beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALQI-SATQI FƏSLİ ( V )

ORTAQ ƏKİNÇİLİK

Əkin-biçin xərcləri kimin boynuna düşür?

Ortaq əkinçilikdə qadğan olunan hallar:

Əl-Musaqat

Ölü torpağı diriltmək

İcarə, kirə və ya muzd

Nəyi icarəyə vermək olar?

Muzdluların haqqının verilməsi

Muzdlunun haqqını verməyənin günahı

İcarəyə verilməsi qadağan olunan şeylər

Quran oxumağa görə mükafat almaq

ORTAQLIQ (əş-Şərikə)

Şəriətin məqbul saydığı ortaqlıq:

ORTAQ ƏKİNÇİLİK
(əl-Müzarəə)
Tərifi:
Ərəb dilçiliyində "əl-Müzarəə" sözü, torpaqda bitən məhsulları əkib becərmək mənasını daşıyır.
Sözün buradakı mənası isə, torpağı, əkinçiyə vermək və becərilən məhsulun yarısına və ya bir hissəsinə şərik olmaqdır.
Bu işin icazəli olması:
Nafi deyir ki, Abdullah ibn Ömər (Allah onlardan razı olsun) ona belə demişdir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Xeybər camaatı ilə, becərdikləri əkin və ya bağ məhsullarının yarısına şərik olmağa razılaşmışdı»[1].
Buxari deyir[2]: Qeys ibn Muslim Əbu Cəfərdən belə rəvayət edir: «Mədinədə olan mühacir ailələri əkdiklərinin üçdə və ya dörddə bir hissəsinə şərik olurdular. Məsələn, Əli, Səd ibn Malik, Abdullah ibn Məsud, Ömər ibn Əbdüləziz, Qasim, Urvə, həmçinin Əbu Bəkrin, Ömərin, Əlinin ailəsi və İbn Sirin belə edərdilər».
Əkin-biçin xərcləri kimin boynuna düşür?
Xərcləri, yer sahibi, əkinçi və ya hər ikisi ödəyə bilərlər.
Buxari deyir[3]: Ömər insanlarla belə danışardı ki, əgər əkmək üçün toxumları Ömər versə məhsulun yarısı onundur. Əgər toxumu onlar gətirsələr, onlar üçün də eynisi olacaqdır.
Daha sonra deyir: Həsən demişdir ki, əgər torpaq birinindirsə hər ikisi oraya xərc çəkə və becərilən məhsulu ortaq bölə bilərlər. Bu rəyi əz-Zuhri adlı alim də dəstəkləmişdir.

Ortaq əkinçilikdə qadğan olunan hallar:
Əkilən torpağın bu hissəsi sənin, bu hissəsi isə mənimdir – deyib şərt kəsmək olmaz. Həmçinin torpaq sahibinin əkinçiyə, mənə bu qədər məhsul verərsən, qalanı sənin olar – deməsi düzgün deyil.
Hənzələ ibn Qeys, Rafi ibn Xudeycin belə dediyini rəvayət edir: «Əmim mənə danışırdı ki, onlar Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında icarəyə torpaq götürür, torpaq sahibinə çay kənarında bitən və ya onun istədiyi qədər məhsulu verirdilər. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə etməyi qadağan etdi.
Mən Rafiyə dedim: Bəs torpağın dinar və ya dirhəmlə (yəni, pulla) icarəyə verilməsi necə?
Rafi dedi: Torpağı dinar və ya dirhəmlə (yəni, pulla) icarəyə vermək olar.
Leys deyir: Qadağan olunan hal, halal və haramı ayırd edən mütəxəssislər tərəfindən baxılıb, təhlükəli hesab edilən anlara aiddir»[4].
Hənzələ digər rəvayətdə deyir: Mən, Rafi ibn Xədicdən torpağın qızıl və ya gümüş ilə icarəyə verilməsi haqqında soruşdum? O dedi: «Belə etmək olar. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında insanlar torpaqlarını icarəyə verir, çay kənarında, dağlarda, kiçik çay hövzələrində yetişən məhsulları və ya məhsulun müəyyən hissəni əvvəlcədən istəyirdilər. Belə halda bir tarla canlanır, digəri məhv olur, digəri canlanır, bu məhv olurdu. İnsanların bundan başqa icarəsi yox idi. Ona görə qadağan edildi. Zəmanət olan halda icarəyə vermək olar»[5].
Əl-Musaqat
Tərifi: Əl-Musaqat, bar verən müəyyən bir ağacı kiməsə tapşırmaq və bunun müqabilində ona, əldə olunacaq barın yarısını, yaxud bir hissəsini verməkdir.
Bunun icazəli olması:
Abdullah ibn Ömər (Allah onlardan razı olsun) deyir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Xeybər camaatı ilə, becərdikləri əkin və ya bağ məhsullarının yarısına şərik olmağa razılaşmışdı»[6].
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir: «Ənsarlar Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedilər: Xurma ağaclarını bizimlə (mühacir) qardaşlarımız arasında böl. O dedi: Xeyr. Ənsarlar dedilər: Elə isə siz bizə ağaclara qulluq etməyə kömək edin, biz də sizi məhsula şərik edək. Mühacirlər: eşitdik və itaət etdik – deyərək cavab verdilər»[7].

Ölü torpağı diriltmək
Tərifi: Bir kimsənin özündən əvvəl sahibi olub-olmadığı bəlli olmayan torpağı suvarma, əkin, ağac basdırmaq və ya tikili tikməklə diriltməsi və beləliklə oranı öz mülkünə daxil etməsidir[8].

İslamın bu əmələ təşviqi:
Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim sahibi olmayan torpağı dirildərsə, oranın sahibi olmağa o daha haqlıdır»[9].
Urvə deyir: Ömər (Allah ondan razı olsun) öz xilafəti dövründə bu qərarla hökm verirdi.
Cabir (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim ölü torpağı dirildərsə, ora onundur»[10].
Cabir (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim bir torpağı hasarla əhatəyə alarsa, ora onundur»[11].

İcarə, kirə və ya muzd
Tərifi: Ərəb dilində "əl-İcarə" sözü, qarşılıq, əvəz mənasını verir.
Şəriətdə isə, nəyinsə əvəzində, nəyəsə sahib olmaq – mənasındadır.
Bunun icazəli olması:
Uca Allah buyurur: «sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin...»[12].
Digər ayədə buyurur: «(O iki qızın) biri dedi: “Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən güclüsü və əmin olanıdır!”»[13].
Başqa ayədə isə belə buyurur: «...Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir müzd (çörək pulu) alardın»[14].
Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və Əbu Bəkr birinci Bənu əd-Deyl qəbiləsindən, sonra Ədiy ibn Ədiy qəbiləsindən olan bir kişini müzdla bələdçi tutdular»[15].

Nəyi icarəyə vermək olar?
Tələf olmadan fayda verən hər bir şeyi icarəyə vermək olar. Yalnız şəriətin qadağan etdiyi hallar istisnadır.
İcarəyə verilən şeyin təyini, icarə haqqının razılaşdırılması, iacarənin vaxtı və xidmət növünün təyin edilməsi şərtdir.
Uca Allah Musanın (əleyhissəlam) tərəf müqabili haqqında buyurur: «(Şüeyb) dedi: “Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür)...»[16].
Hənzələ digər rəvayətdə deyir: Mən, Rafi ibn Xədicdən torpağın qızıl və ya gümüş ilə icarəyə verilməsi haqqında soruşdum? O dedi: «Belə etmək olar. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında insanlar torpaqlarını icarəyə verir, çay kənarında, dağlarda, kiçik çay hövzələrində yetişən məhsulları və ya məhsulun müəyyən hissəni əvvəlcədən istəyirdilər. Belə halda bir tarla canlanır, digəri məhv olur, digəri canlanır, bu məhv olurdu. İnsanların bundan başqa icarəsi yox idi. Ona görə qadağan edildi. Zəmanət olan halda icarəyə vermək olar»[17].
Muzdluların haqqının verilməsi
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Muzdlunun təri qurumamış, onun haqqını verin»[18].
Muzdlunun haqqını verməyənin günahı
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Uca Allah buyurmuşdur: Üç qrup insan var ki, qiyamət günü Mən onlara qarşı olacağam: Mənim adıma and içərək vəd verib vədinə xilaf çıxan, azad insanı qul kimi satıb satdığının qiymətini yeyən, muzdlunu işlədib sonra onun haqqını verməyən»[19].

İcarəyə verilməsi qadağan olunan şeylər
Uca Allah buyurur: «Əgər cariyələriniz ismətlərini qoruyub saxlamaq istəsələr, fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin. Kim onları (cariyələri zinakarlığa) məcbur edərsə, (bilsin ki) onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah (zinakarlığa vadar olanları) bağışlayar, rəhm edər...»[20].
Cabir (Allah ondan razı olsun) deyir ki, Abdullah ibn Ubey ibn Səlulun, Miskinə və Əmimə adlı iki köləsi var idi. O, onları zina etməyə məcbur edirdi. Onlar da bu haqda Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şikayət etdilər və uca Allah bu ayəni nazil etdi: «Əgər cariyələriniz ismətlərini qoruyub saxlamaq istəsələr, fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin. Kim onları (cariyələri zinakarlığa) məcbur edərsə, (bilsin ki) onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah (zinakarlığa vadar olanları) bağışlayar, rəhm edər...»[21].
Əbu Məsud əl-Ənsari (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) it satmağı, zina etməyə və fala baxdırmağa görə verilən bəxşişi, qadağan etmişdir»[22].
İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Asbul Fəhl alış-verişini (erkək heyvanı dişi ilə cütləşdirmək üçün satmağı, yaxud kirələməyi) qadağan etmişdir»[23].

Quran oxumağa görə mükafat almaq
Əbdürrəhman ibn Şibl əl-Ənsari (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Quranı oxuyun, amma onunla (qazanc əldə edib) yeməyin, onunla dünyaya çox bağlanmayın, ona laqeyd yanaşmayın, ifrata da varmayın»[24].
Cabir ibn Abdullah (Allah ondan razı olsun) deyir ki, «Biz Quran oxuyurduq. Aramızda bədəvilər və qeyriləri mövcud idi. Bu zaman Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanımıza gəldi və dedi: Quran oxuyun. Bu yaxşı əməldir. Amma vaxt gələcək bir qrup insan, piyalə necə gözəldirsə (onlar da təkəbbürlük edib), Quranı elə gözəl oxumağa çalışacaqlar. Doğrudan da onlar Quranın savabını tez (bu, dünyada) almağa tələsir, sonraya (axirətə) saxlamırlar (yəni, əməllərini Allah üçün deyil, dünya mənfəəti üçün sərf edirlər)»[25].
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Quranı dünya məqsədləri üçün öyrənən insanlar gəlməmişdən əvvəl, siz onu öyrənin və onunla Allahdan cənnəti istəyin. Çünki Quranı öyrənən insanlar üç qrupdur: Öyünən, qazanc əldə edən və Allah rizasına öyrənən»[26].



ORTAQLIQ
(əş-Şərikə)
Tərifi:
«İstilahi mənada, iki və ya daha çox adamın arasında qazanc əldə etmək məqsədiylə baş verən könüllü birlikdir. Bu, məqsədsiz şəkildə, məsələn varisliklə – də baş verə bilər»[27].
Bunun icazəli olması:
Uca Allah buyurur: «Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!...»[28].
Digər ayədə buyurulur: «...Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayı birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir...»[29].
Əs-Saib (Allah ondan razı olsun) Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: «Sən cahiliyyət vaxtı mənimlə şərik idin və sən mənim ən xeyirli şərikim olmusan. Belə ki, sən məni incitməz, mübahisə etməzdin»[30].

Şəriətin məqbul saydığı ortaqlıq:
İmam Şovkani (Allah ona rəhmət etsin) “Seylul Cərrar” kitabında (3/ 246, 3/ 248) deyir:
«Şəriətin məqbul saydığı ortaqlıq iki və ya daha çox adam arasında, hər kəsin öz malından müəyyən məbləğ ödəməklə qazanc əldə etmək və hər birinə ödədiyi məbləğə görə qazanc və xərc düşməsi barədə razılığa gəldikləri anlaşmadır. Bütün şəriklər, yatırılan sərmayələrin fərqli olmasına baxmayaraq, gəlirlərin bərabər bölünməsinə razılaşa bilərlər. Birinin malının çox, digərinin isə az olmasına görə şəriət bu işə qadağa qoymur. Çünki bu, könüllü razılıq və halallıqla edilən ticarətdir».

***


[1] Buxari: 5/ 13/ ? 2329. Müslim: 93/ 1186/ ? 1551. Əbu Davud: 9/ 272/ ? 3391. İbn Macə: 2/ 824/ ? 2467. Tirmizi: 2/ 421/ ? 1401.
[2] 5/ 10.
[3] 5/ 10.
[4] Rəvayət səhihdir. əl-İrva: 5/ 299. Buxari: 5/ 25/ ? 2346 -47. Nəsai: 7/ 43. Onun rəvayətindən Leysin sözü yoxdur.
[5] Rəvayət səhihdir. əl-İrva: 5/ 302. Müslim: 3/ 1183/ ? 1547. Əbu Davud: 9/ 250/ ? 3376. Nəsai: 7/ 43.
[6] Buxari: 5/ 13/ ? 2329. Müslim: 93/ 1186/ ? 1551. Əbu Davud: 9/ 272/ ? 3391. İbn Macə: 2/ 824/ ? 2467. Tirmizi: 2/ 421/ ? 1401.
[7] əl-İrva: ? 1471. Buxari: 5/ 8/ ? 2325.
[8] Fəthul Bari: 5/ 18.
[9] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6057. Buxari: 5/ 18/ ? 2335.
[10] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 5975. Tirmizi: 2/ 419/ ? 1395.
[11] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 5952. Əbu Davud: 8/ 330/ ? 3061.
[12] ət-Talaq: 6.
[13] əl-Qəsəs: 26.
[14] əl-Kəhf: 77.
[15] Hədis səhihdir. əl-İrva: ? 1489. Buxari: 4/ 442/ ? 2263.
[16] əl-Qəsəs: 27.
[17] Rəvayət səhihdir. əl-İrva: 5/ 302/ ? 1498. Müslim: 3/ 1183/ ? 1547. Əbu Davud: 9/ 250/ ? 3376. Nəsai: 7/ 43.
[18] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1980. İbn Macə: 2/ 817/ ? 2443.
[19] Hədis həsəndir. əl-İrva: ? 1489. Buxari: 4/ 417/ ? 2227.
[20] ən-Nur: 33.
[21] ən-Nur: 33.
[22] Buxari: 4/ 426/ ? 2237. Müslim: 3/ 1198/ ? 1567. Əbu Davud: 9/ 374/ ? 3464. Tirmizi: 2/ 372/ ? 1293. İbn Macə: 2/ 730/ ? 2159. Nəsai: 7/ 309.
[23] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 939. Buxari: 4/ 461/ ? 2284. Əbu Davud: 9/ 296/ ? 3412. Tirmizi: 2/ 372/ ? 1291. Nəsai: 7/ 310.
[24] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 1168. Əhməd: 15/ 125/ ? 398.
[25] Hədis səhihdir. Silsilətus Səhihə: ? 259. Əbu Davud: 3/ 58/ ? 815.
[26] Hədis səhihdir. Silsilətus Səhihə: ? 463. Bu rəvayəti İbn Nasr “Qiyamul Leyl” kitabında (səh. 74) rəvayət etmişdir.
[27] Fəthul Bari: 5/ 129.
[28] Sad: 24.
[29] ən-Nisa: 12.
[30] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1853. İbn Macə: 2/ 768/ ? 2287.


Tarix: 01.05.2013 / 16:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 421 Bölmə: Maraqlı melumatlar