beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həcc - (Miqatlar,Zaman miqatları,Məkan miqatları,Miqatı ehramsız keçmək

Miqatlar:

Zaman miqatları:

Məkan miqatları:

Miqatı ehramsız keçmək:

Miqatda ehrama girmək:

Ehrama girən insan, xəstəlik və ya hansısa üzürlü səbəbdən dolayı ehramdan çıxa bilmək üçün əvvəlcədən şərt kəsə bilər:

Miqatlar:
Miqatlar iki qismdir: zaman və makan miqatları[1].

Zaman miqatları:
Uca Allah buyurur: «(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir...»[2].
Digər ayədə buyurulur: «Həcc (mövsümü) məlum olan aylardır»[3].
İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «həcc ayları, şəvval, zülqədə və zülhiccənin birinci on günüdür»[4].
İbn Abbas (Allah ondan razı olsun) isə demişdir: «Sünnəyə əsasən həcc üçün yalnız həcc aylarında ehrama girmək lazımdır»[5].

Məkan miqatları:
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mədinəlilər üçün Zül-Hüleyfəni, Şam əhli üçün Cühfəni, Nəcd əhli üçün Qərənəl Mənəzili, Yəmən əhli üçün Yələmləmi miqat təyin etmişdir. Adı keçən miqatlar bu yerlərdə yaşayanlar, həmçinin oradan həcc və ümrə niyyəti ilə keçənlər üçündür. Həmin ərazilərdən sonra (Məkkəyə daha yaxın – tər.) yaşayanların miqatı evlərindəndir. Həmçinin Məkkə əhlinin miqatı da Məkkədəndir»[6].
Aişə (Allah ondan razı olsun) deyir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) İraq əhli üçün Zətə-irqi miqat seçmişdir»[7].
Məkkəyə həcc və ya ümrə üçün gedən insanın bu miqatları ehrama girmədən keçməsi düzgün (caiz) deyil.
Həmçinin miqata çatmamış ehrama girmək də bəyənilmir (məkruhdur). Belə ki, miqata çatmadan öncə ehrama girmək haqqında rəvayət olunan təşviqedici hədislərin heç biri səhih deyil. Hətta bu hədislərin əks mənasını daşıyan səhih hədislər rəvayət olunmuşdur. Bu hədislərin zəif olması haqqında ətraflı məlumat üçün “Silsilətul Əhadis əs-Səhihə” əsərinə (210-212) baxa bilərsiniz.
İmam Malik (Allah ona rəhmət etsin), Zülhuleyfəyə çatmamış ehrama girmək istəyən kişiyə belə bir gözəl cavab vermişdir:
İmam Malik: Gəl sən belə etmə. Mən sənin bəlaya düçar olacağından qorxuram.
Kişi: Bunda nə bəla ola bilər ki? Bu sadəcə bir neçə mil artıq məsafədir.
İmam Malik: Hansısa xeyirxah işdə Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) arxada qoymağını düşünməkdən daha böyük hansı bəla ola bilər? Mən uca Allahın belə dediyini eşitmişəm: «Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!»[8]

Miqatı ehramsız keçmək:
Həcc və ümrə ziyarətini etmək istəyən şəxs miqatı ehramsız keçər və sonradan ehrama girərsə artıq günah qazanmışdır. Günahdan xilas olmaq üçün o yenidən miqata dönməli və oradan ehrama girməli və yalnız bundan sonra ziyarətini davam etdirməlidir. Əgər o miqata qayıtmayıb yoluna davam edərsə ziyarəti düzgündür. Amma o ehrama gec girdiyi üçün günah qazanır və boynuna heyvan kəsmək düşmür. Demək Səfvan ibn Yəla deyir ki, Yəla Ömərə (Allah onlardan razı olsun) dedi ki, Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəhy gələn zaman onu mənə göstər.
Yəla deyir: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzi səhabələri ilə Ceranə adlı yerdə olarkən bir nəfər kişi onun yanına gəldi və dedi: Ey Allahın elçisi, ətir vurub ümrə ehramına girən insan haqqında nə deyə bilərsən? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir an susdu və sonra ona vəhy gəldi. Bu zaman Ömər Yəlaya (Allah onlardan razı olsun) işarə etdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) kölgələnmək üçün üzərinə paltar atmışdı. Yəla yaxına gəlib başını paltarın altına saldı və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üzünün qızardığını və təngənəfəs olduğunu gördü. Sonra o özünə gəldi və dedi: «Ümrə haqqında soruşan haradadır? Həmin kişini gətirdilər və ona dedi: Üzərində olan ətiri üç dəfə yu, əynindəki paltarı çıxart və həccdə etdiyin ibadətlərin eynisini et»[9].
“Bu hədis açıq-aşkar dəlalət edir ki, ehramda edilməsi qadağan olunan hər hansı bir qadağa və ya xəta edildikdə yalnız bundan xilas olmaq kifayətdir. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ehramda olarkən ətirli paltar geyinən kişiyə, yalnız əynindəki paltarı çıxartmağı və ətiri yumağı əmr etmişdi. Daha ona kəffarə olsun deyə qurban kəsməyi əmr etməmişdi. Əgər bu vacib olsaydı o zaman Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu əmr edərdi. Çünki ehtiyac duyulan zaman həqiqəti təxirə salmaq olmaz. Burada da ehtiyac var idi”[10].

Miqatda ehrama girmək:
Ehrama girən şəxs, kəsəcəyi qurbanılıq heyvanı özü ilə daşıyaraq qiran həcci etmək istəyirsə belə deməlidir: «Ləbbeykə Allahummə bi həccətin və umrətin» yəni, «Ey Allahım, Sənin çağırışınla həcc və ümrə edirəm». Yox əgər kəsəcəyi qurbanlıq heyvanı özü ilə daşımırsa – belə etmək daha yaxşıdır – onda yalnız ümrə etməyə niyyət edir və deyir: «Ləbbeylə Allahummə bi umrətin» yəni, «Ey Allahım, Sənin çağırışınla ümrə edirəm». Əgər yalnız həcc etməyə niyyət edibsə onda həmin niyyətini dəyişib ümrə niyyətinə çevirməlidir[11]. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinə təvaf və səy ziyarətlərini ümrə niyyəti ilə edib ehramdan çıxmağı əmr etmişdi. O bu əmrdən yalnız, onun (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) etdiyi kimi, kəsəcəkləri qurbanlıq heyvanları özləri ilə daşıyanları istisna etmişdi. Hətta o, onun bu əmrini dərhal icra etməyənlərə qəzəblənmişdi. Daha sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyilənləri bu sözləri ilə təkid etmişdir: «Həqiqətən ümrə, qiyamət gününə qədər həccə daxil oldu»[12]. Bu hədis bir daha göstərir ki, ümrə, həccin ayrılmaz bir hissəsidir. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: «Əgər mən bir daha həcc edəsi olsam, kəsəcəyim qurbanlıq heyvanı özümlə daşıyan deyiləm». Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözləri, həccin qiran növünü edib, başqa növə rəğbət etdiyi üçün deməmişdir. Əslində o, bu sözləri ilə həccin təməttu növünün, qiran növündən daha üstün olmasını bildirmək istəyir.
Hər bir hacı, həcc ilə ümrəni də etməlidir. Əgər özü ilə qurban gətirməyibsə onda ümrəni həcdən əvvəl etməlidir. Bu, “Təməttu” həcci sayılır. Yaxud əgər kəsəcəyi qurbanlıq heyvanı özü ilə daşıyıbsa onda ümrəni həcc ilə bərabər etməlidir. Bu isə “Qiran” həcci sayılır. Düzdür, əvvəldə də dediyimiz kimi təməttu həcci quran həccindən daha üsrün olsa da, hər halda bu iki növ həcdən birini edənin əməli, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsinə uyğundur.
Bu haqda bilməli olduğumuz bir məsələ qalmışdır. İfrad həccinə[13] və ya özləri ilə qurban daşımayıb qiran həccinə niyyət edənlər Kəbəni təvaf etdikdən, Səfa və Mərva dağlarını səy etdikdən sonra ehramdan çıxmalıdırlar. Amma ola bilər ki, bu növ həcc edənlər Ərəfa gününə yetişmək üçün, ehramdan çıxıb yenidən həccə niyyət etməyə kifayət qədər vaxt tapa bilməsinlər. Demək belə halda ifrad həccinə və ya özləri ilə qurban daşımayıb qiran həccinə niyyət edənlər ehramlarında qalıb, qurban kəsilən günü Cəmərətul Əqəbəyə daş atanadək ehramdan çıxmamalıdırlar. Təbii ki, bu, (ifrad və özləri ilə qurban daşımayıb qiran həccinə niyyət edib, sonradan niyyətlərini ümrəyə dəyişməli olan və) ümrə edəndən sonra ehramdan çıxıb yenidən həccə niyyət etməyə vaxtı olmayanlara aiddir.
Məsələn, kimsə zülhiccənin doqquzuncu gecəsi Məkkəyə gəlib, vaxtın azlığından və sübh namazının yaxınlaşmasından dolayı Ərəfaya yetişə bilməyəcəyindən ehtiyat edərsə onda birbaşa Ərəfaya üz tutmalıdır. Çünki ərəfada dayanmamaq, bütün həccin itirilməsi deməkdir. Beləliklə, ifrad həccinin edilməsi çox dar çərçivə daxilində icazəlidir. Əgər kimsə həccin ifrad növünü, təməttu və qiran növündən daha üstün sayıb ifrad həcci edərsə bununla günah qazanmış olar. Çünki o, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinə, “həccinizi ümrəyə çevirin” – deyib, buyurduğu əmrə itaətkarlıq göstərməmişdir. Amma bununla belə onun həcci doğru sayılır[14].

Ehrama girən insan, xəstəlik və ya hansısa üzürlü səbəbdən dolayı ehramdan çıxa bilmək üçün əvvəlcədən şərt kəsə bilər:
Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Zubeyrin qızı Dubaənin yanına daxil oldu və dedi: Həccə getmək istəyirsən? Dubaə dedi: Allaha and olsun, canımın ağradığını hiss edirəm. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona dedi: Elə isə həcc et və belə bir şərt kəsərək de: Allahummə məhilli heysu həbəstəni. (Ey Allahım, Sən mənim qarşımı harada kəssən, orada da ehramdan çıxacağam)»[15].
Kim deyilən bu şərti kəsərsə, sonra xəstəlik, təcavüz və s. səbəblərdən dolayı həccini edə bilməzsə o zaman ehramdan çıxır və əlavə heç bir kəffarə vermir.
Kim bu şərti qoymadan hər hansı səbəbdən həccini edə bilməzsə o zaman qurban kəsməlidir. Belə ki, Uca Allah buyurur: «...əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurban kəsin...»[16]
Qurban isə yalnız ev heyvanı: dəvə, inək və ya qoyun – olmalıdır. Əgər qoyun kəsmək müyəssər olarsa kifayətdir. Demək qurban, dəvə və ya inək olarsa bu da öz növbəsində kifayətdir. Əgər qurban kəsməyə imkanı olmazsa, onda on gün oruc tutmalıdır. Bu, təməttu həcci edib kəsməyə qurban tapmayanın tutduğu oruca müqayisə edilən bir hökmdür.


[1] Fiqhus Sünnə: 1/ 549.
[2] əl-Bəqərə: 189.
[3] əl-Bəqərə: 197.
[4] Rəvayətin sənədi səhihdir. Müxtəsər Səhih əl-Buxari: səh. 311. Buxari: 3/ 319. Rəvayət müəlləqdir.
[5] Rəvayətin sənədi səhihdir. Müxtəsər Səhih əl-Buxari: səh. 372. Buxari: 3/ 319. Rəvayət müəlləqdir.
[6] Buxari: 3/ 389/ ? 1524. Rəvayətin mətni ona məxsusdur. Müslim: 2/ 838/ ? 1181. Əbu Davud: 5/ 162/ ? 1722. Nəsai: 5/ 123.
[7] Hədis səhihdir. əl-İrva: ? 998. Əbu Davud: 5/ 163/ ? 1723. Onun rəvayəti belə müxtəsər verilmişdir. Nəsai: 5/ 125. Onun rəvayəti isə uzun verilmişdir.
[8] ən-Nur: 63.
[9] Buxari: 3/ 393/ ? 1536. Müslim: 2/ 836/ ? 1180. Əbu Davud: 5/ 265/ 1802, 1803, 1804. Nəsai: 5/ 142.
[10] Məhəmməd Şəqra adlı alimin “İrşadus Səri” əsəri.
[11] Albaninin “Mənasikul Həcc vəl Umrə” kitabı.
[12] Hədis səhihdir. əl-İrva: ? 982. Müslim: 2/ 911/ ? 1241.
[13] İfrad həcci, yalnız həcc etməyə niyyət etməkdir. Bu növ həccdə ümrə yoxdur.
[14] Məhəmməd İbrahim Şəqra adlı alimin “İrşadus Səri” əsəri.
[15] Buxari: 9/ 132/ ? 5089. Müslim: 2/ 867/ ? 1207. Nəsai: 5/ 168.
[16] əl-Bəqərə: 196.


Tarix: 01.05.2013 / 16:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 257 Bölmə: Maraqlı melumatlar