beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (İmankitabı )İmanın Mədinəyə çəkilməsi və başqa fəsillər

İyirminci fəsil: İmanın Mədinəyə çəkilməsi.

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Həqiqətən iman ilan yuvasına çəkildiyi kimi Mədinəyə çəkiləcək.”

İyirmi birinci fəsil: İman Yəməndədir, hikmət Yəməndədir.

Əbu Hüreyrə (r.a) belə demişdir: “Peyğəmbərin (s.a.v) belə dediyini eşitdim: “Yəmənlilər gəldi, onlar nazikkönüllü və yumşaqqəlbli insanlardır. İman Yəməndədir, hikmət Yəməndədir. Arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) qoyun sahiblərindədir (əhlindədir, çobanlardadır). Fəxr, təkəbbür (yekəxanalıq) isə günəşin doğduğu tərəfdə bağırtılı səsli dəvə sahiblərindədir.”


Cabir ibn Abdullah (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Sərtqəlblilik və kobudluq şərqdə, iman isə Hicaz əhlindədir.”


İyirmi ikinci fəsil: İman etməyənə saleh əməl etməsi fayda verməz.


Aişə (r.anha) belə demişdir: Peyğəmbərdən (s.a.v) soruşdum: “Ey Allahın Elçisi, İbn Cudan cahillikdə qohumluq əlaqələrini qırmaz, kasıbları yedirdərdi. Bu ona nəsə bir fayda verəcəkmi?” O belə cavab verdi: “Xeyr. O bir gün olsun belə “Rəbbim, qiyamət günü mənim günahlarımı bağışla” deməyib.”


İyirmi üçüncü fəsil: İman gətirməyincə, Cənnətə daxil olan deyilsiniz.

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “İman gətirməyincə, Cənnətə daxil olan deyilsiniz. Bir-birinizi sevməyincə, iman gətirməyəcəksiniz. Sizə elə bir şey deyim ki, onu etsəniz bir-birinizi sevərsiniz? Öz aranızda salamı yayın.”


İyirmi dördüncü fəsil: Zinakar zina etdiyi vaxt mömin olmaz.

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Zinakar zina etdiyi vaxt mömin olmaz (yəni imanı tam olmaz) və oğru oğurluq etdiyi vaxt mömin olmaz. Şərab içən içdiyi vaxt mömin olmaz.” Əbu Hüreyrə bunlara belə əlavə edərdi: “Qəsbkar insanların gözü önündə şərəfli və qıymətli bir şeyi qəsb etdiyi vaxt mömin olmaz.” Həmmamın hədisində belə deyilir: “Qəsbkar möminlərin gözü önündə qəsb etdiyi vaxt mömin olmaz.” Sonra belə əlavə etdi: “Sizdən biriniz qənimətə xəyanət (bölüşdürülmədən qənimətdən nəsə götürmək) etdiyi vaxt mömin olmaz. Diqqət edin, diqqət edin!”


İyirmi beşinci fəsil: Mömin bir dəlikdən iki dəfə sancılmaz.(Bir səhvi iki kərə etmək)

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Mömin bir dəlikdən iki dəfə sancılmaz.”


İyirmi altıncı fəsil: İmanda vəsvəsə.

Əbu Hüreyrə (r.a) belə demişdir: “Peyğəmbərin (s.a.v) yanına səhabələrindən bir neçə insan gəlib ondan belə soruşdular: “Bizdən biri nəfsimizdə elə şeylər düşünürük ki, onu dilimizə gətirməyi əzəmətli bir (günah) şey sayırıq.” O belə soruşdu: “Artıq düşünmüsünüz?” “Bəli” deyə cavab verdikdə, O belə dedi: “Açıq-aydın iman budur.”

İyirmi yeddinci fəsil: Ən böyük günah Allaha şərik qoşmaqdır.

Əbdər-Rəhman ibn Əbu Bakradan, o da atasından (r.a) belə dediyi rəvayət olunur: “Peyğəmbərin (s.a.v) yanında idik. Bizə: “Sizə ən böyük günahı deyimmi?” deyə üç dəfə təkrar etdi: “Allaha şərik qoşmaq, valideynin üzünə ağ olmaq və yalançı şahidlik (və ya yalan söz demək).” Rəvayətçi deyir: “Peyğəmbər dirsəklənmişdi, bunları dedikdən sonra qalxıb oturdu, bu sözü o qədər təkrarladı ki, biz: “Kaş ki o – susaydı.” dedik.”

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Yeddi böyük günahdan çəkinin! Səhabələr soruşdular: “Ey Allahın Elçisi, onlar hansılardır?” Peyğəmbər (s.a.v) buyurdu: “Allaha şərik qoşmaq, sehr etmək, haqsız yerə Allahın qanını haram buyurduğu insanı öldürmək, sələm yemək, yetimin malını yemək, qızğın döyüş meydanından qaçmaq, namuslu, iffətli və zinadan bixəbər mömin qadınlara böhtan atmaq.”


İyirmi səkkizinci fəsil: Məndən sonra dönüb bir-birinin boynunu vuran kafirlərdən olmayın.

Abdullah ibn Ömər (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Vay olsun sizin halınıza (və ya vayl (Cəhənnəmdə yer adı) olsun sizə). Məndən sonra dönüb bir birinin boynunu vuran kafirlərdən olmayın.”

İyirmi doqquzuncu fəsil: Kim atasından imtina edərsə o küfr edər.

Əbu Osman belə rəvayət edir: “Ziyada nəsəb iddia olunduğu bir zamanda Əbu Bəkrə (r.a) ilə qarşılaşdım, belə dedim: “Siz nə edirsiniz? Səad ibn Əbu Vaqqasın belə dediyini eşitmişəm: “Bu iki qulağım Peyğəmbərin belə dediyini eşitdi: “Kim İslamda atası olduğu halda, atası olmadığını bildiyi başqa birini özünə ata iddia edərsə, Cənnət ona haram olar.” Əbu Bəkrə belə demişdir: “Mən bunu Peyğəmbərdən (s.a.v) eşitdim.”


Otuzuncu fəsil: Kim bir qardaşına kafir desə.

Əbu Zər (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini eşitdiyini rəvayət edir: “Atasının kim olduğunu bildiyi halda, başqasının övladı olduğunu iddia edən küfr etmiş olar. Və hər kim onun olmayan bir şeyi iddia edərsə bizdən deyil, qoy Cəhənnəmdə özünə yer hazırlasın. Və hər kim bir kişini kafir və ya Allahın düşməni adlandırsa, o kişi belə olmadığı halda, dediyi onun özünə qayıdar.


Otuz birinci fəsil: Hansı günah daha böyükdür.

Abdullah ibn Məsud (r.a) belə rəvayət etmişdir: “Bir kişi Peyğəmbərdən (s.a.v) soruşdu: “Ey Allahın Elçisi, Allah qatında hansı günah daha böyükdür? O: “Səni yaratmış olan Allaha şərik qoşmağın” deyə cavab verdi. O yenə soruşdu: “Sonra hansı?” Peyğəmbər (s.a.v) : “Səninlə bərabər yemək yeməyinə şərik olmağından qorxaraq övladını öldürməyin” deyə cavab verdi. O: “Sonra hansı?” deyə soruşdu. Peyğəmbər : “Qonşunun zövcəsi ilə zina etməyin” deyə cavab verdi. Sonra Allah-Təala bunun təsdiqini nazil etdi: “Onlar Allahla yanaşı, başqa bir Tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. (“əl-Furqan” / 68)”


Otuz ikinci fəsil: Allaha şərik qoşmayaraq ölən hər bir kəs Cənnətə daxil olar.

Cabir ibn Abdullahdan (r.a) : “Bir kişi Peyğəmbərin (s.a.v) yanına gələrək belə soruşdu: “Ey Allahın Elçisi, iki vacib olan şey hansıdır?” O: “Allaha şərik qoşmayaraq ölən hər bir kəs Cənnətə daxil olar. Allaha şərik qoşaraq ölən hər bir kəs Cəhənnəmə daxil olar” deyə cavab verdi.”

Əbu əl-Əsvad əd-Diyliyyədən ona Əbu Zərin (r.a) belə dediyini rəvayət edir: “Peyğəmbərin (s.a.v) yanına gəldim və O yatmışdı, əynində ağ paltar var idi. Sonra yenə gəldim. O, hələ yatmışdı. Sonra yenə gəldiyim vaxt artıq oyanmışdı. Onun yanında oturdum. Mənə belə dedi: “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur” deyən və onun üzərində ölən hər bir qul Cənnətə girər. Mən belə soruşdum: “Zina, oğurluq etsə belə?” O: “Zina, oğurluq etsə belə” deyə cavab verdi. Mən beləcə üç dəfə soruşdum: “Zina, oğurluq etsə belə?” O: “Zina, oğurluq etsə belə” deyə cavab verdi. Dördüncü dəfə soruşduqda isə belə dedi “Əbu Zərin burnu yerə dəysədə belə.” Sonra Əbu Zər “Əbu Zərin burnu yerə dəysədə belə” deyə-deyə cıxdı.


Otuz üçüncü fəsil: Qəlbində zərrə qədər təkəbbür olan Cənnətə girməz.

Abdullah ibn Məsud (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Qəlbində zərrə qədər təkəbbür olan Cənnətə girməz. Bir kişi ondan soruşdu: “Bir kişi paltarının və ayaqqabısının gözəl olmasını istəyirsə necə?” O: “Allah gözəldir, gözəl olanı sevər, təkəbbür isə haqqı inkar etmək və insanları təhqir etməkdir” cavabını verdi.”


Tarix: 24.04.2013 / 21:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 292 Bölmə: Maraqlı melumatlar