beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qüsl

Bu fəsildə aşağıdakı mövzulardan bəhs edilir:
1. Qüslü vacib edən hallar
2. Qüslün rüknləri
3. Qüslün müstəhəb qaydası
4. Hansı hallarda qüsl almaq bəyənilir?

Qüslü vacib edən hallar
1. Yuxuda və ya oyaq halda məninin (spermanın) ifraz olunması: Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Məni ifraz olduqda qüsl alınmalıdır[1]»[2].
Ummu Sələmə (Allah ondan razı olsun), Ummu Suleymin Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: Ey Allahın elçisi, Allah, haqqı axtarana utanmağı əmr etmir. Qadın, pollyusiya[3] halında qüsl almalıdırmı? Peyğəmbər dedi: «Bəli. Əgər mənini (spermanın əsər-əlamətini) görübsə qüsl etməlidir»[4].
Ayıq olan müddətdə məninin (spermanın) şəhvətlə çıxması şərtdir. Yuxuda isə bu şərt deyil. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Mənini təzyiqlə ifraz etmisənsə qüsl et. Əks halda isə qüsl etmə»[5].
Şovkani deyir[6]: Hədisdəki «الحذف» sözünün mənası, təzyiq deməkdir. Məninin təzyiqlə çıxması isə yalnız şəhvətlə mümkündür. Ona görə kitabın müəllifi[7] demişdir: «Hədisdə işarə olunur ki, şəhvətsiz, yəni, xəstəlik, soyuqdəymə kimi səbəblərdən, çıxan məniyə görə qüsl almaq vacib deyil».
Kim pollyusiya olub, oyandıqda məninin əsər-əlamətini görməyibsə ona qüsl vacib deyil. Əgər oyanandan sonra məninin əsər-əlamətini görərsə, amma pollyusiya olduğu yadına gəlməsə o zaman qüsl alması vacibdir. Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə bir sual ilə soruşuldu: Əgər bir nəfər yuxudan oyandıqdan sonra paltarında nəmlik hiss edir, amma pollyusiya olduğu yadına gəlmirsə nə etməlidir? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Qüsl etməlidir». Sualın davamında deyilir: Əgər bir nəfər yuxuda pollyusiya olduğunu xatırlayır, amma oyandıqdan sonra paltarında nəmlik hiss etmirsə, nə etməlidir? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Ona, qüsl almaq lazım deyil»[8].
2. Məni ifraz olmayan cinsi yaxınlıq: Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Əgər qadının dörd əzası qarşısında oturub yaxınlığa cəhd edərsə, məni ifraz olunmasa da artıq qüsl vacib olur»[9].
3. İslamı qəbul edən kafir: Qeys ibn Asim (Allah ondan razı olsun) deyir ki, «o, İslamı qəbul etdikdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun su və sidrlə qüsl almasını əmr etdi»[10].
4. Heyz (aybaşı) və nifasın (doğuşdan sonra qanaxmanın) bitməsi: Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fatimə bint Əbu Hubeyşə belə demişdir: «Heyz başladıqda namazı tərk et. Qurtardıqdan sonra qüsl al və namazını qıl»[11]. Alimlərin icmasına (yekdil rəyinə) əsasən, nifas (doğuş qanı), heyz (aybaşı) ilə eyni hökmdədir.

Qüslün rüknləri
1. Niyyət; Dəlili isə bu hədisdir: «Həqiqətən, əməllər niyətlərə görədir»[12].
2. Bədənin hər hissəsinə su vurmaq[13].

Qüslün müstəhəb qaydası[14]

Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cənabət qüslü edərkən birinci əllərini yuyar, sonra sağ əli ilə sol əlinə su tökərək övrət yerini yuyar, sonra namaz üçün etdiyi dəstəmazı edər, sonra su götürüb barmaqları ilə suyu saçlarının dibinə çatdırar, saçlarının dibi islandıqdan sonra başına üç dəfə, sonra bədəninin qalan hissələrinə su tökər, axırda isə ayaqlarını yuyardı»[15].

Faydalı məlumat: Cənabət qüslü edərkən qadının saçlarını açması vacib deyildir. Amma heyzdən təmizlənəndə isə saçını açması vacibdir.
Ummu Sələmə (Allah ondan razı olsun), Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Ey Allahın elçisi, mən saçlarımı hörürəm. Cənabət qüslü edəndə hörüklərimi açımmı?» Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Xeyr. Başına üç dəfə, sonra bədəninin qalan hissəsinə su töküb təmizlənməyin kifayətdir»[16].
Aişə (Allah ondan razı olsun) deyir ki, Əsma, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) heyz (aybaşı) qüslü haqqında soruşdu və cavab belə oldu: «(Heyzdən təmizlənmək istəyən qadın) Su və sidr götürüb yaxşıca təmizlənir[17]. Sonra başına su töküb, saçların dibinə çatana qədər bərk ovxalayır və sonra bədəninin qalan hissəsinə su töküb təmizlənir. Daha sonra ətirli bir əsgi ilə təmizlənir. Əsma dedi: Əski ilə necə təmizlənir? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) (təccüblə) dedi: Sübəhəllah, təmizlənsin də!» Aişə (Allah ondan razı olsun) deyir: Mən Əsmanın bilməməzliyini gördükdə dedim ki, əsgi ilə qan dəyən yerləri təmizləyir. Sonra cənabət qüslü haqqında Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu və cavab belə oldu: «Su götürüb yaxşı təmizlənir, sonra başına su töküb, saçların dibinə çatana qədər ovxalayır, sonra bədəninin qalan hissəsinə su tökür»[18].
Bu hədis, qadının heyzdən təmizlənməsi üçün qüsl alması ilə, cənabətdən qüsl alması arasında açıq-aşkar fərq olduğunu göstərir. Belə ki, heyzdən təmizlənən qadına başını bərk ovxalamaq və həddindən artıq təmizlənmək əmr olunmuşdur. Amma cənabət qüslündə isə belə təmizlənmə əmr olunmamışdır. Həmçinin Ummu Sələmənin hədisi, cənabət qüslü alan qadının hörüklərini açmasının vacib olmadığını göstərir[19].
Əslində qadın saçının dibinə su çatdırmaq üçün saç hörüklərini açmalıdır. Lakin cənabət qüslü tez-tez təkrarlandığından və hər dəfə hörükləri açmağın məşəqqətli olmasından dolayı, hörükləri açmadan cənabət qüslü etmək rüsxət edilmişdir. Heyz qüslü isə ayda bir dəfə olduğundan bu rüxsət ona aid edilməmişdir[20].

Faydalı məlumat: Ərlə arvad birlikdə, eyni yerdə çimə və bir-birilərinin övrətini görə bilərlər. Aişə (Allah ondan razı olsun) deyir ki, «mən və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cənabətli olduğumuz halda bir qabdan qüsl alırdıq»[21].

Hansı hallarda qüsl almaq bəyənilir?

1. Hər cinsi yaxınlıqdan sonra: Əbu Rafi (Allah ondan razı olsun) deyir ki, bir gecə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün zövcələrinin yanına daxil oldu və hər birinin yanında da qüsl aldı. Mən Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedim: Ey Allahın elçisi, məgər bir dəfə qüsl alsan olmaz?! O, dedi: «Bu daha yaxşı, daha xoş və daha təmizdir»[22].
2. İstihazə[23] olanda hər namaz üçün, yaxud Zöhr və Əsr namazları üçün bir, Məğrib və İşa namazları üçün bir, Sübh namazı üçün isə bir qüsl almaq: Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında, Ummu Həbibə istihazə olmuşdu və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona hər namaz üçün qüsl almasını əmr etmişdi...»[24] Aişənin (Allah ondan razı olsun) digər rəvayətində isə deyilir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında bir nəfər qadın istihazə olmuşdu. Ona, Zöhr namazını gecikdirib və Əsr namazını vaxtından əvvələ çəkib bir qüsllə ikisini qılmaq, Məğrib namazını gecikdirib və İşa namazını vaxtından əvvələ çəkib bir qüsllə ikisini qılmaq, həmçinin Sübh namazını bir qüsllə qılmaq əmr olunmuşdu»[25].
3. Huşunu itirdikdən sonra, özünə gələndə: Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəstəliyi ağırlaşdıqda o dedi: «Cammat namaz qıldımı?»
Biz dedik: Xeyr. Ey Allahın elçisi, onlar səni gözləyirlər.
O dedi: Mənim üçün bir qabda su hazırlayın.
Aişə deyir: Biz onun dediyini etdik və o həmin su ilə çimdi, sonra getmək istədikdə huşunu itirdi və yenidən ayılıb dedi: «Camaat namaz qıldımı?»
Biz dedik: Xeyr. Ey Allahın elçisi, onlar səni gözləyirlər.
O dedi: Mənim üçün bir qab su hazırlayın.
Aişə deyir: Biz yenə onun dediyini etdik və o həmin su ilə çimdi, sonra getmək istədikdə huşunu itirdi və yenidən ayılıb dedi: «Camaat namaz qıldımı?»
Biz dedik: Xeyr. Ey Allahın elçisi, onlar səni gözləyirlər...»[26] (Hədisin davamında Əbu Bəkrə xəbər göndərməsi və s. Haqqında danışır).
4. Müşriki dəfn etdikdən sonra: Əli ibn Əbu Talib (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib deyir: «Əbu Talib öldü. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: «Ged onu basdır». Mən onu basdırıb gəldikdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə, qüsl almağı əmr etdi»[27].
5. İki bayrama və ərafa[28] gününə görə qüsl almaq: Beyhəqi, Şafiinin (Allah onlara rəhmət etsin) sənədi ilə Zazandan rəvayət edir ki, «bir nəfər Əlidən (Allah ondan razı olsun) qüsl almaq barədə soruşur və Əli deyir: İstəyirsən hər gün qüsl et.
Həmin adam deyir: Xeyr, mən lazımlı qüsl haqqında soruşuram.
Əli deyir: Onda, Cümə və Ərafa günləridə, Qurban və Ramazan bayramlarında qüsl et»[29].
6. Meyit yuduqdan sonra: Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Kim ölü yuyarsa özü də yuyunsun»[30].
7. Həcc və ya ümrə ehramına girəndə: Demək, Zeyd ibn Sabit deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ehrama girmək üçün əynindəki tikili paltarları çıxartdı və çimdi»[31].
8. Məkkəyə daxil olmaq üçün qüsl almaq: Belə ki, İbn Ömər hər dəfə Məkkəyə gələndə “Zu Tuva” adlı yerdə səhərə qədər gecələyər, sonra qalxıb qüsl alar, sonra gündüz vaxtı Məkkəyə daxil olardı. O, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də belə etdiyini deyirdi[32].
Ərəfa günü qüsl almaq: Bunun dəlili, az öncə Əlidən (Allah ondan razı olsun) rəvayət olunan hədisdir. Demək ondan qüsl haqqında soruşanda, demişdir ki, «Cümə və Ərafa günləridə, Qurban və Ramazan bayramlarında qüsl et»[33].


Tarix: 02.05.2013 / 21:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 709 Bölmə: Maraqlı melumatlar