 53-54).
Günah etməkdə həddi aşan kimsə Zallamdır. Sanki Allah belə buyurur: «Ey qulum! Zülm etməkdə və günah etməkdə sənin üç ismin vardır. Buna qarşı Mənim də günahları bağışlamada üç İsmim vardır. Əgər sən günah edərək və zülm edərək Zalım olsan, tövbə etdikdə Mən də Ğafir oluram. Əgər Zalum olursansa, Mən də Ğafur oluram. Əgər sən Zallam olsan, onda Mən Ğaffər olaram. Bu üzdən nə qədər günahın olursa olsun Bizdən ümüdünü üzmə. Tövbə edərsənsə qəbul edərik. «De ki: «Sapıqlardan başqa Rəbbinin rəhmətindən kim ümüd kəsər». (əl-Hicr 56). Allah bu dünyada gözəllikləri ortaya çıxaran, çirkinlikləri və günahları örtən, axirətdə isə çirkinlikləri cəzalandırmaqdan vaz keçib onları bağışlayandır. Onun günahları bağışlaması tam və əskiksizdir. Belə ki, bağışlamanın ən üst dərəcəsində Onun məğfirəti vardır.
Hər müsəlman Uca Allahın mütləq məğfirət sahibi olduğunu və yalnız Onun bunu haqq etdiyini bilməlidir. Ondan başqa qulların günahlarını bağışlayan kimsə yoxdur. «Kafir olanlar iman gətirənlərə dedilər: Bizim yolumuza tabe olun. Günahlarınızı öz boyunumuza götürərik. Halbuki onların heç bir günahını öz boyunlarına götürməzlər. Onlar həqiqətən də yalançıdırlar. Şübhəsiz ki, onlar həm öz günahları, həm də başqa günahlarla yüklənəcəklər». (əl-Ənkəbut 12-13). Tövbə edən isə sanki heç günah işləməmiş kimidir. «O, müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər?». (Ali İmran 135). «Əgər vaz keçərlərsə keçmişdə (etdikləri) şeylər bağışlanacaqlar». (əl-Ənfal 38). «Həqiqətən Mən tövbə edən, inanan, saleh əməllər edib sonra da doğru yola yönələn kimsəni şübhəsiz ki, bağışlayacağam». (Ta ha 82). «Onlar səhər vaxtlarında bağışlanma diləyənlərdir». (Ali İmran 17). «Gecə boyunca az yatarlar. Onlar səhər vaxtlarında istiğfar diləyərlər». (əz-Zariyət 17-18). Hər bir müsəlman bir günah işlədiyində onu insanlardan gizləməli və əsla açığa çıxarmamalıdır. Peyğəmbər (s.a.v) buyurdu: : «Mənim ümmətimdən mücahirlərdən başqa hamı əff olunacaqdır». Səhabələr: «Mücahirlər kimdir ya Rəsulullah?» dedilər. Peyğəmbər: «Onlar günah edir Allah isə onların günahlarının üstünü örtər. Səhər açılmamış çölə çıxaraq öz günahlarını insanlara bildirərlər»(Buxari, Müslim. )
Bu İsimləri bilən hər bir müsəlman öz günahlarını gizlətdiyi kimi, başqalarının da günahlarını gizlətməli və açığa çıxarmamalıdır. Peyğəmbər (s.a.v) buyurdu: «Kim bir müsəlmanın (xəta və günahını) örtərsə, Allah da dünya və axirətdə o, kimsənin (xəta və günahını) örtər»(Müslim 2699. )
» . Peyğəmbər (s.a.v) buyurdu: «Bir qul dünyada bir qulun (ayıbını) örtərsə, Allah da qiyamət günü mütləq o, qulun (ayıbını) örtər» (Müslim 2590. )


Tarix: 05.05.2013 / 13:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 221 Bölmə: Maraqlı melumatlar